Xalid Ağaliyev: Bir fərmanla bütün problemlərin həllini tapacağını düşünmək doğru olmazdı
Samir Əliyev: Sistem proseduru xeyli sadələşdirsə də, əsas problemi həll etmir
Prezident İlham Əliyev xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurunda “bir pəncərə” prinsipinin tətbiqi haqqında fərman imzalayıb.
Fərman, vətəndaş cəmiyyətinin fəaliyyətini dəstəkləmək üçün verilib, bu sahədə şəffaflığı və ayrılan maliyyə vəsaitlərinin məqsədyönlü istiqamətləndirilməsini təmin edəcək.
İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıb:
1. 2017-ci il yanvarın 1-dən xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurunda “bir pəncərə” prinsipi tətbiq edilsin.
2. Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurunda “bir pəncərə” prinsipi üzrə əlaqələndirici dövlət orqanının səlahiyyətlərinin həyata keçirilməsi kommersiya qurumlarına münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə, dini qurumlara münasibətdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə, digər qeyri-kommersiya qurumlarına və fiziki şəxslərə münasibətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə həvalə olunsun.
Nazirlər Kabinetinə qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyin əldə edilməsi prosedurunun sadələşdirilməsini, o cümlədən onun həm xarici donor, həm də resipiyentin müraciəti əsasında həyata keçirilməsini təmin etmək tapşırılıb.
Hüquqşunas Xalid Ağaliyev fərmanı Meydan TV-yə şərh edərkən uzun müddətdən sonra QHT-lərin problemlərinin çözülməsi istiqamətində hüquqi addımların atılmasını təqdir etdiyinə dilə gətirib.
“Azərbaycanda vətəndaş cəmiyyəti qurumları artıq 2-3 ildir ki, acınacaqlı durumdadır. İstər hökumətə loyal olan, istərsə də hökuməti sərt tənqid edən qurumların hər biri bunu etiraf edir. Belə bir durumda QHT-lərin fəaliyyət mühitinə işıq salan istənilən addım, məncə, təqdir olunmalıdır”,- hüquqşünas belə deyib.
Ancaq X.Ağaliyevin fikrincə, bir fərmanla bütün problemlərin həllini tapacağı düşüncəsinə gəlmək də doğru olmazdı.
“Fərmanda nəzərdə tutulan tapşırıqlar önəmlidir. Vahid pəncərə sisteminin tətbiqi yaxşıdır, ancaq bu sistemin hansı şərtlər altında tətbiq olunacağı daha önəmlidir. 2011-12-ci illlərədək QHT-lərin fəaliyyəti ilə bağlı çox ciddi problemlər olmamışdı. Baxmayaraq ki, o vaxt vahid pəncərə sistemi heç tətbiq olunmurdu. QHT-lərin problemi yalnız bu sistemin olmaması ilə bağlı deyil. Donor təşkilatların qeydiyyatında, qrantların alınması, qeydiyyatı, QHT-lərin qeydiyyatı ilə bağlı ciddi problemlər var. Ən başlıcası hökumət qrantların məqsədəmüvafiq olub-olmaması kimi meyar tətbiq edib. Bu problemlərin hər biri ayrı-ayrılıqda çözülməli, aradan qaldırılmalıdır”.
X.Ağaliyev deyib ki, fərmanda Nazirlər Kabinetinə QHT-lərlə bağlı digər problemlərin həlli üçün təkliflər hazırlanması tapşırılıb.
“Son 2-3 ildə QHT qanunvericiliyinə xeyli mürtəce dəyişikliklər edilib. Nazirlər Kabinetinin, Ədliyyə Nazirliyinin qrantların əldə olunması, qeydiyyatı ilə bağlı eyni məzmunlu qaydaları olub. Məncə, ölkə başçısının fərmanı bütün bu mürtəce məzmunun aradan qaldırılması üçün əsaslar yaradır. Sadəcə, əlaqəli qurumlar fərmanda nəzərdə tutulduğu kimi, iki ay ərzində sadaladığımız problemləri çözmək üçün real addımlar atmalıdırlar. Ən başlıcası qrantların məqsədə müvafiq olub-olmaması ölçüsü, ümumiyyətlə, ləğv edilməlidir”.
İqtisadçı Samir Əliyev isə Meydan TV-yə bildirib ki, son iki ildə QHT-lərin fəaliyyəti xeyli məhdudlaşıb. Buna səbəb qrant alınması prosedurunun sərtləşdirilməsidir: “Yeni fərmanda müraciətin “bir pəncərə” əsasında edilməsi nəzərdə tutulur. Bu sistem proseduru xeyli sadələşdirsə də, əsas problemi həll etmir. Söhbət qrantın verilməsinin maliyyə-iqtisadi cəhətdən əsaslandırılmasıdır. Bu prosedur donorlar arasında seçim etməklə yanaşı, onların fəaliyyətini xeyli məhdudlaşdıracaq. Xarici donor öz pulunu bizə təmannasız verir, üstəgəl də bunu əsaslandırmaq məcburiyyətindədir. Buna hər donor razılaşmayacaq və çoxlu sayda pul Gürcüstan və Ermənistana yönələcək. Azərbaycan isə kənarda qalaraq xarici valyutaya olan tələbatını Dövlət Neft Fondu və xarici borc hesabına ödəməli olacaq. Axı, qrant pulları qeyri-neft puludur. Bunun üçün zavod və fabrik tikməyə, dövlət güzəştinə, vergi güzəştinə və pulsuz torpağa ehtiyac yoxdur. Sadəcə qanunda olan maneəni götürmək lazımdır. Belə görünür Dövlət Neft Fondu hələ də bizdə arxayınçılıq yaradır”.