Prezident: Özümüzü ərzaq buğdası ilə təmin edə bilmirik

Vahid Məhərrəmov: ”Ət, süd, şəkər, çay və digər ərzaq məhsullarının da idxalı artıb”

Source:


Vahid Məhərrəmov: ”Ət, süd, şəkər, çay və digər ərzaq məhsullarının da idxalı artıb”

Prezident İlham Əliyev 10 aprel müşavirəsində Azərbaycanın yeganə zəif yerinin taxılçılıq olduğunu deyib:

“Bizim yeganə zəif yerimiz taxılçılıqdır. Bunu nəzərə alaraq mən göstəriş verdim ki, Prezident Administrasiyasında geniş müşavirə keçirilsin. Həmin müşavirədə tapşırıqlar verildi. Ondan sonra mən taxılçılığın inkişafı və ilk növbədə təhlilin aparılması ilə bağlı müvafiq sərəncam imzaladım. Burada çox geniş informasiya yığılmalıdır, statistika düzgün təhlil edilməlidir və bir çox suallara cavab verilməlidir”.

Prezident sual edir:  Necə olur ki, biz taxılçılığa bir milyon hektar torpaq ayırmışıq, amma özümüzü ərzaq buğdası ilə təmin edə bilmirik?

“Bu sual sadə səslənsə də onun arxasında bir çox məqamlar var. Ona görə dəqiq təhlil aparılmalıdır, bizə nə qədər ərzaq buğdası, bütövlükdə taxılçılıq üçün torpaq sahəsi lazımdır ki, özümüzü keyfiyyətli buğda ilə, taxılla təmin edək və əlbəttə, idxaldan asılılığı azaldaq. Mənə verilən məlumata görə, biz hər il idxala təxminən 300 milyon manat pul ayırırıq. Burada əlbəttə ki, uçot, təhlil, elektron nəzarət, peyk nəzarəti olmalıdır. Bizim peykimiz var və qısa müddət ərzində torpaqların münbitliyinin, məhsuldarlığının dəqiq analizi aparılmalıdır”, – deyə prezident bildirib.

“Azərbaycanın özünü taxılla tam təmin etmək üçün bütün imkanları var”, – bu açıqlamanı isə 2016-cı ilin yanvarında “Qarabağ-Taxıl” şirkətinin direktoru Rəcəb Orucov trend.az-a verib.

foto sosial şəbəkə

R.Orucov bildirib ki, həmin dövr üçün iri taxılçılıq təsərrüfatlarının yaradılması layihəsi reallaşdırılır və artıq bir neçə belə təsərrüfat yaradılıb: “Bunun sayəsində ölkədə taxıl əkin sahələri təqribən 200 min hektar artacaq”.

“Hazırda taxılçılığı intensiv yollarla da inkişaf etdirmək lazımdır. Yeni innovasiya və texnologiyaları cəlb etməliyik ki, bu da məhsuldarlığın artmasına gətirib çıxaracaq və bizə gələcəkdə əkin sahəmizi nəzərə almaqla özümüzü ərzaq taxılı ilə tam təmin etməyə imkan verəcək”, – Rəcəbov belə deyib.

Lakin o, diqqətə çatdırıb ki, hazırda Azərbaycanda istehsal edilən taxıl daxili tələbatı 100 faiz təmin etməyə imkan vermir:

“Bunun subyektiv səbəbləri var. Təsərrüfatları yüksək keyfiyyətli toxum sortları və düzgün aqrar planla təmin etmək lazımdır. Bu halda daxili taxıl istehsalının həcmi istehlakı tam təmin edə biləcək. Hazırda istehsalımız taxıla tələbatı 60-70 faiz təmin edir, qalan hissə isə alınır”.

Aqrar sektor üzrə ekspert Vahid Məhərrəmov prezidentin müşavirədə dediklərini “sevindirici hal” adlandırıb.

“Nəhayət, hakimiyyət ölkəni ərzaq buğdasıyla təmin edə bilmədiyini və ərzaq təminatının təhlükəli vəziyyətdə olduğunu etiraf etdi”.

Vahid Məhərrəmov

Mütəxəssis deyir ki, Azərbaycan tamamilə idxaldan asılıdır. Yalnız buğda deyil, ət, süd, şəkər, çay və digər ərzaq məhsullarının idxalının artması tendensiyası davam edir. Məsələnin pis tərəfi odur ki, hökumət yalnız ərzaq buğdasında idxaldan asılı olduğunu etiraf edib. Amma bu sahədə ciddi nöqsanlara yol verilir:

“Bugün 1 milyon hektar ərazi taxıl istehsalı üçün istifadə edilir. Bu, ümumi əkin sahəsinin 65 faizidir. Yemlik məhsul üçün sahədə də azalma var. Çünki bir neçə hektar pambığa ayrılıb. Digər tərəfdən onsuz da az olan örüş sahəsinin bir hissəsi pambıq üçün əkinə verilib. Bütün bunlar hökumətin ərzaq təhlükəsizliyi üçün addımlar atmaq əvəzinə özlərinə xeyir verən biznes qurublar”.

Vahid Məhərrəmov deyir ki, Azərbaycanın ərzaq buğdasına olan illik tələbatı 1.7 milyon tondur. Ancaq 2016-cı ildə kənd təsərrüfatı naziri Heydər Əsədov bildirmişdi ki, ölkədə 3 milyon ton taxıl istehsalı proqnozlaşdırılıb.

Ana səhifəXəbərlərPrezident: Özümüzü ərzaq buğdası ilə təmin edə bilmirik