Prezident seçkisindən sonra doğrulmayan ümidlər

”Seçkidən sonrakı dövr yeni təzyiq dalğası ilə yadda qaldı”

Source:
foto Meydan TV
foto Meydan TV


”Seçkidən sonrakı dövr yeni təzyiq dalğası ilə yadda qaldı”

Azərbaycanda aprelin 11-də keçirilən növbədənkənar prezident seçkilərindən sonrakı vəziyyətin təhlil edən “Turan” informasiya agentliyi, aprelin 11-dən Mayın 28-ə qədər olan dövrün müxalifətə və vətəndaş cəmiyyətinə yeni təzyiq dalğası ilə yadda qaldığını hesab edir.

Agentliyin bu dövrlə əlaqədar təhlil yazısında qeyd edilir ki, bu dalğa 2014-cü il hadisələri ilə müqayisə oluna bilər.

“Həmin vaxt məşhur vətəndaş cəmiyyəti fəallarına qarşı repressiyalar dalğası və Qərbin donor təşkilatları ilə münasibətlərin pozulması Azərbaycanda klassik avtoritarizm qurulmasına gətirib çıxarmışdı.

Prezident Əliyevin administrasiyasının rəqiblərinə qarşı hərəkətləri Respublikanın 100 illiyini hakimiyyət və cəmiyyət arasında konstruktiv münasibətlərin qurulması üçün şans kimi görən cəmiyyətin və beynəlxalq ictimaiyyətin ümidlərinə zidd idi.

Məsələn, siyasi məhbuslarla bağlı “qızıl amnistiya” məsələsinə hakimiyyətin dialoq qurulması yolunda mümkün xoş məram addımı kimi baxılırdı. Bu amnistiya mövzusu “Yeni Azərbaycan” partiyasının siyasi şurasının üzvü Siyavuş Novruzov kimi rejimin qızğın məddahları tərəfindən səslənirdi. Amma inauqurasiyadan sonrakı addımlar tamamilə əks idi. Amnistiya olmadı. Xalq Cəbhəsi Partiyasının və digər partiyaların sıralarında həbslər başladı, AXCP lideri Əli Kərimli pulların yuyulmasında ittiham olundu, Demokratik Qüvvələrin Milli Şurasının keçmiş sədri, dramaturq Rüstəm İbrahimbəyovun ermənilərə işləməklə qaralanması kampaniyasına və s. start verildi”.


Kontekst

Bu mənada nəzər saldığımız dövrü əhatə edən hadisələr və daxili və xarici oyunçuların dispozisiyaları nöqteyi-nəzərdən vəziyyəti qiymətləndirmək vacibdir. Onlara aşağıdakıları aid etmək lazımdır:


– prezident seçkiləri;



– institusional islahatlar və kadr islahatları;



– AXC-nin 100 illiyi;



– British Petroleum, Statoil (Equinor) ilə növbəti neft-qaz layihələrinin imzalanması, Total şirkətinin Abşeron yatağında qazıntılara başlaması;



– TANAP cənub qaz dəhlizinin açılışı;



– Ələt beynəlxalq limanı bölgəsində azad iqtisadi zona layihəsinin həyata keçirilməsinə başlanması;



– Ermənistanda xalq inqilabı;



– ABŞ-ın İrana qarşı yeni sanksiyaları;



– Suriyada ölkənin Rusiya, ABŞ, Türkiyə və İranın məsuliyyət zonalarına bölünməsi üzrə hərbi kampaniyanın başlaması.


Xarici amil

Yazı müəllifləri hüsab edirlər ki, həmin dövrdə Qərbin rejimə münasibəti tamamilə dəyişib.

“Vaxtından əvvəl prezident seçkiləri ideyasının, onun xarakterinin və keçirilməsi şəraitinin açıq-aşkar dəstəklənməsini və ya pislənməsini müşahidə etməsək də, ton həddindən artıq təmkinli idi və seçkilərin legitimliyini təmin etdi ki, prezident Əliyevin də buna ehtiyacı var idi. Aİ və ABŞ liderlərinin seçkiöncəsi və seçkisonrası mesajları qələbənin etirafı deyildi, amma energetika, islahatlar, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlığa dəvət çağırışları idi. Demokratiya və insan hüquqları, ötən illərdəki bu cür mesajlara baxmayaraq, leksikondan çıxıb (məsələn, 2015-2016-cı illərdə rejimə təzyiq hiss olunurdu). Prinsipcə, bu dəvətlər daha çox Əliyevin seçildikdən sonra yerinə yetirməyə vəd etdiyi öhdəlikləri xatırladırdı”.

