”Prezidenti inandırdılar ki, yağın qiymətini azalda bilərik”

Deputatlar: Vətəndaşların pulu qaytarılsın, “gecəqondu”lar özəlləşdirilsin, bəzi səfirliklər bağlansın, təhsil haqları ödənsin…

Source:
İlham Əliyev çörəkbişirmə zavodunun açılışında
İlham Əliyev çörəkbişirmə zavodunun açılışında
İlham Əliyev çörəkbişirmə zavodunun açılışında
İlham Əliyev çörəkbişirmə zavodunun açılışında


Deputatlar: Vətəndaşların pulu qaytarılsın, “gecəqondu”lar özəlləşdirilsin, bəzi səfirliklər bağlansın, təhsil haqları ödənsin…

“Azərbaycanda qiymət siyasəti yoxdur. İqtisadiyyat Nazirliyinin müəyyən departamenti tərəfindən müəyyən işlər görülür. Qurum qiymətlərin müəyyən mənada sabitləşdirilməsinə çalışır. Amma nəticə yoxdur. Qiymətlərin qalxmasının səbəbi nədir? Neftin qiymətini büdcədə 45 dollardan götürmüşük. Bu il ərzində neftin qiyməti orta hesabla 50-55 dollar olub. Bundan başqa, idxal-ixrac əməliyyatları üzrə müsbət saldo var. Bəs niyə qiymətlər dəyişmir? İnflyasiyanın səviyyəsi 13-14 faizdir”.

Vahid Əhmədov
Vahid Əhmədov

Bunu noyabrın 21-də Milli Məclisdə 2018-ci ilin büdcə zərfinin müzakirəsi zamanı deputat Vahid Əhmədov deyib. O bildirib ki, qiymətlərin sürətlə dəyişməsinin müəyyən bazası olmalıdır:

“Elman müəllim deyir ki, xaricdən inflyasiya idxal edirik. Yaxşı, bəs daxildə bu inflyasiyanı Azərbaycana kim idxal edir? Yağın qiyməti ilə əlaqədar cənab prezidenti guya inandırdılar ki, gömrük rüsumunu azaltmaqla yağın qiymətini azalda bilərik. Hanı bəs, yağın qiyməti aşağı düşdü? Mən dünən uşaqlarımı göndərmişəm gedib marketdə baxıblar, yenə eyni qiymətdir. Yağın qiyməti yenə 18,20,24 manat arasında dəyişir. Mən yağı misal göstərməklə bir məhsulun qiymətini misal göstərdim. Amma hamısında eyni vəziyyətdir. Hətta hörmətli nazirlərimizlə də danışanda deyirlər ki, Azərbaycanda hər şey şəffafdır. Bəs elədirsə, niyə Rəqabət Məcəlləsi qəbul olunmur? Mən hiss edirəm ki, nə Prezident Administrasiyası, nə Nazirlər Kabineti, nə də Milli Məclis bunda maraqlı deyil”.

Ölkə iqtisadiyyatı 2017-ci ildə geriləyib

Deputat Elman Rüstəmovun Azərbaycanda pul qıtlığının olmaması ilə bağlı açıqlamasını xatırladıb: “Ötən il 11,5 milyard dollar vəsait olub. İndi də 8 milyard dövriyyədə pul qalıb. Bu 3,7 milyard manat dövriyyədən çıxıb. Hanı bu pullar? Ölkə iqtisadiyyatı 2017-ci ildə geriləyib. Bunun da səbəbi pul kütləsinin azlığıdır. “Bank Standard”ı bağladılar. Bu gün 40 minə qədər insan küçədədir. Onlar əmanətini ala bilmir. Bank sistemi ölkədə dağılır. Niyə camaatın pulunu vermirlər? Özü də bu nə siyasətdir ki, durub bankları bağlayırlar? Ondansa biz onların təmərküzləşməsinin tərəfdarıyıq”.

