Prezidentə istefa tələb edən ictimai fəal haqqında hökm çıxarıldı

“Adama olmadığı halda “koronavirus xəstəsi” demək ayrı bir işgəncədir”

Source:


“Adama olmadığı halda “koronavirus xəstəsi” demək ayrı bir işgəncədir”

Bir neçə il əvvəl ağzını tikməklə polislərə qarşı etiraz aksiyası keçirən, 2020-ci ilin iyulunda isə prezident İlham Əliyevə istefa tələbilə etiraz aksiyası keçirməyə gedərkən həbs olunan ictimai fəal Nicat İbrahim haqqında hökm verilib. Nəsimi Rayon Məhkəməsində hakim Elməddin Hüseynovun sədrliyilə çıxarılan hökmə əsasən, o, 1 il 3 ay azadlıqdan məhrum edilib.

Hökmdən əvvəl prokuror çıxış edərək, Nicad İbrahimə 1 il 6 ay həbs cəzası istəyib. Prokuror Nicad İbrahimə qarşı Cinayət Məcəlləsinin 139-1.1 maddəsilə irəli sürülmüş ittihamın məhkəmədə sübuta yetirildiyini bildirib. İddia olunur ki, ictimai fəal koronavirus daşıyıcısı olduğu halda, küçəyə çıxıb, başqalarının həyatına təhlükə yaradıb.

Vəkil Zibeydə Sadıqova isə bu ittihamın əsassız olduğunu, məhkəmədə də təsdiqlənmədiyini deyib. Vəkil məhkəmədə dindirilmiş polis əməkdaşlarının ifadələri arasındakı ziddiyyətləri sadalayaraq, yalan ifadə verməyə görə onların haqqında xüsusi qərar çıxarılmasını istəyib: “Polislər deyir ki, Nicad İbrahimin koronavirus daşılyıcısı olması haqda əməliyyat məlumatı vardı, bunun əsasında onu saxlayıblar. Müstəntiq isə ittiham aktında yazıb ki, polislər xidmət apararkən onu karantin rejimi qaydalarını pozmağa görə saxlayıblar. Fotolardan da görünür ki, o, karantin rejimi qaydalarını pozmayıb, ağzında maska, əlində əlcək, küçəyə çıxmaq üçün də SMS-icazəsi də olub. O, evdən çıxıb Prezident Administrasiyasının qarşısında etiraz aksiyası keçirməyə gedərkən saxlanılıb. Bunun şahidi olan jurnalistlər də var. Deyirlər, əməliyyat məlumatı olub. Hansı məlumatdan söhbət gedir? Nicad İbrahimin saxlanılana qədər COVİD daşıyıcısı olması barədə heç bir sübut yoxdur. Əgər koronavirus daşıyıcısı idisə, niyə dərhal həkimlə təmin olunmayıb? İki gün polis idarəsində heç bir qoruyucu paltar olmadan saxlanılıb?”

Vəkil əlavə edib ki, hətta ittiham əsaslı olsaydı belə, nəzərə almaq lazımdır ki, Nicad İbrahim 8 aydır həbsdədir, himayəsində iki azyaşlı uşağı var, evin yeganə qazanc gətirənidir. Kimisə koronavirusa yoluxdurması haqda heç bir sübut da yoxdur.

İctimai fəal özü də son sözündə günahsız olduğunu vurğulayaraq, azadlığa buraxılmasını istəyib. O bildirib ki, koronavirusa yoluxmayıb, ittiham da əsassızdır. Prezident Administrasiyasının qarşısında aksiya keçirməyə keçərkən saxlandığını deyən Nicad İbrahim bildirib ki, illərdir hüquqları pozulur, buna etirazını bildirmək istəyirdi: “Mən çox qanunsuzluqlara məruz qalmışam. Günahsız həbsdə olmaq da çox ağırdır. Elə vəziyyətə gəlmişəm ki, bundan sonra nə olsa da, səsimi çıxarmayacam. Çünki iki körpə uşaq başsız qalıb. Qaz yoxdur, yaşadığımız yeri qızdırmaq üçün odunu da mən gətirirdim. Mən həbs olunandan sonra atam vəfat etdi, yasda iştirak etməyə də imkan vermədilər. Adama olmadığı halda “koronavirus xəstəsi” demək ayrı bir işgəncədir. Çox qorxmuşdum. Məni polis idarəsindən aparanda ayaqlarım pilləkənləri qalxmırdı. Elə bilirdim məni konslagerə aparırlar…”

Hakim onun dediklərini özünümüdafiə kimi qiymətləndirib.

Nicad İbrahim həbsindən iki gün əvvəl – iyulun 18-də “Facebook” hesabından aksiya keçirəcəyini elan edib: “İyulun 20-si saat 14:00 – da Prezident Administrasiyasının qarşısında İlham Əliyevə istefa tələb edəcəm! Bütün xalqı dəvət edirəm! Heç kim gəlməsə belə, mən tək gedəcəm və İlham Əliyevin istefasını tələb edəcəm! Əgər hamı gəlsə, bu, xalq etirazına çevriləcək və İlham Əliyev başda olmaqla, 27 illik antimilli diktatura rejimi xalqın qarşısında diz çökəcərək istefa verəcək…”

O, iyulun 20-də aksiya keçirməyə getmək adıyla evdən çıxıb və az sonra saxlanılıb.

Ana səhifəXəbərlərPrezidentə istefa tələb edən ictimai fəal haqqında hökm çıxarıldı