Prezident: Xalq bu seçkilərin keçirilməsindən narazı olsa, öz səsini ucaldardı

Bəxtiyar Hacıyevin sözlərinə görə, gəncləşmə Nigar Arpadaridən ibarətdirsə, Prezident özü bir az vaxtı ayırıb onun hesabına baxsın və onun gəncləşməyə necə yanaşdığını görsün.

Source:


“İlham Əliyev gözləməlidir ki, Azərbaycan xalqı nə vaxt meydana çıxıb inqilab edəcək”


Prezident İlham Əliyev

9 fevral növbədənkənar parlament seçkilərinin nəticələrini “Azərbaycan xalqının iradəsi” kimi təqdim edib.

Dövlət başçısı bu fikirləri Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımla fevralın 10-da keçirilən görüşündə səsləndirib.

Əliyev deyib ki, ən önəmlisi, bu seçkilərin keçirilməsi Azərbaycan xalqının iradəsidir. Əgər Azərbaycan xalqı bu seçkilərin keçirilməsindən narazı olsa, öz səsini ucaldardı:

“Bu gün siz də gördünüz, Azərbaycanda tam demokratik ab-hava mövcuddur. Seçki və seçkilərin keçirilməsi demokratiyanın təzahürlərindən biridir. Əgər namizədlər bu seçki kampaniyası ərzində belə fəal, mübariz olublarsa, – bu, əslində, belədir, siz də bunu qeyd etdiniz,- seçicilərə öz fikrini çatdırmaq üçün qapı-qapı gəziblərsə, əlbəttə ki, əgər onlar seçkilərdən narazı olsalar, öz səslərini ucaldardılar”.

Ölkə başçısı hesab edib ki, növbədənkənar parlament seçkiləri Azərbaycanda aparılan islahatlara dəstək verməlidir və seçkilərin növbədənkənar keçirilməsinin əsas məqsədi də o idi ki, vaxt itirmədən islahatlar davam etdirilsin. Çünki həm struktur islahatları aparıldı, həm hökumət, həm Prezident Administrasiyası yenidən formalaşdırıldı və əlbəttə ki, Milli Məclis bu işlərdən kənarda qala bilməzdi. Ona görə əminəm ki, bu seçkilərin Azərbaycanın gələcək inkişafında çox önəmli rolu olacaq. Çünki bizim qanunvericiliyimiz ölkəmizin artan sürətinə uyğun olmalıdır. Eyni zamanda, bizim beynəlxalq əlaqələrimiz də genişlənir və Azərbaycanın millət vəkilləri ölkəmizi bundan sonra da beynəlxalq təşkilatlarda ləyaqətlə təmsil etməlidirlər”.


“Qətnamə parlament seçkilərinə kobudcasına müdaxilədir”

Prezident ölkədə gəncləşmə siyasətinin aparıldığını xatırladaraq vurğulayıb ki, yaşlı nəslin təcrübəsi, gənclərin innovasiyaya meyilli olması, onların bilikləri, müasir proseslərə diqqətin yetirilməsi – bax, biz bu vəhdətin təşkil edilməsi üçün çalışlar və buna nail olublar:

“Mənə verilən məlumata görə, seçkilər ölkə ərazisində çox sakit keçdi, qanunvericilik çərçivəsində, hər hansı bir narahatedici məqam olmadı. Bu seçkilərə çox böyük maraq var idi. Çünki mən xatırlamıram ki, Azərbaycanda keçirilmiş hansısa parlament seçkisində 1300-dən çox namizəd olsun. Yəni, bu, özlüyündə onu göstərir ki, seçkilər rəqabət şəraitində keçirildi və bütün namizədlərin qeydə alınması prosesində ədalətli mövqe nümayiş etdirildi. Bu qədər namizədin olması seçkilərə inamın təzahürüdür. Çünki əgər inam olmasaydı, bu adamlar bəlkə də seçkilərə qatılmazdılar. Ona görə bu seçkilərin xüsusi rolu var”.

İ.Əliyev beynəlxalq

müşahidə missiyaları

nın rəyinə də münasibətini ifadə edib: “Biz onların mənfi rəyinə çoxdan öyrəşmişik”.

Prezident bildirib ki, bəzi hallarda onların rəyi seçkilərdən öncə yazılır, özü də onlar tərəfindən yazılmır, başqa yerlərdə yazılır, onlara ötürülür:

“Biz bunu dəfələrlə müşahidə etmişik. Siz də Avropa Şurasının bizə qarşı olan mənfi münasibətini qeyd etdiniz. Bunun da son təzahürü qəbul edilmiş, yalan üzərində qurulmuş son qətnamədir. Yəni, bu qətnamənin qəbul edilməsi, əslində, parlament seçkilərinə kobudcasına müdaxilədir. Birincisi, bu qətnamə saxtadır və biz bunu qəbul etmirik. Orada bizə qarşı irəli sürülən ittihamları rədd edirik və bizə qarşı ünvanlanmış dırnaqarası tələblərin heç birini icra etməyəcəyik. Bu, bir. İkincisi, bu qətnamənin qəbul edilmə vaxtı. Parlament seçkilərinə az vaxt qalmış bu qətnamənin qəbul edilməsi Azərbaycana qarşı olan mənfi və ədalətsiz yanaşmanın təzahürüdür”.

