“Azərbaycanda bir çox ölkələri incidən, boğan işsizlik problemi yoxdur”
“Azərbaycanda işsizliyin və yoxsulluğun səviyyəsi daha da aşağı düşəcək”.
Bunu Qaxda barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
Məlumatı president.az saytı yayımlayıb.
“Sosial infrastruktur yaradıldı, 3 mindən çox məktəb, 600-dən çox xəstəxana, bölgələrdə 50-yə yaxın Olimpiya İdman Kompleksi tikildi”, – İlham Əliyev belə deyib.
Prezident yeni iş yerlərindən, sahibkarlığa ayrılan kreditlərdən də danışıb:
“Sahibkarlara verilən kreditlər hesabına yüz minlərlə yeni iş yeri yaradılıb. Bütövlükdə 2004-cü ildən bu günə 1 milyon yarım iş yeri açılıb. Bunun böyük əksəriyyəti daimidir. Demək olar ki, hazırda Azərbaycanda işsizlik kimi bir çox ölkələri incidən, boğan sosial amil yoxdur. İşsizlik 5 faiz səviyyəsindədir. Bu gün işləmək istəyən özü üçün iş tapa bilər. Son iki il ərzində xüsusilə kənd təsərrüfatı, sənaye sahələrində çox böyük işlərin görüldüyünü nəzərə alsaq, Azərbaycanda işsizliyin və yoxsulluğun səviyyəsi daha da aşağı düşəcək. Biz xalqımızı, dövlətimizi bu böyük bəlalardan qurtara bildik”, – deyə o vurğulayıb.
İqtisadçı Nemət Əliyev bir müddət öncə prezidentin oxşar çıxışı ilə bağlı Meydan TV-yə bildirmişdi ki, yeni iş yerləri ilə bağlı səslənən rəqəmlər həm populist, həm də konkret siyasi məqsədlər güdür:
“Yeni iş yerlərinin açılmasını inkar etmirəm. Amma bunun üzərində manipulyasiya edib işsizlik səviyyəsinin azalması haqda fikir yaratmaq bağışlanmazdır. Dövlət Statistika Komitəsinin məlumatları göstərir ki, 2004-cü ildən sonra açıqlanan milyondan çox yeni iş yeri hesabına ölkədə işsizlik səviyyəsi azalmayıb. Hətta bu səviyyə 2004-cü ildən əvvəlki dövrdən də yüksəyə qalxıb. Ona görə də yeni iş yerləri barədə ictimaiyyətə çatdırılan fikirlər çaşqınlıq yaratmaqdan başqa bir şey deyil”.