Prezident Seymur Həzinin müraciətinə də reaksiya verəcəkmi?

Bu ölkədə prezidentin tövsiyəsi belə bütün qanunlardan yüksəkdir

Source:


Bu ölkədə prezidentin tövsiyəsi belə bütün qanunlardan yüksəkdir

Deyirlər ki, prezident Mehman Əliyevin barəsində həbs- qətimkan tədbirinin dəyişdirilməsi barədə tapşırıq yox, tövsiyə verib.

Bu ölkədə prezidentin hansı gücə sahib, məhkəmələrin isə hansı miskin durumda olduğunu da anlatmağa gərək yox. Prezidentin nəinki rəsmi fərmanı, sərəncamı, hətta qeyri-rəsmi tövsiyəsi belə bütün qanunlardan yüksəkdir, hakimiyyətin bütün qolları üçün, o cümlədən məhkəmələr üçün tapşırıqdır. Bu anlamda prezidentin tapşırıq, yoxsa tövsiyə verməsi belə, heç nəyi dəyişmir. Həqiqət odur ki, Mehman bəyi prezident buraxdırıb. Əks halda, elə həmin məmurlar da, dövlət və onun nəzarəti altında olan qurumlar da onu dövlət başçısının humanist addımı kimi bəh-bəhlə tirajlamazdılar, ona palaz-palaz minnətdarlıq məktubu yazmazdılar.

Mehman bəyin həbsinin siyasi sifariş olduğunu bu ölkədəki durumdan az-çox məlumatı olan və obyektivlik hissini itirməyən hər kəs anlayır. O, sıradan biri olmadığı üçün sifarişin də haradan gəldiyini də təxmin etmək çətin deyil.

Başqa sözlə, M.Əliyevin tutulmasını da, bir aydan sonra buraxılmasını da “tövsiyə edən” eyni adamdır.

Hə, M.Əliyev həbsdə olmalı deyil, sadə bir həqiqətə görə: Cinayət törətməyib. Bu anlamda azadlıq onun haqqıdır, eynilə, siyasi sifarişlə tutulan 160-a yaxın məhbusun haqqı olduğu kimi. Və bu ölkədə dəyərlər o qədər baş-ayaq olub, özbaşınalıq elə miqyas alıb ki, hakimiyyət bölgüsü, məhkəmələrin müstəqilliyi barədə söhbət açmaq mənasız görünür, hətta qıcıq doğurur. Ona görə, qanunsuzluğun bu cür qanunsuz yollarla “bərpasına” ictimai təpki göstərmək əvəzinə, bu cür rəzalətə sevinməyə məhkum olunmuşuq. Amma durumumuzun rəzilliyini, heç olmasa, anlamağımız gərək.

Yeri gəlmişkən, bu gün heç nədən üç ildir məhbus həyatı yaşayan başqa bir jurnalistimiz – Seymur Həzinin də prezidentə müraciəti yayılıb. Prezidentin Mehman bəylə bağlı tövsiyəsinin çoxsaylı müraciətlərdən, o cümlədən onun özünün müraciətindən qaynaqlandığı bildirilir. Maraqlıdır, prezidentin Seymur bəyin müraciəti ilə bağlı reaksiyası və bu yöndə tövsiyələri də olacaqmı?!

Ana səhifəMənim FikrimcəPrezident Seymur Həzinin müraciətinə də reaksiya verəcəkmi?