Prezidentin keçmiş köməkçisinin bankına görə hansı vəzifəli şəxs dindiriləcək?

”DekaBank”a göndərilmiş sorğuya cavab gəlib

Source:


”DekaBank”a göndərilmiş sorğuya cavab gəlib

Uzun illər mərhum prezident Heydər Əliyevin, ondan sonra da İlham Əliyevin köməkçisi olmuş Tariyel Ağayevin ailə üzvlərinə məxsus “DekaBank” ASC-də 5 milyonluq mənimsəmə ittihamı ilə əlaqədar Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırma gedir. Mənimsəmədə ittiham olunub hakim qarşına çıxarılan isə bankın İdarə Heyətinin keçmiş sədri Niyazi Vəliyev və Maliyyə Departamentinin rəhbəri olmuş Bəhram Hüseynovdur. N.Vəliyev həbsdədir, B.Hüseynov isə yox.

Aprelin 18-də məhkəmədə bildirilib ki, “DekaBank”a göndərilmiş sorğuya cavab gəlib. Məktub elan olunub.

Daha sonra təqsirləndirilən şəxslərin vəkilləri Əmanətlərin Siğortalanması Fondunun icraçı direktoru Vüqar Abdullayevin əlavə şahid qismində məhkəmədə dindirilməsi barədə vəsatət qaldırıblar. Vəsatət təmin olunub.

Məhkəmə aprelin 25-də davam edəcək.

“DekaBank” ASC-nin lisenziyası 2016-cı ilin iyulunda ləğv edilib. T.Ağayevin qızlarından Sürəyya Ağayeva “DekaBank”ın Müşahidə Şurasının sədri, Lalə Ağazadə Şuranın üzvü idi. Adları çəkilən iki nəfər həm də bankın səhmdarları olub. Səhmdarlar arasında onlarla yanaşı, üçüncü bacı Vəfa Əlizadə də var. Bacıların hərəsi bankın səhmlərinin 9,99 faizinə sahib idi.

T.Ağayevin qızlarının adları zaman-zaman müxtəlif qalmaqallarda hallanıb. Ən son V.Əlizadə ilə keçmiş səhiyyə naziri Əli İnsanov arasında məhkəmə çəkişməsi gedirdi. V.Əlizadə İnsanova məxsus qarajı sabiq nazirin ailə üzvlərindən xəbərsiz tikinti şirkətinə satıb, əvəzində 50 min manat pul almışdı. Həmin vəsaitin Ə.İnsanova qaytarılması barədə məhkəmə qərarı çıxarılsa da, V.Əlizadə icra eləmirdi. Ona görə də keçmiş nazirin vəkilləri V.Əlizadənin “DekaBank”dakı səhmlərinin üzərinə həbs qoyulması tələbi ilə məhkəməyə müraciət etmişdi. Lakin məhkəmə müraciəti təmin etməmişdi.

Milyonlarla manatlıq mənimsəmədə ittiham edilib həbs olunan N.Vəliyev də T.Ağayevin qohumudur – qaynı oğludur. Bir müddət əvvəl N.Vəliyevin vəkili Adəm Məmmədov mətbuata açıqlamasında bildirmişdi ki, hüquqlarını müdafiə etdiyi şəxs T.Ağayevin sifarişi əsasında cəzalandırılıb.

2017-ci il iyunun 1-də Prezident Administrasiyasının yeni strukturu təsdiqlənərkən məlum oldu ki, 90-cı illərdən prezident köməkçisi vəzifəsində çalışan T.Ağayev yeni strukturda yer almayıb.

Ana səhifəXəbərlərPrezidentin keçmiş köməkçisinin bankına görə hansı vəzifəli şəxs dindiriləcək?