”Prezidentin fərmanı gecikmiş olsa da, Azərbaycanın MSŞT-ya bərpasına yönəlib”

Samir Kazımlı: ”Prezidentin fərmanı problemləri həll etməyəcəksə, şəffaflığın artırılması imitasiya olacaq”

Source:


Samir Kazımlı: ”Prezidentin fərmanı problemləri həll etməyəcəksə, şəffaflığın artırılması imitasiya olacaq”

Prezident İlham Əliyevin hasilat sənayesində şəffaflığın və hesabatlılığın artırılması ilə bağlı imzaladığı fərman bir müddətdir sosial şəbəkələrdə və mediada müzakirə edilir.

Fərmanda təbii ehtiyatlardan əldə edilən maddi sərvətlərin ölkə vətəndaşlarının rifahı üçün idarə edilməsinin davam etdirilməsi üçün hasilat sənayesində şəffaflıq və hesabatlılıq standartlarının tətbiq edilməsi istənir.

Bütün bunların suveren dövlətlərin səlahiyyətlərinə aid olduğu qeyd olunur.

Fərmana görə,

Təbii ehtiyatlardan əldə olunan gəlirlərdən qənaətli istifadə yoxsulluğun azaldılmasına və davamlı iqtisadi inkişafa təkan verən mühüm vasitədir;


Dövlət orqanlarının fəaliyyətində, özəl sektorda və ictimai münasibətlərdə şəffаflıq və hеsаbаtlılıq stаndаrtlаrı təşviq edilməlidir;


Dövlət hasilat sənayesindən əldə olunan gəlirlərin idаrə olunması ilə bağlı vətəndаşlаr qаrşısındа hеsаbаt verməlidir;


Şəffаflığın artırılmasına müvafiq müqavilə və qаnunlаrа əməl etməklə nail olunmalıdır;


Hasilat sənаyesində fəaliyyət göstərən dövlət və özəl şirkətlər tərəfindən şəffаflığın, o cümlədən dövlətin maliyyə idarəetməsinin və hesabatlılığın gücləndirilməsi təmin olunmalıdır;


Ölkənin maliyyə şəffaflıq standartları hasilat sənаyеsində fəaliyyət göstərən bütün şirkətlərə şamil edilməlidir;


Bu sahədə şəffaflığın tətbiqində dövlət orqanları, hasilat sənаyеsində fəaliyyət göstərən şirkətlər, beynəlxalq təşkilаtlаr, mаliyyə qurumları, investorlar və qеyri-hökumət təşkilаtlаrı da dахil оlmаqlа, bütün mаrаqlı tərəflərin iştirakı təmin edilməlidir.

Hasilat sənayesində şəffaflığın və hesabatlılığın təmin edilməsi məqsədilə yaradılan komissiyaya Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov sədrlik edəcək. Komissiyanın tərkibinə energetika nazirinin müavini Natiq Abbasov, vergilər nazirinin müavini Sahib Ələkbərov, maliyyə nazirinin müavini Emin Hüseynov  və digər nazir müavinləri daxildir.

Fərmanda hesabatlılığın təşkil olunmasının bütün mərhələlərində qeyri-hökumət təşkilatları, özəl sektorun nümayəndələri və müstəqil ekspertlər ilə əməkdaşlıq etməsinin vacibliyi vurğulanıb.

Hüquq müdafiəçisi Samir Kazımlı Meydan TV-yə fərmandakı “hesabatlılığın təşkil olunmasının bütün mərhələlərində qeyri-hökumət təşkilatları, özəl sektorun nümayəndələri və müstəqil ekspertlərlə əməkdaşlıq etsin”, – cümləsinin sual doğurduğunu deyib:

Samir Kazımlı

“Maraqlıdır, hansı QHT, hansı özəl sektorun nümayəndələri və müstəqil ekspertlərlə? Hakimiyyətin apardığı repressiya siyasəti nəticəsində günahsız həbs edilmiş, Azərbaycandan didərgin salınmış, ölkədən çıxışına, bank hesablarına həbs qoyulmuş,  ermənipərəst adlandırılan QHT nümayəndələri ilə əməkdaşlıq ediləcək? Yoxsa polisin, prokurorluğun, vergi və gömrük içilərinin, bir sözlə, pis idarəçiliyin əlindən bezərək ölkədən qaçmış, eldar mahmudovlar, akif çovdarovlar tərəfindən başlarına torba keçirilən özəl sektorun nümayəndələri ilə əməkdaşlıq ediləcək? Yazdığı yazılara, verdiyi müsahibələrə, etdiyi təhlillərə görə təzyiqlərə məruz qalan müstəqil ekspertlər də bu əməkdaşlığa cəlb olunacaq? Əgər hakimiyyətin bu məsələdə xoş niyyəti varsa, öncə yuxarıda qeyd olunan problemləri aradan qaldırsın, sonra şəffaflığın və hesabatlılığın artırılması haqda düşünsün.  Əgər qeyd olunan problemlər aradan qaldırılmayacaqsa, şəffaflığın və hesabatlılığın artırılması məsələsi sadəcə bir imitasiya olacaq”.

Hüquq müdafiəçisi Oqtay Gülalıyev isə Azərbaycanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündə iştirakının tərəfdarı olduğunu, hökumətin qurumdan çıxarılması qərarını tələsik, arzuolunmaz saydı.

O, 5 aprel fərmanının bu istiqamətdəki boşluğun varlığını göstərdiyini deyir. Eyni zamanda, hökumətin Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündən çıxması qərarının tələsik və yalnış sayır:

“Prezidentin fərmanı şəffaflıq təşəbbüsüylə əlaqələrin bərpa olunmasına, bu istiqamətdə əməkdaşlığın yenidən qurulmasına addım sayıla bilər. Fərmanda qeyd olunur ki, Azərbaycanda Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün beynəlxalq standartlara uyğun həyata keçirilməsi zəruridir. O zaman sual yaranır: əgər Azərbaycan bu təşəbbüsdən çıxırsa və tələblərini yerinə yetirmirsə, söhbət hansı beynəlxalq standartların tətbiq olunmasından gedir? Ona görə də 5 aprel fərmanı gecikmiş olsa da, Azərbaycanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündə bərpasına yönəlib. Həm də bu təşəbbüslə bağlı yeni yaranan komissiyanın tərkibi əvvəlki heyətlə müqayisədə bir pillə üstündür. Əvvəlki tərkibdə Şahmar Mövsümovla birgə müvafiq nazirliklərin şöbə, idarə müdirləri, yaxud onların müavinləri təmsil olunurdusa, indi nazir müavinləri var. Bundan əlavə, təşəbbüsün tətbiqində daha geniş diapozununda əhatə edilməsi öz əksini tapıb”.

Oqtay Gülalıyev Meydan TV

Oqtay Gülalıyev deyir ki, hökumət 5 aprel fərmanıyla öz təfəkküründə formalaşdırdığı Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünü qurmaq istəyir. Ona görə indidən nəsə demək çətindir:

“Digər tərəfdən, əvvəlki formatdan fərqli olaraq ekspertlər ideyası irəli sürülür, ancaq hansı ekspertlər, onları kim müəyyənləşdirəcək, bu məsələlər açıqlanmır. Təbii hökumət Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün daha geniş sferada təmsil olunması məqsədini ortaya qoya bilər. Amma nə yaradılsa, yaxud formalaşdırılsa da, bütün bunlar Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü üzrə beynəlxalq standartların tələblərinə uyğun həyata keçirilməlidir. Bu gerçəkləşəndə 3 tərəf var: hökumət, hasilat şirkətləri və vətəndaş cəmiyyəti. Beləliklə, danışıqlar da, müzakirələr də, hesabatdan irəli gələn digər addımlar da məhz bu 3 əsas səbəb əsasında reallaşdırılmalıdır. Bu baxımdan fərman barədə nəsə demək çətindir. Zamana ehtiyac var”.

Ana səhifəXəbərlər”Prezidentin fərmanı gecikmiş olsa da, Azərbaycanın MSŞT-ya bərpasına yönəlib”