36042829_1572920592834854_2424081934159183872_n.jpg
Anar Məmmədli

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədli prezidentin “xatırlamıram ki, Azərbaycanda keçirilmiş hansısa parlament seçkisində 1300-dən çox namizəd olsun” fikrini bölüşmür. Anar Məmmədli qeyd edib ki, 2005-ci il parlament seçkilərində 1503 nəfərdən çox namizəd olub:

“Əvvəla, 2005-ci il parlament seçkiləri kifayət qədər rəqabətli keçdi, 9 fevral seçkilərindən fərqli olaarq televiziyalarda debatlar keçirilirdi. Təsəvvür edin ki, 2000-dən çox şəxs namizəd kimi qeydiyyatdan keçmişdi, sadəcə, təşviqat mərhələsi başlayanda, hakimiyyət müstəqil namizədlərin populyar olduğu bir çox dairələrdə ciddi təzyiqlərə başladı. Nəticədə bir çox adamın namizədliyi ləğv olundu. Amma buna rəğmən 1503-nəfərdən çox namizəd vardı. 2010-cu il seçkilərində proses zəif olsa da, rəqbətlilik baxımından 9 fevral növbədənkənar seçkilərindən daha üstün idi. Çünki təzyiqlər altında məcbur olub namizədlərin hər birinə efir vaxtı verməyə məcbur oldular, nəticədə insanlar seçki haqqında məlumat aldılar, bu dəfə MSK-nin rəsmi məlumatından başqa seçki barədə heç nə yox idi. Sadəcə, 9 fevral növbədənkənar seçkilərində sosial medianı izləyənlərin prosesdən xəbəri oldu. Birinci, televiziyalarda debatlar keçirilmədi, ikinci, ölkə miqyasında müzakirələr, dəyirmi masalar və aksiyalar olmadı, yəni milli səviyyədə rəqabətə imkan verilmədi. Namizədlərin sayı süni artırıldı, bir çox dairədə namizədlər texniki xarakter daşıyırdı, onlar alternativ mühit üçün. Məsələn, Naxçıvan dairələrində qeydə alınan namizədlərin əksəriyyətinin heç bir iddiası yox idi. Konkret olaraq, 50-dən çox seçki dairədə 170-ə yaxın namizəd seçki kampaniyası aparmadı, bukletini, seçki plakatını belə yaymadılar”.


“Əfsuslar ki, bir qüvvə seçkilərə qatılmadı, digərləri təşkilatlanmadı, ya da planları yoxdur”

Beynəlxalq təşkilatların rəylərinin əvvəlcədən hazırlandığı barədə fikirlərə gəlincə, SMDT rəhbəri hesab edir ki, əgər kimdəsə bu hesabatlar şübhə doğurarsa, reaksiya olmalıdır. Məsələn, Azərbaycan XİN hesabatla bağlı 10 fevral bəyanatında qeyd etdi ki, bəzi məqamlarla razılaşmırlarsa, MSK ilə birgə araşdırma aparacaqlar:

“Əgər prezident belə iddia səsləndirirsə, missiyanın müşahidələrini çağırıb gördükləri pozuntunun yerini soruşsunlar. Əgər hökumət birgə müşahidə missiyasının hesabatını yanlış sayırsa, MSK vasitəsilə onları dəvət edib araşdırma aparmalıdır. Amma hökumət bu addımı atmır”.

Anar Məmmədli seçki pozuntularının kütləvi şəkildə olduğu qənaətindədir:

“Bu, o deməkdir ki, bəzi məntəqələrdə nəticələr ləğv olunmalıdır və bunlar ümumi nəticələrə təsir edirsə, yekunda təkrar seçkilərin, yaxud parlament seçkilərinin yenidən keçirilməsi gündəmə gələ bilər. Bəli, razıyam ki, cəmiyyətdə bu pozuntularla bağlı ciddi etiraz və təpkilər yoxdur. Amma bu etirazları etmək üçün siyasi qüvvə, təşkilatlar lazımdır. Əfsuslar ki, bir qüvvə seçkilərə qatılmadı, digərləri təşkilatlanmadı, ya da planları yoxdur. Ölkə səviyyəsində xalqın səsini ucaldacaq tələblər səslənməsə də, bəzi dairələrdə onları nəzərə almaq lazımdır. Sadəcə, siyasi mühit formalaşıb ki, etiraz edənlər repressiyaya məruz qalır. Ümumiyyətlə, növbədənkənar seçkilərdə Azərbaycan cəmiyyətinin ən böyük çətinliyi qorxu mühitidir. Hakimiyyət qorxu mühiti yaratdığından insanlar etiraz səslərini çıxarda bilmirlər”.

