Natiq Cəfərli: ”İslahatlar nədən ibarətdir ki, belə bir mərkəzin yaradılmasına ehtiyac duyulsun?”
Qubad İbadoğlu: ”Islahatlara başlamaq və onların təhlilini aparmaq üçün Azərbaycanda kifayət qədər mərkəz”
Prezident İlham Əliyev İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.
Fərmanda qeyd olunur ki, aparılan iqtisadi islahatların əhatə dairəsinin genişləndirilməsini və bu sahədə işlərin səmərəli əlaqələndirilməsini təmin etmək məqsədilə “İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi” publik hüquqi şəxs yaradılsın.
Fərmanla “İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Nizamnaməsi” təsdiq edilir.
Müəyyən edilir ki, “İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (bundan sonra – Mərkəz) 3 nəfər üzvdən ibarət Müşahidə Şurası yaradılır, Şuranın sədrinin və üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi Azərbaycan Prezidenti tərəfindən həyata keçirilir. Mərkəzin icra orqanının funksiyalarını Mərkəzin Müşahidə Şurası tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən icraçı direktor həyata keçirir.
Fərmanı Meydan TV-yə şərh edən iqtisadçı Natiq Cəfərli belə mərkəzlərin yaradılması və araşdırmaların aparılmasını pozitiv addım hesab etsə də, islahatlar haqda məlumatın olmamasını anlaşılmaz saydı: “Əslində, islahatların paketi, yol xəritəsi açıqlanmalı, nəhayət, orta və uzun perspektiv baxımından ortalığa ciddi sənəd qoyulmalıydı. Sonra bunları araşdırmaq, təhlil etmək üçün ayrıca beyin mərkəzinin yaradılmasına ehtiyac olardı. Sadəcə, anlaşılmazlıq odur ki, islahatların özünün və hədəflərin nədən ibarət olması haqda sənəd olmadığı halda islahatları monitorinq edəcək bir qurum yaradılır. Biz indiyə qədər islahatlar paketini görməmişik, yəni islahatlar nədən ibarətdir ki, belə bir mərkəzin yaradılmasına ehtiyac duyulsun?”.
Mərkəzin fəaliyyətinin nəticə verəcəyinə gəlincə, Natiq Cəfərli xatırlatdı ki, bu tipli mərkəz illərdir İqtisadi İnkişaf Nazirliyində də fəaliyyət göstərsə də, ortalığa ciddi araşdırma qoyulmayıb: “İndiki format necə olacaq, müstəqil ekspertlərin rəyi nəzərə alınacaqmı kimi sualların cavabı qalacaqsa, mərkəzin fəaliyyətinin effektiv olub-olmaması barədə indidən fikir söyləmək çox çətindir”.
İqtisadçı Qubad İbadoğlu isə islahatlara başlamaq və onların təhlilini aparmaq üçün Azərbaycanda kifayət qədər mərkəzin oluğunu dedi: “Əgər həmin mərkəzlərdə işlər effektiv olsaydı, yeni bir strukturun yaradılmasına ehtiyac olmazdı. Məsələn, Prezident Administrasiyasının nəzdində Strateji Araşdırmalar Mərkəzi, İqtisadi İnkişaf Nazirliyində, Milli Məclisdə və bəzi universitetlərdə fərqli adlarla belə mərkəzlər var. Bu mərkəzlərin fəaliyyəti üçün kifayət qədər vəsait də ayrlılır”.
O, mərkəzin adının yaxşı səslənməsini qeyd etsə də, bu gün əsas problemin islahatların həyata keçirilməsi və icrasıyla bağlı olduğunu dedi: “İstənilən halda islahatları aparacaq hökumətin formalaşması, mütərəqqi fikirli şəxslərdən kadrların cəlb olunması çox önəmlidir. Yeni mərkəzin necə formalaşacağı, hansı kadr bazasından istifadə olunması sual doğurur. Çünki mövcud reallıq kadr islahatının aparılmasıyla bağlıdır. Kadrların formalaşması üçün də müəyyən istiqamətdə islahatlara ehtiyac var”.