”Minimum pensiyanın səviyyəsinə görə Azərbaycan MDB məkanında ikinci yerdədir”
Fevralın 25-də Prezident İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı müşavirə keçirilib.
İlin birinci ayının sosial-iqtisadi göstəriciləri haqda danışan ölkə başçısı deyib ki, aparılan islahatlar öz gözəl nəticələrini verir:
“2018-ci il dərin iqtisadi islahatlar ili olub, xüsusilə prezident seçkilərindən sonra islahatların yeni mərhələsinə təkan verilib. 2017-ci il isə iqtisadi sabitləşmə ili idi. Biz 2017-ci ildə iqtisadi sabitliklə bağlı çox önəmli addımlar atmışıq. Bu, bizə imkan verdi ki, 2018-ci ildə çox ciddi islahatlara başlayaq və islahatlar özünü göstərir. Əgər bu ilin yanvar ayının yekunlarına nəzər salsaq görərik ki, iqtisadi artım, yəni, ümumi daxili məhsulun artımı təxminən 3 faiz təşkil edir. Son 2-3 il ərzində bu, ən yüksək göstəricidir və onu göstərir ki, 2019-cu ildə Azərbaycanda iqtisadi artım yüksək templərlə təmin ediləcək və davam etdiriləcək. İlin birinci ayında qeyri-neft sektorunda sənaye istehsalı təxminən 14 faiz artıb. Hesab edirəm ki, bu, dünya miqyasında ən yüksək göstəricilərdən biridir, bəlkə də birincisidir və onu göstərir ki, sənaye istehsalı sahəsində aparılan işlər, qəbul edilmiş qərarlar bu gün real nəticələrə gətirib çıxarır”.
Prezident deyib ki, bu il biz minimum əməkhaqqını əhəmiyyətli dərəcədə artırıldı – 38 faiz. “Bu, böyük artımdır, 130 manatdan 180 manata qalxıb. Bu, 600 min insanı əhatə edir,”- prezident deyib:
“Ancaq o da həqiqətdir ki, bu rəqəm bizi heç də razı sala bilməz. Ona görə müvafiq göstərişlər verildi ki, minimum əməkhaqqının gələcək artımı ilə bağlı təkliflər hazırlansın. İndi bunun maliyyə yükünü, əlbəttə ki, biz qiymətləndirməliyik. Əlbəttə ki, gələcəkdə minimum əməkhaqları və pensiyalar ardıcıl olaraq artırılacaq. Minimum pensiyalarla bağlı çox ciddi qərar qəbul edildi. Minimum pensiyaların məbləği də təxminən 38 faiz, bir qədər çox artmışdır – 116 manatdan 160 manata qədər. Bu gün minimum pensiyanın səviyyəsinə görə Azərbaycan MDB məkanında ikinci yerdədir. Ancaq onu da bilməliyik ki, bu, son hədd deyil. Əlbəttə ki, əməkhaqlarının, pensiyaların artırılması gündəlikdə duran əsas məsələlərdən biridir. Minimum pensiyanın artırılması 223 min insanın pensiya təminatını yaxşılaşdıracaqdır. Tələbələrin təqaüdləri artırıldı. Təqribən 100 minə yaxın tələbənin təqaüdü artırıldı. Bu da çox ciddi sosial addımdır. Gələcəkdə yenə də artım nəzərdə tutulur”.
Dövlət başçısı bildirib ki, vətəndaşları narahat edən məsələlərdən biri də problemli kreditlərlə bağlıdır. Bu məsələ artıq neçə vaxtdır ki, müzakirə olunur:
“Hökumət üzvlərinə müvafiq göstərişlər verilmişdir. Keçən ildən başlayaraq çox fəal iş aparılır, təkliflər paketi hazırlanır. Bilirəm ki, Milli Məclisdə də bu məsələ müzakirə olunur. Müxtəlif təkliflər səsləndirilir. Əlbəttə, biz istəyirdik ki, bu məsələ ciddi ictimai diskussiyalara da səbəb olsun və buna nail olduq. Ancaq deyə bilərəm ki, bu məsələ ilə son mərhələdə işçi qrup çox ciddi məşğuldur. İki aydan çoxdur ki, təkliflər üzərində iş aparılır. Bu, o qədər də sadə məsələ deyil. Biz bu məsələni həll etməklə əsas vəzifəni vətəndaşların rifah halının yaxşılaşmasında, onların maliyyə yükünün azaldılmasında görürük. Bu, ilk növbədə, ciddi sosial təşəbbüs kimi qəbul edilməlidir. Ümid edirəm ki, yaxın gələcəkdə bu məsələ də öz həllini tapacaq və Azərbaycan bu məsələnin həlli ilə bağlı da öz liderliyini göstərəcək və çox ciddi nümunə göstərəcək”.
Bugünlərdə iqtisadçı
Vüqar Bayramov
bildirmişdi ki, hazırda əhalinin böyük hissəsi bank kreditlərinin ödənişində problem yaşayır:
“Problemin həlli ilə bağlı hələ 2015-ci ildə bəzi təkliflər hazırlayıb, hökumətə təqdim ediblər. Ancaq hələ də güzəşt mexanizmi tətbiq edilməyib. Hazırda banklarda rəsmi qeydiyyata alınan problemli kreditlərin məbləği 1 milyard 585 milyon manatdır. Vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində payı isə 12 faizdən çoxdur”.
Vüqar Bayramov deyib ki, Azərbaycanda da problemli kreditlərin dövlət tərəfindən satın alınıb sağlamlaşdırılmasına ehtiyac var. Bu zaman dövlət problemli kreditləri alıb, qiymətli kağız formasında bazara çıxarır və kreditlərə güzəştlər tətbiq olunur:
“Xatırladım ki, oxşar praktika Rusiyada da tətbiq olunub. Nəticədə, dövlət milli valyuta ucuzlaşandan sonra xarici kreditlər üzrə yaranan fərqi ödəyir və müştəri güzəştli müddət ilə kredit müqaviləsi rəsmilləşən günün məzənnəsi ilə ödənişlər edir. Başqa ölkələrin təcrübəsi göstərir ki, bu digər krediti olanlarda arxayınçılıq yaratmır. Əksinə, problemli kreditlərinin həcminin minimumlaşdırılmasına, bankların sağlamlaşdırılmasına və ən vacibi əhalinin banklar qarşısındakı öhdəliyinin azalmasına və deməli, sosial təminatının güclənməsinə səbəb olur”.
İqtisadçı Natiq Cəfərli minimum pensiyaya görə Azərbaycanın MDB məkanında ikinci yerdə olmasına şübhəylə yanaşır.
İqtisadçı bu barədə Meydan TV-nin sualına cavab verib ki, iki devalvasiya qərarından əvvəl minimum pensiyanın həcminə görə Azərbaycan MDB məkanında ilk beşlikdəydi. Rusiya, Qazaxıstan, Belarusdan sonra Azərbaycan gəlirdi:
“2018-ci ilin nəticələrinə görə MDB məkanında Azərbaycan 8-ci yerdəydi. Son artımdan sonra bir daha hesablamalara ehtiyac var. Həmişə Rusiyada mimimum pensiyalar çox olub, ikinci Belarus və Qazaxıstan gəlirdi, sonra Azərbaycan gəlirdi. Ən azından ilk beşlikdə olması mümkündür”.