Prezident: Ümid edirəm ki, bu forum ölkələrimizə real fayda verəcək

Hikmət Hacızadə: Rusiyanın Azərbaycana investisiya qoymağa maliyyə-iqtisadi imkanları yoxdur, ölkə böhranın içində çabalayır

Natiq Cəfərli: Kənd təsərrüfatı məhsullarından başqa Azərbaycanın Rusiya bazarına çıxaracağı məhsul yoxdur

Source:
foto APA
foto APA



Hikmət Hacızadə: Rusiyanın Azərbaycana investisiya qoymağa maliyyə-iqtisadi imkanları yoxdur, ölkə böhranın içində çabalayır



Natiq Cəfərli: Kənd təsərrüfatı məhsullarından başqa Azərbaycanın Rusiya bazarına çıxaracağı məhsul yoxdur

Noyabrın 1-də Heydər Əliyev Mərkəzində VII Azərbaycan-Rusiya regionlararası forum keçirilib.

APA yazır ki, Azərbaycanın İqtisadiyyat Nazirliyi və Rusiyanın İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə keçirilən forumda hər iki ölkənin dövlət rəsmiləri, parlament və yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, iqtisadiyyatın sənaye, turizm, kənd təsərrüfatı, tikinti, ticarət, konsaltinq, logistika, əczaçılıq, İKT, maliyyə və sair sahələrində fəaliyyət göstərən sahibkarlar iştirak edib.

Foruma Rusiyanın 9 subyektindən 250-dən çox, Azərbaycan Tərəfdən isə 300-ə yaxın olmaqla ümumilikdə 600 iştirakçı qatılıb.

Forumda Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov və Rusiya Prezident Administrasiyasının Xarici ölkələrlə regionlararası və mədəni əlaqələr idarəsinin rəisi Vladimir Çernov dövlət başçılarının forum iştirakçılarına təbrik məktublarını oxuyublar.


“İki ölkə güclü iqtisadi potensiala və birgə çalışma təcrübəsinə malikdir”

“Rusiya-Azərbaycan regionlararası forum iki ölkə arasında strateji əməkdaşlığa töhfə verəcək”, – prezident İlham Əliyevin forumun iştirakçılarına göndərdiyi təbrik məktubunda belə deyilir. Məktubda qeyd olunur ki, forum qarşılıqlı maraq kəsb edən sahələrin inkişafına təkan verir: “Bu kimi forumlar çərçivəsində konstruktiv təşəbbüslər yaranır, iki ölkə arasında əlaqələrin dərinləşməsinə töhfə verir, sənaye və kənd təsərrüfatı sahələrində təcrübə mübadiləsi aparmağa imkan yaradır. İki ölkə güclü iqtisadi potensiala və birgə çalışma təcrübəsinə malikdir. Hazırda dünyada hökm sürən qlobal böhran ciddi dəyişikliklərə gətirib çıxarıb. Ümid edirəm ki, forum konstruktiv müzakirələrə şərait yaradacaq, maraqlı layihələrlə nəticələnəcək və ölkələrimizə real fayda verəcək”.


“Forum Azərbaycan-Rusiya iqtisadi əlaqələrinin inkişafına təkan verəcək”

Forumda çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev tədbirin keçirilməsinin Azərbaycan və Rusiya dövlət başçılarının təşəbbüsü olduğunu və artıq ənənəyə çevrildiyini vurğulayıb. O bildirib ki, Azərbaycanın bu formatda tədbiri yalnız Rusiya ilə təşkil etməsi iki ölkə arasında uğurlu əməkdaşlığın göstəricisidir:

“Əminəm ki, builki forum da əvvəlki illərdəki kimi Azərbaycan-Rusiya iqtisadi əlaqələrinin inkişafına təkan verəcək”.

Azərbaycanın Rusiyadakı sabiq səfiri, siyasi icmalçı Hikmət Hacızadə Meydan TV-yə bildirib ki, Azərbaycanı Rusiyayla yaxınlaşdıran Dağlıq Qarabağ məsələsidir. Əgər Qarabağ məsələsi ədalətli şəkildə, beynəlxalq normalara uyğun, yəni Azərbaycanın maraqlarına uyğun həll olunacaqsa, hakimiyyət siyasi oriyentasiyasını qəti şəkildə Rusiyaya doğru istiqamətləndirəcək. Əks təqdirdə, Rəsmi Bakıyla Moskva arasında yaxınlaşma olmayacaq.

Hikmət Hacızadə foto Meydan TV

Hikmət Hacızadə hesab edir ki, Azərbaycanla Rusiya arasındakı iqtisadi münasibətlər işçi qruplar qaydasında həll oluna bilən məsələlərdir: “Məsələ ondadır ki, Rusiyanın Azərbaycana investisiya qoymağa maliyyə-iqtisadi imkanları yoxdur, ölkə böhran içində çabalayır. İkinci ən əsas məsələ, Rusiya özü texnologiyanı Qərbdən alırsa, bizə hansı yenilik verə bilər?!”.

İqtisadçı Natiq Cəfərli bildirib ki, Azərbaycanın Rusiya bazarlarına çıxış imkanlarında kənd təsərrüfatı məhsulları mühüm rol oynaya bilər. Çünki kənd təsərrüfatı məhsullarından başqa Azərbaycanın Rusiya bazarına çıxaracağı məhsul yoxdur. Səbəb də Azərbaycanın ənənəvi neft-qaz məhsullarıdır ki, bu isə Gürcüstan üzərindən Türkiyəyə keçməklə Qərbə satılır.  Bakı-Novorosiyski neft kəmərinə gəlincə, Azərbaycan bu kəmərlə neft məhsulunun satışını xeyli məhdudlaşdırıb. Ona görə ki, Azərbaycan nefti bu kəmərə qatılsa, Ural qiymətinə satılmalıdır, bu isə sərf etmir.

Natiq Cəfəerli foto Meydan TV

Natiq Cəfərli onu da əlavə edib ki, Rusiyanın Azərbaycan bazarında möhkəmlənməsiylə bağlı kifayət qədər imkanları var. Söhbət ərzaq, dərman, neft-kimya məhsulları və maşınqayırmadan gedir. Moskva Azərbaycanın dərman bazarında yer tutmağa xüsusilə çalışır: “Yəni Rusiyanın imkanları geniş olduğundan Azərbaycan bazarında yer tutmaqda daha çox maraqlıdır. Azərbaycanın belə bir potensialı yoxdur. Yalnız kənd təsərrüfatından başqa digər sahələrin çeşidlərini təqdim edə bilmirik”.

Ana səhifəAnalitikaPrezident: Ümid edirəm ki, bu forum ölkələrimizə real fayda verəcək