Prezidentdən kömək istəyən qadının evi yandı

“Hara gedirəm səsimi eşitmirlər”

Fevralın 20-də İmişli rayonunun Mirili kənd sakini Məhrubə Babaşovaya məxsus ev yanıb. Bu barədə Meydan TV-yə M.Babaşovanın qonşuları məlumat veriblər. Hadisənin elektrik qısaqapanması nəticəsində baş verdiyi bildirilir. Yanğın 3 otaq və zaldan ibarət evi yararsız hala salıb.

Qonşularının sözlərinə görə, onsuz da imkansız olan ailə artıq evini də itirib.

6 uşaq anası olan M.Babaşovanın yeganə oğlu xəstəlikdən əziyyət çəkir. İki il öncə qadın media vasitəsilə prezidentə müraciət edərək ondan kömək istəmişdi. O, ötən əsrin 60-cı illərində tikilən evinin 2010-cu ildə çay daşqınları zamanı həftələrlə suyun içərisində qaldığını və bu üzdən də yararsız hala düşdüyünü deyirdi.

Heç kimin kömək etmədiyini söyləyən M.Babaşova oğlunun və özünün aldığı pensiyanın ümidinə qaldıqlarını söyləyirdi:

“Gücüm çatmır oğlumu həkimə aparım. Evim də uçur. Hara gedirəm səsimi eşitmirlər, mənə heç kim baxmır. Mehriban xanımdan, İlham Əliyevdən xahiş edirəm, mənim evimin tikilməsinə kömək etsinlər”.

Ana səhifəVideoPrezidentdən kömək istəyən qadının evi yandı