Bayıl sakinləri avtoyuma mərkəzindən şikayətçidilər
“Düz həyətimizin ortasında avtomobil yuma mərkəzi açıblar. Bütün günü səs-küy, yüksək səsdə mahnı və siqnal. Yaşayışımıza nifrət edirik. Hara müraciət edirik, xeyri yoxdur”, Səbail rayonunun, Bayıl qəsəbəsində yerləşən Xanlar Səfərəliyev 36 ünvanının sakinləri belə yazıblar.
Sakinlər problemləri ilə bağlı Meydan TV-yə müraciət ediblər. Bildiriblər ki, bir neçə il bundan əvvələ qədər məhəllənin ümumi hamamı və ayaqyolusu olub. Cəlilabad rayonundan olan bir nəfər qonşu həmin hamamı təmir etmək adı ilə akt tərtib edib. Sakinlərə də imzaladıb. Sonradan isə hamamı söküb, yerində özünə qaraj tikdirib.
“Gələn maşınların, səs-küyün əlindən təngə gəlmişik”
“Bizi aldatdı ki, hamamı təmir etdirəcəm. Hamımızın razı olduğuna dair akt tərtib edib, qonşulara imzalatdı. Sonra yerində özünə qaraj tikdi. Biz yenə heç nə demədik. Ancaq son 2 ildə həmin qarajı avtoyumaya çevirib. Bu isə lap ağ oldu. Axı məhəllədə tək o yaşamır. Təsəvvür edin, gün ərzində bu kiçik həyətə nə qədər maşın gəlib-gedir”.
Sakinlər gün ərzində məhəlləyə gələn çoxsaylı avtomobil və səs-küydən narahat olduqlarını deyirlər:
“Qarşıdan yay gəlir. Yenə indi qapı-pəncərə örtülü olur. Yayda, ümumiyyətlə, heç yeri aça bilməyəcəyik. Biz evimizin içində belə şeylərin olmasını istəmirik”.
“Həyət qapımızın ağzı tutulub və biz maşınımızı həyətə sala bilmirik”
Sakinlər bildirirlər ki, bütün bu səs-küy, nəmişlik azmış kimi, bir də ümumi həyətin qapısını bağlayıblar: “Çölə böyük qapılar açıblar. Nəticədə, həyət qapımızın ağzı tutulub və biz maşınımızı həyətə sala bilmirik. Uzun illər qonşularla həyətin hamamını geri qaytarmaq uğrunda mübarizə apardıq. Ancaq heç bir işə yaramadı”.
Sakinlər həyətin hamamını söküb yerində avtoyuma açan ailəylə bağlı əvvəlcə polisə sonra isə Səbail Rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinə müraciət ediblər. Ancaq məktublarına cavab ala bilməyiblər:
“Danışanda deyirlər ki, “bilirsiz bizim arxamızda kimlər dayanır?” Nə edək indi, onların arxasında dayanan var deyə bizim həyatımızı məhv etməlidirlər? Nolar insanın arxasında dayananı olmayanda? Elə həmin insanlar əzilməlidir? Bizim də arxamızda dövlət dayansın”.
“Səbail Rayon İcra Hakimiyyəti baxmadı şikayətimizə”
Sakinlər deyirlər ki, məhəlləyə təcili yardım maşını belə gələ bilmir. Çünki avtoyuma yolu bağlayıb:
“Biz şikayətçiyik, narahatıq. İmkan vermirlər yaşayaq. Yerin sahibinin bir əmisi var. Adının Müqəddəs olduğunu eşitmişik. O adam hər kimdirsə, necə tapşırıbsa, o ailəyə toxunmur kimsə. İcra hakimiyyəti də ona görə baxmadı şikayətimizə. Onlar toxunulmazdır, dəymək olmaz. Ancaq bu qədər insan narahatdır, şikayətçidir, qoy olsunlar”.
“Cənab prezident, arxamızda dövlətin olduğunu göstərin”
Sakinlər son ümidlərini prezidentə bağlayıblar. Onlar Meydan TV vasitəsilə İlham Əliyevə müraciət edirlər:
“Onların arxasında prokuror əmiləri var. Ona görə istədiklərini edir, 10-a yaxın ailənin gününü qara edirlər. Bizim də arxamızda dövlətin olduğunu göstərin. Bizə kömək edin, cənab prezident”.
İcra Hakimiyyəti: “Sakinlər ərizə ilə müraciət etsinlər, işə yenidən baxaq”
Səbail rayon İcra Hakimiyyətindən dedilər ki, problem barədə məlumatlıdırlar: “Həmin məsələ əvvəlki icra başçısı dövründən var. Bilirsiniz ki, Eldar müəllim hələ yenidir. Həmin yerdə əvvəllər qaraj olub. Sonradan onu avtoyuma mərkəzinə çeviriblər. Orda avtoyumanın olmasına əvvəlki icra başçısı icazə verib. Əgər sakinlər narazıdırlarsa, icra hakimiyyətinə ərizə ilə müraciət etdinlər. Məsələyə yenidən baxılsın”.