Prezidentin fərmanı ilə pambığın qiyməti 10 qəpik artdı

”10 qəpiklik artım nə kəndlilərdə maraq yaradacaq, nə də problemi aradan qaldıracaq”

Source:



”10 qəpiklik artım nə kəndlilərdə maraq yaradacaq, nə də problemi aradan qaldıracaq”

İlham Əliyev pambıqçılığın inkişafına dövlət dəstəyi haqqında sərəncam imzalayıb.

“APA-Economics”in məlumatına görə, emal müəssisələrinə satılmış hər kiloqram xam pambığa görə pambıq istehsalçılarına 0,1 manat subsidiya müəyyən olunub.

Sərəncamda nəzərdə tutulan subsidiya 2016-cı ildə istehsal olunan və emal müəssisələrinə satılmış xam pambığa da şamil edilir.

Nazirlər Kabinetinə tapşırılıb ki, emal müəssisələrinə satılmış hər kiloqram xam pambığa görə pambıq istehsalçılarına subsidiyanın verilmə qaydasını Azərbaycan Respublikasının prezidenti ilə razılaşdırmaqla 15 gün müddətində müəyyən etsin, sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

Sərəncamı Meydan TV-yə şərh edən kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov bildirib ki, Azərbaycanda kəndlilərdən və fermerlərdən alınan pambığın satınalınma qiyməti qonşu ölkələrdəki qiymətdən 3 dəfə azdır:

“İranda tədarükçü təşkilat 1 kiloqram pambığı fermerdən 3 min tümənə alır. Bizim pulla 1 manat 50 qəpikdən də baha. Türkiyənin emal müəssisələri isə kəndlidən 1 kiloqram pambığı 90 sentə alır. Azərbaycanda isə bu qiymət 50 qəpikdir. İndi də 50 qəpiyin üstünə 10 qəpik əlavə olunur. 10 qəpiklik artım nə kəndlilərdə maraq yaradacaq, nə də problemi aradan qaldıracaq. Hökumət daha ciddi addım atmalıdır. Yaxşı olardı ki, bu sahədə daha ciddi gəlir əldə edən MTK-lar (İstehsalat Kommersiya MMC) gəlirlərinin bir hissəsini kəndlilər və fermerlərlə bölüşsün. Əks təqdirdə, pambıqçılıq inkişaf etməyəcək”.

Vahid Məhərrəmov

“Fermerdən pambığı dünya bazarında mövcud olan qiymətdən 4 dəfə ucuz almaq insafsızlıqdır”

Vahid Məhərrəmov prezidentin sərəncamının fermerləri qane edəcəyini düşünmür. O, bu sahədə rəqabət mühitinin yaradılmasını vacib sayır:

“Həmçinin kəndlilərə istehsal etdikləri pambığı emal etmək, yaxud onu ixrac etmək imkanı verilməlidir. Hesab edirəm ki, pambığı kəndlilərə sərf edən qiymətə sata bilmək üçün şəraitə ehtiyac var. Dünya bazarında pambığın 1 kiloqramı 1 dollar 60 sentə yaxındır. Bu bizim milli valyutayla 2 manatdan çoxdur. Deməli, dünya bazarından mövcud olan qiymətdən 4 dəfə aşağı qiymətə fermerdən pambıq almaq insafsızlıqdır və bu insafsızlığı 10 qəpiklə kompensasiya etmək mümkün olmayacaq. Hökumət qiymətlə bağlı daha ciddi addımlar atmalıdır”.

Ana səhifəAnalitikaPrezidentin fərmanı ilə pambığın qiyməti 10 qəpik artdı