Fazil Mustafa

Bakı böyüdükcə, Azərbaycan kiçilir

Deputat Fazil Mustafa bölgələrin inkişafı haqqında düşünməyin və Bakını yükdən azad etməyin vacibliyini də vurğulayıb:

“Türkiyədə iqtisadçıların İstanbul haqqında belə bir deyimi var: “İstanbul böyüdükcə, Türkiyə kiçilir”. Bu fikri Bakı haqqında da işlətmək olar. Bakı böyüdükcə, Azərbaycan kiçilir. Bakı ətrafındakı qəsəbələrə diqqət ayırmaq vacibdir. Bakı ətrafında dəhşətli bir “gecəqondu” strukturu yaranıb. Bu, dəhşətdir. Bakıətrafı qəsəbələrdəki mənzərə şəhərin mərkəzində görünən gözəlliklə üst-üstə düşmür. “Gecəqondular” özəlləşdirməsinə imkan yaradılmalıdır. Ya da regionda insanlar üçün şərait yaradılsın ki, paytaxta gələn insanlar regionlara qayıdaraq işlə məşğul olsun”.

F.Mustafa qeyd edib ki, bu gün regionların inkişafı üçün müəyyən addımlar atılır:

“Lakin Gəncədən başqa heç bir regionda beynəlxalq standartlara uyğun universitet qurulmayıb. Gəncədə Aqrar Universitetin modern yataqxana kompleksi var, Bakıda bir çox universitetin heç belə yataqxana kompleksi yoxdur. Biz bu gün insan kapitalından danışırıq, lakin tələbələrin təqaüdünü azaldırıq. Onların yataqxana problemini həll etməmişik”.

Siyavuş Novruzov

Banklar illərlə qazanc əldə ediblər, indi vətəndaşlara kömək etsinlər

Deputat Siyavuş Novruzov rayonların büdcəsinin formalaşması məsələsinə də toxunub. O bildirib ki, büdcəsi olan rayonlar öz hesablarına investisiya qoyub, iş yerlərinin artırılmasına kömək etməlidirlər:

“Məni narahat edən digər məsələ ölkəmizdə tikilən böyük səhiyyə, idman və digər obyektlərin işlədilməsidir. Onların fəaliyyəti üçün büdcədən pul ayrılır. Lakin biz elə işlənmə mexanimi həyat keçirməliyik ki, ora mərkəzi büdcədən maliyyə ayrılmasın.

Rayonlarda özəl məktəb və bağçaların açılması məsələsi də vacibdir. Elə imkanlı şəxslər var ki, onlar uşaqların təhsilinin yaxşı olması üçün özəl məktəbdə oxutmaq istəyirlər. Lakin onların təhsil alması üçün rayonlarda məktəb olmadığı üçün Bakıya gəlməli olurlar. Bu baxımdan hər bir rayonda ingilis dilli özəl məktəblər açılmalıdır”- deyə, S. Novruzov qeyd edib.

Deputat çıxışında kreditlərlə bağlı islahatların aparıldığını da bildirib:

“Əhali ilə Mərkəzi Bank arasında anlaşma olsa da, ortadan kommersiya bankları qazanc əldə edir. İndi həmin banklar mübahisəli kreditlərlə bağlı köməklik etsinlər. İllərlə qazanc əldə ediblər, indi vətəndaşlara kömək etsinlər. Kommersiya bankları vətəndaşların hüquqlarının qorunması istiqamətində ciddi nəzarətə alınmalıdır”.

Bəzi səfirliklər bağlansın

S.Novruzov Azərbaycanın xaricdəki bəzi səfirliklərinin bağlanmasını da təklif edib:

“Xarici ölkələrdə fəaliyyət göstərən müəyyən səfirliklərlə bağlı məsələ götür-qoy edilməlidir. Hansı ölkədə lazımdır onlar bağlanır, hansında lazım deyil orda qalır. Lakin biz səfirlikləri lazım olan ölkələrdə deyil, lazım olmayanda bağlamalıyıq”.

Zahid Oruc
Zahid Oruc

Bu gün 2 milyon nəfərin 1.8 milyard problemli krediti var

Deputat Zahid Oruc banklardakı problemli kreditlərə toxunub:

“Maliyyə naziri Samir Şərifov çıxışı zamanı “Beynəlxalq Bank” haqqında ağrılı məsələlərə toxunub. Bilirik ki, Eldar Mahmudovun bir sıra əməlləri nəticəsində bu bank bu vəziyyətə gəlib.

Bankın hesabatlarında bəzi problemləri görürük. Ancaq hesab edirəm ki, bununla bağlı daha dolğun informasiyalar verilməlidir. Bu gün 2 milyon nəfərin 1.8 milyard problemli krediti var. Ancaq təkcə “Beynəlxalq Bank”ın 2.4 milyard dollar problem öhdəlikləri var. Bu isə o deməkdir ki, dövlətə vətəndaşlardan daha çox “Beynəlxalq Bank” zərər verib”.

Gündə 500 nəfər uşaq xərçəng xəstəliyi ilə bağlı Milli Onkologiya Mərkəzinə müraciət edir

Səhiyyə sahəsində yaşanan problemlərə də toxunan Z.Oruc deyib ki, hər gün 500 uşaq Milli Onkologiya Mərkəzinə müraciət edir:

“Bunu mərkəzin baş direktoru, hörmətli Cəmil Əliyev müsahibəsində deyib. Bu uşaqların 30 faizinə xərçəng diaqnozu qoyulur. Bu da bir ay üçün 4500 uşaq deməkdir. Büdcədən səhiyyəyə ayrılan xərcləri isə dəyişməyib. Mən hər zaman demişəm ki, dövlət gedib hansısa kənddə xəstəxana tikməməlidir. Bunu özəl sektor etməlidir. Ancaq bir məsələ diqqət çəkmək istəyirəm. Professor Cəmil müəllim deyir ki, gündə 500 nəfər uşaq xərçək xəstəliyi ilə bağlı Milli Onkologiya Mərkəzinə müraciət edir. Ancaq onların hamısı xərçək xəstəsi deyil, yalnız 30 faizi bu xəstəlikdən əziyyət çəkir. 30 faiz 150 nəfər deməkdir. Əgər körpələrin xərçəngə tutulmasının səbəbləri biz böyükləriksə, bunun qarşısı hansısa bir yolla alınmalıdır”.

Deputat bəzi dövlət qurumlarının ləğvini də təklif edib. “Bir müddət əvvəl Nəqliyyat Nazirliyi ləğv olundu. Onun kiçik qəlpələri başqa bir nazirliyə tabe olundu. Amma ötən müddətdə gördük ki, nəqliyyat infrastrukturu çökmədi. Buradan belə bir nəticə çıxır ki, bəzi dövlət qurumlarının, nazirlik, komitələrin də ləğv edilməsi zamanıdır. Bunun böyük xeyrini görə bilərik”.

25 ildir ki, qəzalı binada yaşayırlar

Deputat Qüdrət Həsənquliyev bildirib ki, Bakıda 25 ildir ki, qəzalı binada yaşayan məcburi köçkünlər var:

“Allah insana nə qədər ömür verib ki? Bunlar bundan sonra nə vaxta qədər qəzalı binada yaşayacaqlar? Bu barədə ciddi düşünməliyik. İlk növbədə dövlət vətəndaşa, vətəndaş hökumətə, insanlarımiz bir-birinə nə dərəcədə hörmət, qayğı, diqqətlə yanaşırlarsa, dünya da o xalqlara hörmət edir. Ona görə də mən, hökumət üzvlərinə müraciət edərək, onları çağırıram ki, qaçqınlara, şəhid ailələrinə mərhəmət nümayiş etdirsinlər. Lazım olan vəsaiti artırsınlar. Çalışaq ki, biz, uzun illər acınacaqlı vəziyyətdə yaşayan qaçqınların, nəhayət, bir neçə il ərzində mənzil şəraitləri ilə bağlı problemlərini həll edək. Mən televiziyada bəzi süjetlərə baxmışam. Bilmirəm hökumət üzvləri bunlara baxa bilib, yoxsa yox. Elə yerlər var ki, qadınlar səhərlər kişilərlə birlikdə ayaqyolu növbəsinə dayanırlar. Bu bizim nə milli mənəviyyatımıza uyğundur, nə də xalqımıza yaraşan bir məsələ deyil. Əgər dövlətimizin imkanlarının olmasına əmin olmasaydım, bu məsələnin üzərinə təkrar qayıtmazdım. Amma mən bilirəm ki, bizim buna imkanımız çatır və bu problemi aradan qaldıra bilərik”.

Millət vəkili əlavə edib ki, tikinti sektoru üçün 4, 9 milyard manat vəsait ayrılır:

“Hesab edirəm ki, başqa sahələrdən kəsib, bu sahəyə vəsait yönəltmək olar”.

Deputat Naxçıvandakı avtomobil zavodunun rekonstruksiya olunaraq elektriklə işləyən avtomobil zavodu yaradılmasını təklif edib.

Təhsilə Yardım Fondu yaradılmalıdır

Deputat Aydın Mirzəzadə bildirib ki, təhsil kreditləri ilə bağlı məsələ də neçə illərdir ki, müzakirə mövzusudur. “Təhsil Nazirliyi də bununla bağlı müvafiq addımlar atır. Bu gün Azərbaycanda 162 min tələbə təhsil alır. Amma mənim bildiyim qədər ötən il ərzində cəmi 200 tələbə kredit imkanından yararlana bilib. Mətbuatdan əldə etdiyim məlumata görə, 7 min tələbə isə təhsil haqqını ödəyə bilmədiyi üçün ali təhsil dalınca gedə bilməyib. Bu, çox böyük və narahatedici göstəricidir. Ona görə də bu məsələni həll etmək üçün Təhsilə Yardım Fondu yaradılmalıdır. Bunun məlum problemin həllinə çox böyük xeyiri olar”.

Deputat Hikmət Məmmədov bildirib ki, son illrədə artmaqda olan autizm sindromlu uşaqların müalicəsi kifayət qədər maliyyə tələb edir:

“Əgər sağlam gələcəyimizi düşünürüksə, bu problemin həlli üçün mərkəzlər yaradılmalı, dövlət autizm xəstəliyinə düçar olmuş uşaqların müalicəsinə, rebilitasiyasına ciddi dəstək verməlidir”.

O həmçinin valideynlərinin hər ikisi əlil olan tələbələrin təhsil haqqından azad edilməsi məsələsinə də toxunub:

“Valideynlərinin hər ikisinin I və ya II qrup əlil olan tələbələr təhsil haqqından azad edilməsi dövlət büdcəsi hesabına edilməyə də bilər. Bunu ali məktəblər özləri də edə bilərlər”.

Elmira Axundova foto Milli Məclis

Sakinlər köçmək istəmədikləri halda, zorla evlərindən çıxarılırlar

Deputat Elmira Axundova əmlak sahəsindəki problemlərə toxunub:

“Təbriz, İzmir və digər mərkəzi küçələrdə yerləşən, sakinlərin yaşayışı üçün heç bir təhlükə yaratmayan evlər sökülür və bu halda ev sahiblərinin mülküyyət hüquqları ciddi şəkildə pozulur. Heç də hamı bu evlərdən köçmək istəmədiyi halda onları çox vaxt mənzillərdən məcburən çıxardaraq evləri sökməyə başlayırlar. Hətta KİV-dən öyrəndik ki, məsələn, Nərimanov rayonunda Mədəniyyət Nazirliyinin himayəsində olan arxitektur binalar sökülür. Halbuki sökmək üçün Bakıda, məsələn, mikrorayonlarda nə qədər istəsəniz tam yararsız hala düşən, öz ömrünü artıq çoxdan başa vuran “xruşşovka” deyilən binalar vardır. Biz hələ görməmişik ki, bu “xruşşovka”ların biri sökülsün. Əvəzində Bakının görməli yerlərində, nisbətən təzə evlər sökülməkdədir. Bilirsiniz, İslam dinimiz mülkiyyəti müqəddəs elan edir. Konstitusiyamızda da mülkiyyət hüququna Azərbaycan dövləti təminat verir. Ona görə də, insanın mülkiyyət hüquqları bütün mənalarda qorunmalı və tanınmalıdır. O cümlədən, əgər biz istəyiriksə həm yerli, həm də xarici sahibkarlar ölkəmizə investisiya qoymaqdan çəkinməsinlər, bu halda mülkiyyətçilərin əmlaklarının əlindən geri alınması prosesi birmənalı olaraq qadağan edilməlidir”.

2018-ci ilin büdcə müzakirələri noyabrın 22-23-də davam edəcək.

Ana səhifəXəbərlər”Prezidenti inandırdılar ki, yağın qiymətini azalda bilərik”