Bu nümayəndə Azərbaycan Prezidentinin tapşırıqlarını yerinə yetirəcək və birbaşa ona tabe olacaq
Milli Məclis iyunun 21-də keçirilən iclasında Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına bir sıra dəyişikliklərin edilməsinə dair qanun layihəsini birinci oxunuşda təsdiqləyib.
Dəyişikliyə əsasən, Konstitusiyaya iki yeni maddə əlavə edilir, bir maddə isə çıxarılır.
Yeni maddələrdən biri Prezidentin Naxçıvanda səlahiyyətli nümayəndəliyinin yaradılması ilə bağlıdır. Bu nümayəndə Azərbaycan Prezidentinin tapşırıqlarını yerinə yetirəcək və birbaşa ona tabe olacaq.
Digər yeni maddə isə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin müəyyən hallarda, o cümlədən 31 deputatın tələbi əsasında, Prezident tərəfindən buraxılması mexanizmini tənzimləyir.
Layihədə həmçinin “Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi” anlayışını müəyyən edən 5-ci maddənin Konstitusiyadan çıxarılması nəzərdə tutulur. Bu dəyişikliklərlə icra hakimiyyəti Prezidentin səlahiyyətli nümayəndəsinə keçir və Nazirlər Kabineti birbaşa Prezidentə tabe olacaq.
Qanun layihəsinə əsasən, Ali Məclisə seçkilər Ali Məclis sədrinin təklifi əsasında Azərbaycan Prezidenti tərəfindən təyin ediləcək.
Ali Məclisin qapalı iclaslarının keçirilməsi isə Prezidentin və ya Milli Məclisin təklifi ilə mümkün olacaq.
Bu dəyişikliklər Naxçıvanın idarəetmə sistemini mərkəzi hakimiyyətə daha çox bağlayır və Prezidentin bölgədəki rolunu gücləndirir.
1995-ci ilin dekabrından Naxçıvan MR Ali Məclisinə sədrlik edən Vasif Talıbov 2022-ci ildə vəzifəsindən ayrılıb. Bu, muxtar respublikada böyük dəyişikliklərə səbəb olub.
Həmin ilin dekabrında İlham Əliyev Naxçıvana öz səlahiyyətli nümayəndəsini göndərib. Daha sonra orada bir çox vəzifəli şəxs mənimsəmə və digər ittihamlarla istintaqa cəlb olunub.
Naxçıvan Muxtar Respublikası 1924-cü ildə yaradılıb və Azərbaycanın digər əraziləri ilə quru sərhədi yoxdur. O, Türkiyə, Ermənistan və İranla qonşudur.
1990-cı illərdə Naxçıvan rəhbərliyi ilə rəsmi Bakı arasında müəyyən fikir ayrılıqları yaşanmışdı. Xüsusilə, daxili işlər naziri postuna Bakının təyin etdiyi kadrın gətirilməsi muxtar respublika rəhbərliyi tərəfindən etirazla qarşılanmışdı. Bu gərginlik Naxçıvan rəhbərliyinin təşəbbüsü ilə sona çatdı.
O dövrdə Azərbaycan prezidenti vəzifəsini Azərbaycan Xalq Cəbhəsinin lideri Əbülfəz Elçibəy icra edir və hakimiyyətdə cəmi bir il qalmışdı. Naxçıvan MR Ali Məclisinə isə həmin vaxt sonradan prezident olacaq Heydər Əliyev rəhbərlik edirdi.