Müəlliflərin fikrincə, faktiki olaraq, Qərbin Əliyevə nəvaziş göstərərək, ondan bəzi addımlar gözlədiyi nəzərə çarpır. Hansı mümkin ümidlər var? Sadalayaq:


– neft-qaz müqavilələrinin həyata keçirilməsinin davam etməsi,



– kommunikasiya layihələri şəbəkəsinin, o cümlədən boru kəmərlərinin, dəmir yollarının formalaşdırılmasının davam etməsi,



– institusional islahatlar keçirilməsi və klan və oliqarxiyaya əsaslanan köhnə komandanın tamamilə kənarlaşdırılması,



– Aİ ilə strateji tərəfdaşlıq sazişinin imzalanması,



– korrupsiyaya qarşı mübarizə və iqtisadiyyatın leqallaşdırılması,



– Qərbin qeyri-neft kapitalının tətbiqi üçün şərait yaradılması,



– İran əleyhinə sanksiyalarda iştirak.


Daxili səbəblər

Yazıda vurğulanır ki, bütün bu ümidlərə Əliyevin cəmiyyətə qarşı daha amansız xətt tutmasına imkan verən böyük amil kimi baxmaq lazımdır.

“Administrasiyanın addımlarının səbəbləri ilə bağlı variantlara baxaq. Onlar arasında aşağıdakılar ola bilər:



AXCP lideri Əli Kərimlidən və onun tərəfdarlarından seçkiqabağı fəaliyyətlərinə görə qisas almaq. Cəbhəçilərin lideri seçikiqabağı mitinqlərin fəal təşkilatçısı idi. Bu mitinqlər müxalifətin boykotu nəticəsində mahiyyətcə texniki olan seçkilərin fonunu korlayırdı. AXCP fəalları sosial şəbəkələrdə də rejimə qarşı fəal virtual mübarizə aparırlar, rejimin cəlb etdiyi trolları kölgədə qoyurlar.


– Kulminasiya mərhələsinə qədəm qoyan hakimiyyətdaxili mübarizə fonunda müxalifətin tamamilə zərərsizləşdirilməsi və ya zəiflədilməsi. Prezident müxalifətin və mövqelərindən çəkilən köhnə komandanın ittifaqından ehtiyatlana bilər. Praktiki olaraq, bütün idarələrdə köhnə kadrlar dəyişdirilir. Hələlik güc qurumları – DİN, FHN, MN istisna təşkil edir, onlarda kadrların kənarlaşdırılması qaçılmazdır və zaman məsələsidir.


– Xalqın iradəsini bildirməsi nəticəsində hakimiyyətin dəyişməsinin mümkünlüyünün ilham verən nümunəsi olan Ermənistanda inqilabi hadisələr şəraitində müxalifətə təzyiq.


– Əhalinin sosial narazılığının artması fonunda fəalların nümayişkaranə şəkildə həbsi yolu ilə cəmiyyətə qorxu salınması. Xalqın narazılığı real təhlükə təşkil edir, bu, iyunun 5-də məcburi köçkünlərin Nazirlər Kabinetinin binası qarşısında etiraz aksiyasının nümunəsində yaxşı görünürdü. Hakimiyyət həmişə sosial gərginliyin artması şəraitində müxalifətə qarşı nümayişkaranə güc tətbiq edərək, dolayı yolla istənilən etirazları və narazılıq izharlarını yatırmağa hazır olduğunu göstərirdi. 2015-ci il sistem böhranı ərəfəsində və böhranın inkişafı zamanı – 2014-cü ilin ikinci yarısında dünyəvi vətəndaş fəallarının və 2015-ci ilin noyabrında dini fəalların həbsi buna nümunə ola bilər”.


Taxıl və alaq

Bu halda sadalanan xarici və daxili amilləri bir-birindən ayırmaq çətindir, onlar, çox güman ki, bir-biri ilə əlaqəlidir. Məsələ yalnız hansının ikinci dərəcəli olmasındadır. Xarici amillər siyahısından siyasi sistemdə islahatlar və konstruktiv münasibətlər qurulması ilə bağlı ümidlər daha əhəmiyyətlidir. Hakimiyyətin fəaliyyətinin daxili səbəblərindən böhran vəziyyətinin və cəmiyyətdə sosial gərginliyin mövcudluğu əsas kimi görünür, ictimai əhval-ruhiyyənin monitorinqini aparan hakimiyyət bundan xəbərsiz deyil.

Beləliklə, iki xəttin – Qərbin ümidlərinin və böhrandan çıxış prosesinin uzadılmasının yeni vəziyyətə təkan verəcəyi, Qərbin 2015-2016-cı illər dalğası kimi misli görünməmiş təzyiqinin bərpa ediləcəyi və ictimai əhval-ruhiyyəyə təsir göstərə biləcəyi nəticəsinə gəlmək olar. Həmçinin, xatırlatmaq lazımdır ki, 2014-cü ildə hakimiyyətin cəmiyyətə təzyiqi onun yol verməməyə çalışdığı və həmin vaxt rezonans doğuran həbslərin səbəblərindən biri olan 2015-ci il sistem böhranının qarşısını almadı.

Ana səhifəAnalitikaPrezident seçkisindən sonra doğrulmayan ümidlər