Ənnağı Hacıbəyli: ”Milli Məclisin müvafiq komitə üzvləri qanunu bilərəkdən bu şəkildə qəbul ediblər”
Pezident İlham Əliyev Milli Məclisin “Dövlət qulluğu haqqında” qanuna etdiyi dəyişikliyə etiraz edib. Dəyişiklik bu il iyunun 13-də qəbul edilib.
Etiraz barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sentyabrın 20-də keçirilmiş iclasında məlumat verilib.
Məlumatı “Report” yayıb.
Etiraza səbəb “Dövlət qulluğu haqqında” qanunun 8.1.2-ci maddəsinə (Dövlət orqanlarının təsnifatı) Məhkəmə-Hüquq Şurası Aparatının daxil edilməsi olub.
Bu siyahıya əsas səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Konstitusiya qanunları və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilən dövlət orqanları – Azərbaycan Respublikasının Ali Məhkəməsi, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Azərbaycan Respublikasının Hesablama Palatası, Məhkəmə-Hüquq Şurasının Aparatı, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkilinin (ombudsmanın) Aparatı (1-ci kateqoriya dövlət orqanları) daxildir.
Məsələyə münasibət bildirən komitə üzvləri deyiblər ki, diqqətsizliyə yol veriblər. Müzakirələrdən sonra komitə həmin qanunun məqsədəuyğun olmaması barədə Prezidentin təklifini qəbul edib.
Komitə üzvü Rəfael Cəbrayılov deyib ki, Məhkəmə-Hüquq Şurasının Aparatı məhkəmə hakimiyyətini həyata keçirən ali dərəcəli orqan deyil, ona görə də dövlət başçısının etiraz doğrudur:
“Məhkəmə-Hüquq Şurasının Aparatı ali kateqoriyalı dövlət qulluqçuları sırasına daxil edilmişdi. Amma Konstitusiyaya və “Məhkəmə-Hüquq Şurası haqqında” qanununa görə Məhkəmə Hüquq Şurası hakimlərin özünüidarə orqanıdır. Həmin orqan məhkəmə hakimiyyətini həyata keçirən ali dərəcəli orqan deyil. Biz bunu ali kateqariyalı dövlət qulluqçuları sırasına daxil etməklə, səvhə yol vermişdik. Prezident İlham Əliyev də həmin qanunu imzaladı və geri qaytardı. Bu, tam doğru addımdır”.
Hüquqşünas Ənnağı Hacıbəyli Meydan TV-yə deyib ki, Konstitusiyanın 7-ci maddəsində hakimiyyətlərin bölünməsi prinsipi təsbit olunub:
“Qanunvericilik, icra və məhkəmə hakimiyyəti. Hakimiyyətlər bölgüsü demokratik quruluşu, hüquq dövləti prinsiplərini təmin edən qaydadır. Amma Azərbaycanda Konstitusiyanın həmin bölgüsünə uyğun gəlməyən bir neçə orqan fəaliyyət götərir. Bu, Məhkəmə-Hüquq Şurası, Milli Teleradio Şurası, Dövlət İmtahan Mərkəzi və digərləridir. Belə orqanlara həmin bölgü baxımından yanaşanda klassik mənada hansısa hakimiyyət budağına aid etmək mümkün deyil. Konkret olaraq, Məhkəmə-Hüquq Şurasının sədri ədliyyə naziri Fikrət Məmmədovdur. Ədliyyə Nazirliyi icra hakimiyyəti, Məhkəmə-Hüquq Şurası isə ədalət mühakiməsi orqanıdır. Konstitusiyanın qoyduğu qaydalara uyğun gəlməyən orqanlar sırasında ən klassiki Məhkəmə-Hüquq Şurasıdır. Əslində, hazırda meydana çıxan problemlər də buradan qaynaqlanır. Əgər məhkəmə müstəqil özünüidarə orqanıdırsa, icra hakimiyyətinin burda təmsilçiliyi absurddur, qurumun sədrinin ədliyyə naziri olması isə ikiqat absurddur. Bu, o deməkdir ki, müstəqil sayılmalı hakimiyyət budağı başqa bir hakimiyyət budağının tabeliyində fəaliyyət göstərir”.
Ə.Hacıbəyli hesab edir ki, Məhkəmə-Hüquq Şurası haqqında qanunda bu qurum anormal səlahiyyətləri olan orqan kimi formalaşdırılıb. Bütün dünyada Məhkəmə-Hüquq Şurası məhkəmə hakimiyyətinin müstəqil özünüidarə orqanı kimi qəbul edilir və bu qurumda icra hakimiyyətlərinin təmsilçiləri iştirak etmir.
Hüquqşünas deyir ki, keçmiş postsovet məkanındakı ölkələrdə bu tip qanunlar var:
“Venessiya Komissiyası Bolqarıstan təcrübəsində buna münasibət bildirib ki, məhkəmə hakimiyyətinin özünüidarə orqanında icra hakimiyyətinin təmsilçiləri iştirak edə bilməz. Bu, hakimlərin özünüidarə orqanıdır, peşə təşkilatıdır, ictimai birlik statusunda fəaliyyət göstərməlidir. Məhkəmə-Hüquq Şurası məhkəmə hakimiyyətini müstəqil şəkildə idarə etməli, hakimlərin peşəkar təşkilatı olmalıdır, həm də dünya təcrübəsini öyrənməsi, yeni kadrların hazırlanması səlahiyyətlərini həyata keçirməlidir. Amma Azərbaycan kimi ölkələrdə bu qurum elə təşkil olunub ki, məhkəmə hakimiyyətini icra hakimiyyətinin tabeliyində saxlamaq mümkün olsun. Bu gün Məhkəmə-Hüquq Şurasının üzvlərinin 50 faizdən çoxu icra hakimiyyəti orqanlarında çalışır. Hamısı da prezident tərəfindən Ədliyyə Nazirliyinin iştirakı ilə təyin olunur. Bir daha təkrar edirəm, məqsəd məhkəmə hakimiyyətini icra hakimiyyətinin nəzarətində saxlamaqdır”.
Ə.Hacıbəyli Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin açıqlamasının həqiqətə uyğun olmadığını hesab edir:
“Qanunu məqsədli şəkildə bu qaydada keçiriblər, heç bir diqqətsizliyə və səhvə yol verilməyib. Çünki Milli Məclis müstəqil olmadığına görə ayrı-ayrı nazirliklər istədikləri qanun layihəsini keçirə bilirlər. Sadəcə, Prezident Administrasiyası daha düzgün mövqe tutub və Məhkəmə-Hüquq Şurasının Aparatı ali dərəcəli orqanlar sırasına daxil edilə bilməz. Amma prezidentin veto qoyması problemin həlli demək deyil və Məhkəmə-Hüquq Şurasının statusuna təsir etmir, köhnə qayda yenə də yerində qalır. Hesab edirəm ki, Milli Məclisin müvafiq komitə üzvləri qanunu bilərəkdən bu şəkildə qəbul ediblər, sonradan Prezident Administrasiyası layihəni geri qaytaranda, diqqətsizlik olması bəhanəsini uydurublar”.