Prezident təklifi: dövlətə xəyanət cinayətinin cəzası sərtləşdirilir

İttiham olunan şəxs 20 ilə qədər cəzalandırıla bilər

Source:


İttiham olunan şəxs 20 ilə qədər cəzalandırıla bilər

Azərbaycan Cinayət Məcəlləsində dövlətə xəyanət cinayətinin cəzası son həddə qədər artırılır.

Milli Məclisdən

APA

-ya verilən məlumata görə, Azərbaycan Prezidenti tərəfindən bununla bağlı Cinayət Məcəlləsinin 274-cü maddəsinə dəyişiklik təklif olunur.

Dəyişikliyə əsasən, dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq ölkə vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə 12 ildən 20 ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Hazırda bu əmələ görə cəza 10 ildən 15 ilə qədərdir.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Vəkil Yalçın İmanov bu maddənin ağırlaşdırılmasını Meydan TV-yə şərh edib: “Azərbaycan qanunvericilik sistemində cəzaların qeyri-adekvat şəkildə və ictimai sifariş olmadan ağırlaşdırılması prosesi gedir. Təklif olunan layihəyə də həmin prosesin tərkib hissəsi kimi baxmaq lazımdır. Ancaq bu ağırlaşdırmanın hansı nəticə güddüyü və gələcəkdə hansı məqsədlərlə istifadə olunacağı açıq və qeyri-müəyyən olaraq qalır. Bundan əvvəl “Qeyri Hökumət Təşkilatları və İctimai Fondlar Haqqında” qanuna mürtəce dəyişiklik edildi. O cümlədən İnzibati Xətalar Məcəlləsində cərimə sanksiyalarının ağılasığmaz şəkildə qaldırılması prosesi baş verdi”.

Y.İmanovun fikrincə, bütün sivil dünyada cəzaların liberallaşdırılması, sadələşdirilməsi prosesinin əksinə olaraq Azərbaycanda sərtləşdirilməsinə təkan verilib: “Bir qayda olaraq siyasi hakimiyyət bundan rəqiblərini sıradan çıxarmaq üçün istifadə edir”.

Ana səhifəXəbərlərPrezident təklifi: dövlətə xəyanət cinayətinin cəzası sərtləşdirilir