Azer-Qasimli.jpg
Azər Qasımlı

17 saylı Seçki Dairəsindən namizəd Azər Qasımlı hesab edir ki, Azərbaycan xalqı seçkilərə gəlmədiyindən formalaşacaq parlament xalqın iradəsini əks etdirmir. Seçkilərdə 7-8 faiz seçici iştirak edib. Bununla belə, Azər Qasımlı İlham Əliyevin “Azərbaycan xalqı bu seçkilərin keçirilməsindən narazı olsa, öz səsini ucaldardı” açıqlamasına haqq qazandırır:

“Çünki Azərbaycan xalqı seçki məsələsində autdadır, iştirakdan boyun qaçırır, səbəb də seçki institituna və seçkilərlə nələrinsə dəyicəyinə inanmır. O zaman başqa bir yol qalır-meydana çıxıb inqibal etmək. Mən hesab edirəm ki, İlham Əliyev gözləməlidir ki, Azərbaycan xalqı nə vaxt meydana çıxıb inqilab edəcək”.

Lighthousefellowship-2.jpg
Ülvi Həsənli


“Hansısa gəncləşmə və islahatçı siyasətinin əlamətlərini görmürəm”

9 saylı Binəqədi II Seçki Dairəsindən “Hərəkət” Seçki Blokunun namizədi Ülvi Həsənli Azərbaycanda hər hansı gəncləşdirmə və islahat siyasəti aparılmadığı qənaətindədir:

“Bunun bariz nümunəsini 9 fevral növbədənkənar parlament seçkiləri göstərdi. Müstəqillik tariximizdə belə biabırçı, kütləvi saxtakarlıq, qoçu dəstələri ilə keçirilən seçki olmayıb. Özünü buraxan parlament üzvlərinin əksəriyyəti yenidən namizəd oldu, həmin geri düşüncəli adamlar da təkrar mandat aldılar. Ona görə də hansısa gəncləşmə və islahatçı siyasətinin əlamətlərini görmürəm”.


“Prezident bunları görmək istəmirsə, deyə bilməz ki, xalq səsini çıxartmır”

29 saylı Səbail Seçki Dairəsindən namizəd Bəxtiyar Hacıyev hesab edir ki, əgər prezident xalqın seçkilərlə bağlı real mövqeyini öyrənmək istəyirsə, sosial şəbəkələrə baxsın:

“Biz fevralın 10-da imzatoplama kampaniyasına başladıq və 1 neçə saat ərzində minlərlə insandan dəstək aldıq. Prezidentin sosial şəbəkələrə baxması kifayətdir ki, xalqın səsini ucaltdığını, saxta seçkilərə etirazını bildirdiyini görsün. Təəssüf ki, prezident özünün bir ildə verdiyi islahat mesajını bağladı. Elə prezidentin özünün və ailəsinin səs verdiyi dairədə saxtakarlığı göstərən video görüntülər yayılır, protokollar arasında uyğunsuzluğu göstərən sənədlər var. Bunlar hansısa beynəlxalq təşkilatın qərəzli rəyi deyil, yerli müşahidəçilərin ortaya qoyduğu mənzərədir. Prezident bunları görmək istəmirsə, deyə bilməz ki, xalq səsini çıxartmır. Sadəcə, xalqın səsi çıxır, onu dinləmək lazımdır”.

82250704_10157663508151421_7987272778254385152_o.jpg
Bəxtiyar Hacıyev

Bəxtiyar Hacıyevin sözlərinə görə, gəncləşmə Nigar Arpadaridən ibarətdirsə, Prezident özü bir az vaxtı ayırıb onun hesabına baxsın və onun gəncləşməyə necə yanaşdığını görsün. Qeyri-populyar, heç bir təbliğat kampaniyası aparmamış, qanunvericilik təcrübəsi, siyasi biliyi olmayan, hətta Seçki Məcəlləsinin əlifbasını bilməyən bir namizədi saxta yolla deputat ediblərsə, onun gənc və yaşlı olmasının heç bir fərqi yoxdur. Əksinə, gənc bir xanımın saxta yolla deputat elan edilməsinə xalq kəskin reaksiya verib, prezident də bunu görməlidir.

Azərbaycanda fevralın 9-da növbədənkənar parlament seçkiləri keçirilib. Milli Şura və KXCP seçkiləri boykot etsə də, AMİP, ADP, BAXCP, BQP, VHP, YAP, Müsavat, Ümid, ReAL seçkilərə qatılıblar.

ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB), AŞPA və ATƏT PA

birgə müşahidə missiyası

fevralın 10-da seçkilərin nəticələri haqda ilkin hesabatlarını yayıb.

Azərbaycanda növbəti parlament seçkiləri 2020-ci ilin noyabrında keçirilməli idi. 2019-cu il dekabrın 2-də parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasından (YAP) olan deputatların təşəbbüsü ilə Milli Məclis onun buraxılması və növbədənkənar seçkilərin təyin olunması xahişi ilə Prezidentə müraciət edib. Dekabrın 5-də Prezident növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.

Ana səhifəSiyasətPrezident: Xalq bu seçkilərin keçirilməsindən narazı olsa, öz səsini ucaldardı