Prezidenti alçaldan, təhqir edən cinayət məsuliyyətinə cəlb ediləcək

”Hökumətin internet üzərindən olan tənqidlərə dözümü tükənir”

Source:


”Hökumətin internet üzərindən olan tənqidlərə dözümü tükənir”

İnternet informasiya məkanında prezidentin şərəf və lәyaqәtini ləkələmə və ya alçaltma cəhdi cinayət məsuliyyəti yaradacaq.

APA yazır ki, bununla bağlı baş prokuror Zakir Qaralov noyabrın 15-də Cinayət Məcəlləsinin 323.1-ci maddəsinə əlavələrin edilməsi ilə bağlı Milli Məclisə təklif göndərib.

Layihəyə əsasən, bu maddədə “və ya kütləvi informasiya vasitəsində” sözləri “kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında” sözləri ilə əvəz edilir. Buna görə qüvvədə olan sanksiya 500 manatdan 1000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri, eyni müddətə azadlıqdan məhrum etmə nəzərdə tutur. Qanuna 323.1-1 maddəsinin əlavə olunması da təklif edilir. Maddədə deyilir: “323.1-ci maddədə nəzərdə tutulmuş əməllər internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə törədildikdə, 1000 manatdan 1500 manata qədər cərimə və ya 3 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

Hüquqşünas Ələsgər Məmmədli bu barədə öz “Facebook” səhifəsində yazıb ki, təqdim olunma təşəbbüs başlı-başına yeni “niyyətlərdən” xəbər verir. Qanunvericilikdə təhqirə görə cinayət cəzasının nəzərdə tutulmasını Avropa İnsan Hüquqları Məhkəməsi öncə 2007-ci ildə “Mahmudov-Ağazadə Azərbaycana qarşı” işdə, sonra 2010-da isə “Fətullayev Azərbaycana qarşı” işdə qəbuledilməz hesab edərək, hökumətə bunun dekriminallaşdırılmasını təxirəsalmadan reallaşdırmağı tövsiyə edib:

“Azərbaycan Hökuməti 2011-ci ildə Milli Fəaliyyət proqramına diffomasiya haqqında Qanunun qəbulu məsələsini daxil etsə də, bunu icra etməyərək Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinə interneti də əlavə edərək, maddənin əhatəsini genişləndirdi və Diffamasiya haqında Qanunun qəbulunu rəfə qaldırdı. Maraqlıdır, bir neçə ay öncə Avropa Şurası ilə hökumət yenə bir masa arxasına gələrək uzun fasilədən sonra diffomasiyanın dekriminallaşdırılması məsələsini ictimai müzakirəyə çıxardılar. Arxasından bu gözlənilməz təklif gəldi və artıq Cinayət Məcəlləsində diffomasiyaya görə məsuliyyət müəyyən edən maddələrin sayı dördə çıxarılır”.

Hüquqşünas düşünür ki, indi 323-cü maddəyə “kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında” sözünün əlavə olunması mövcud olan qadağanı bir daha xatırladır və psixoloji basqı yaradır:

“Milli Məclisin informasiya məsələləri ilə məşğul olan məsul şəxslərinə bir çağırışım var. Qanunlar ona görə qəbul edilir ki, tətbiq edilsin. Bunu qəbul edən qurum kimi Milli Məclis də hər kəsdən daha ciddi bu qanunların icrasına əməl etməlidir. 2005-ci ildə qəbul olunan İnformasiya əldə etmək haqqında Qanunun 29-cu maddəsi bütün informasiya sahiblərinin üzərinə vəzifə qoyur:

Maddə 29. İnformasiya sahibinin informasiyanı açıqlamaq vəzifəsi 29.1.10. normativ hüquqi aktların layihələri razılaşdırmaya və ya təsdiq olunmağa göndərildiyi andan; – İnternet informasiya ehtiyatlarında da açıqlamalıdır.

Bu gün Cinayət Məcəlləsinə bir neçə dəyişiklik təklifi mediaya təqdim edilib. Lakin MM-in saytında tapılmır. Lütfən, qanuna hörmət edin, layihələrin mətnini saytda yerləşdirin”, – deyə Ələsgərli fikrini tamamlayıb.

Rəşid Hacılı foto sosial şəbəkə
Rəşid Hacılı foto sosial şəbəkə

Hüquqşünas Rəşid Hacılı isə hesab edir ki, bu təklif də cənab Qaralovun əvvəlki təklifi kimi hələlik hökumət orqanlarından birinin söz azadlığı ilə bağlı xoş olmayan niyyətinin göstəricisi kimi qiymətləndirilməlidir. Həm də dövlət başçısının defamasiya qanunvericiliyi ilə bağlı verdiyi bəyanata əksdir:

“İkincisi, bu təklif prezidentin şərəf və ləyaqətini ayrıca qoruyan qanunla bağlıdır. Bu maddə isə ümumiyyətlə anaxronizmdir. Yalnız avtoritar və diktator ölkələrin qanunvericiliyində saxlanır. Yaxşı olan odur ki, uzun illərdir tətbiq edilmir. İndi bu maddəyə dəyişiklik edilməsi, əhatə dairəsinin genişlənməsi, cəzaların sərtləşdirilməsi təklifi yaxşı heç nəyə xidmət etmir. Həm də qanunvericilik məqsədləri baxımından tam səmərəsizdir. İndiki qanunu anonim müəlliflərə tətbiq etmək mümkün olduğu halda, yeni maddə təklifinə ehtiyac olduğu bəlli deyil”.

Rəşid Hacılı deyir ki, burada bir şey aydındır ki, hökumətdə internet üzərindən yayılan xəbərlərə, tənqidlərə dözüm tükənir və onu nəzarət altına almaq üçün məntiqli-məntiqsiz, səmərəli-səmərəsiz təkliflər və çağırışlar paradına başlayıb.

Ana səhifəXəbərlərPrezidenti alçaldan, təhqir edən cinayət məsuliyyətinə cəlb ediləcək