Prezidentin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

Sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələr müzakirə olunub

Source:


Sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələr müzakirə olunub

Yanvarın 10-da Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

APA-nın məlumatına görə, iclasa Azərbaycan prezidenti İlham Əliyev sədrlik edib.

Dövlət başçısı bildirib ki, iqtisadi şaxələndirmə, qeyri-neft sektorunun inkişafı 2016-cı ildə iqtisadi sahədə əsas prioritet olacaq: “Əminəm ki, bu il ərzində bu istiqamətdə daha da böyük uğurlara nail olacağıq. Ümumiyyətlə, ümumi daxili məhsulumuzun strukturu müsbətə doğru dəyişir, qeyri-neft sektorunun çəkisi artır. Bu, müsbət haldır. Neftdən asılılıq azalır, ancaq biz bu asılılığı minimum səviyyəyə endirməliyik ki, gələcəkdə neft qiymətindən asılı olmayaq. Qarşıya qoyulan vəzifə bundan ibarətdir. Hesab edirəm ki, düşünülmüş siyasət, gərgin iş nəticəsində biz buna nail ola biləcəyik. Biz bu il Azərbaycana xarici investisiyaları daha böyük həcmdə cəlb etməliyik. Düzdür, bu gün dünya miqyasında xarici investisiyalar uğrunda mübarizə aparılır, ancaq Azərbaycan xarici sərmayə üçün çox gözəl ölkədir, xarici sərmayələr qorunur. Düzdür, xarici sərmayələr daha çox neft-qaz sektoruna qoyulur, ancaq son vaxtlar qeyri-neft sektoruna da xarici sərmayə qoyuluşu müşahidə olunur. Biz çalışmalıyıq ki, xarici sərmayəni ölkəmizə, xüsusi ilə qeyri-neft sektoruna cəlb edək, O sahələrə cəlb edək ki, o sahələrin inkişafı ixrac potensialımızı gücləndirəcək və idxaldan asılılığımızı azaldacaq”.

Prezident İlham Əliyev Dövlət Neft Fondunun vəsaitlərinin qorunması, Fonddan dövlət büdcəsinə transfertlərin azaldılması, vergi bazasının genişləndirilməsi, gömrük rəsmiləşdirilməsinin gücləndirilməsi və idxal-ixrac əməliyyatlarının şəffaflığının təmin olunması, maliyyə nəzarətinin gücləndirilməsi ilə bağlı tapşırıqlar verib: “Bu kimi məsələlərə ictimai nəzarət mexanizmlərinin işə salınması əhəmiyyətlidir. 2015-ci ildə neftin qiymətinin düşməsi və manatın devalvasiyaya uğraması Azərbaycanda iqtisadi proseslərə də təsir edib. Bunun səbəbi kənarda yaranıb, neftin qiymətinin azalması iqtisadi yox, siyasi amillərlə bağlıdır”

Dövlət başçısı bildirib ki, buna baxmayaraq, Azərbaycan iqtisadiyyatı artıb, ümumi daxili məhsul 1 faizdən çox, sənaye istehsalı 2,4 faiz çoxalıb: “Qeyri-neft sənayesi isə 8,4 faiz artıb. Bu məni çox sevindirir. Çünki bu, son illər ərzində qeyri-neft sektorunun inkişafı deməkdir və aparılan islahatların nəticəsidir. Hesab edirəm ki, qeyri-neft sənayesinin 8,4 faiz artması bizim əsas göstəricimizdir”.

İlham Əliyev: “2016-cı ildə pensiya və əmək haqlarının artırılması ilə bağlı hökumət təkliflər hazırlamalıdır”.

Prezident İ.Əliyev görülən işlərlə bağlı hər rüb məlumat verilməsi ilə əlaqədar rayon icra hakimiyyətlərinin başçıları qarşısında tələb qoyub: “2016-cı ildə struktur islahatlar aparılacaq, çevik idarəetmə mexanizmləri yaradılacaq. Bununla bağlı yaxın vaxtlarda addımlar atılacaq”.

Prezident İ.Əliyev informasiya-kommunikasiya texnologiyalarının inkişafı və bu sektorda şəffaflığın təmin edilməsinin vacib olduğunu vurğulayıb: “Turizm və nəqliyyat sektorunun inkişafı diqqət mərkəzində saxlanılacaq. Nəqliyyat dəhlizlərinin səmərəli işləməsi üçün tədbirlərin görülməsi əhəmiyyətlidir. Tranzit yüklərin Azərbaycan üzərindən daşınması üçün Koordinasiya Şurası yaradılıb. Artıq Azərbaycan, Gürcüstan və Türkiyə bu dəhlizdə vahid tarif siyasəti yürüdür”.

Dövlət başçısı qeyd edib ki, Türkiyə-Rusiya münasibətlərinin kəskinləşməsindən sonra Türkiyəyə məxsus yük maşınları Orta Asiyaya gedişini asanlaşdırmaq üçün Azərbaycan öz imkanlarını işə salıb.

Bununla yanaşı, prezident i.Əliyev tikinti sahəsində açıq tenderlərin keçirilməsi, bu sahədə də şəffaflığın təmin olunması, üstünlüyün daha çox yerli şirkətlərə verilməsi, paytaxt nəqliyyatının vahid sistemə keçidinin sürətləndirilməsi, ekoloji məsələlərin həlli, yeni “Asan-xidmət” mərkəzlərinin açılması və onlara yeni səlahiyyətlərin verilməsi barədə tapşırıqlar verib.

Ana səhifəXəbərlərPrezidentin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib