Ali Məhkəmə prosesi qeyri-müəyyən vaxta qədər təxirə salıb
Azərbaycanda prezidentə sui-qəsd hazırlamaqda və “Eurovision 2012” ərəfəsində terror aktları həyata keçirməyi planlaşdırmaqda təqsirləndirilən Samir Sanıyev və digərləri Ali Məhkəməyə müraciət ediblər.
Bu barədə Meydan TV-yə təqsirləndirilən şəxslərdən Mehdi Padarovun vəkili Fariz Namazlı məlumat verib. Fariz Namazlı bildirib ki, müdafiə etdiyi şəxslə bağlı apellyasiya qərarından Ali Məhkəməyə kassasiya şikayəti veriblər: “Biz şikayət verərək, onun barəsində bəraət hökmünün çıxarılmasını istəmişik. Daha sonra təqsirləndirilən şəxslərdən Samir Saniyev və digər bir neçə nəfər də kassasiya şikayəti ilə məhkəməyə müraciət etdilər. Buna görə bütün şikayətlərə birlikdə baxılması haqqında məhkəmə qərar qəbul edib. Fevralın 25-də həmin məsələ ilə bağlı Ali Məhkəmədə proses keçirilib. Növbəti məhkəmə prosesi isə qeyri-müəyyən vaxtadək təxirə salınıb”.
F. Namazlı təqsirləndirilən şəxslərdən bir neçəsinin kassasiya şikayəti vermədiklərini də bildirib.
Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi (MTN) “Eurovision” mahnı yarışması ərəfəsində Bakıda və ölkənin bəzi regionlarında keçirdiyi əməliyyatlar barədə 2012-ci il mayın 30-da rəsmi məlumat açıqlayıb.
Nazirliyin yaydığı məlumatda Zaqatalanın Aşağı Tala kənd sakini olmuş Vüqar Padarovun rəhbərlik etdiyi silahlı birləşməyə qarşı həyata keçirilmiş əməliyyatın detalları yer alıb. Bildirilir ki, xüsusi təlim keçmiş silahlı birləşmənin məqsədi Azərbaycanın bir sıra bölgələrində silsilə terrorçuluq hərəkətləri törətmək, əhali arasında çaşqınlıq və vahimə, etnik və dini zəmində qarşıdurma yaratmaq, sabitliyi pozmaq və beynəlxalq aləmdə respublikanın nüfuzuna xələl gətirmək olub. MTN terror planlarının qarşısını almaq üçün Bakı, Gəncə, Sumqayıt, Qax, Zaqatala, Şəki, Qusar, Abşeron, Xaçmaz və Şabranda irimiqyaslı əməliyyatlar keçirib. Bir sıra hallarda dəstə üzvləri tərəfindən silahlı müqavimətin qarşısı alınıb, o cümlədən Vüqar Padarov məhv edilib, silahlı birləşmənin əksər üzvləri tərk-silah edilərək tutulublar. Qeyd olunub ki, təhlükəli transmilli cinayətkar silahlı birləşmənin əsas məqsədlərindən biri “Eurovision-2012″ mahnı müsabiqəsi ərəfəsində və keçiriləcəyi zaman Bakıda terror-təxribat aksiyalarını törətmək, kütləvi şəkildə adamların həlak olması məqsədilə partlayışlar və silahlı basqınlar təşkil etmək olub. MTN yarışma ərəfəsində Azərbaycan vətəndaşları və xarici qonaqlar arasında narahatlıq və vahimə yaratmamaq üçün transmilli cinayətkar silahlı birləşmənin qəddar planları barədə həmin dövrdə ətraflı məlumat verməyib.
“Dəstənin üzvlərinin zərərsizləşdirilməsi məqsədilə 2012-ci il may ayının 16-da Bakı şəhərinin Nizami rayonunda keçirilən antiterror əməliyyatı zamanı silahlı birləşmənin üzvlərindən biri – Azərbaycan vətəndaşı Hüseynov Timur Ruslan oğlu MTN xüsusi təyinatlıları ilə atışmada məhv edilib. Əməliyyatın gedişində MTN-in 2 əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Əməliyyat zamanı dəstənin rəhbərlərindən biri, beynəlxalq terrorçu şəbəkə tərəfindən Azərbaycanda terrorçuluq aksiyalarının törədilməsi üçün Vüqar Padarovla eyni dərəcədə səlahiyyət verilərək “əmir” təyin edilmiş “Əbu Ubeydə” ləqəbli Saniyev Samir Fəxrəddin oğlu aradan çıxa bilib. Samir Saniyev ölkəni tərk etmək istəyərkən Qazax rayonunda polis işçilərinə silahlı müqavimət göstərib, tapançadan atəş açaraq polis nəfərini yaralayıb. Samir Saniyev tərk-silah edilib, ondan bir ədəd “Steçkin” markalı tapança, ona aid 40 patron və 2 daraq götürülüb.
“Baku Crystal Hall”da və Dövlət Bayraq Meydanında irimiqyaslı partlayış planı
Samir Saniyev öz növbəsində rəhbərlik etdiyi silahlı qrupun üzvləri ilə birlikdə Bakı şəhərində əcnəbilərin daha çox olduqları və qaldıqları yerlərdə, o cümlədən “Hilton Baku” və “JW Marriott Hotel Absheron” və digər mehmanxanalarda, eləcə də hər vəchlə biletlər əldə etməklə “Eurovision-2012″ mahnı müsabiqəsinin keçiriləcəyi ”Baku Crystal Hall”da və Dövlət Bayraq Meydanında irimiqyaslı partlayışlar törətməyi planlaşdırıb” – məlumatda deyilir.
Dəstə üzvləri Azərbaycan prezidentinə sui-qəsd planlaşdırmaqda da ittiham olunurlar. Belə ki, prezident İlham Əliyev 2012-ci aprelin 12-də ölkənin şimal-qərb bölgələrinə-Tovuz, Qazax, Ağstafa rayonlarına səfər edib. Dəstə üzvləri həmin səfər zamanı sui-qəsd həyata keçirməyi də planlaşdırıblar.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Samir Sanıyev və daha iki nəfər ömürlük, digər şəxslər isə 9 ildən 15 ilədək müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən verilən apellyasiya şikayəti isə təmin edilməyib.