Təhsil işçilərinin maaşı artırıldı
Prezident İlham Əliyev təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisələrində (ali təhsil müəssisələri istisna olmaqla) çalışan işçilərin aylıq vəzifə maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılıb.
Bu, fevral ayının 28-nə qədər olan 90-cı sərəncamdır. Növbədənkənar prezident seçkisi elan olunan gündən – fevralın 5-dən isə 72
sərəncam
verilib. Bu sərəncamların 17-si əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönəlikdir.
Sərəncamlara əsasən, pensiyaçıların, əlillərin, müharibə iştirakçılarının, tələbələrin aspirantların və başqa kateqoriyadan olan şəxslərin təqaüdü 10 faiz artırılıb. Bu artım 4-15 manat arasındadır.
Ən böyük artım prezident təqaüdçülərinindir. Keçirdiyi mətbuat konfransında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov prezident təqaüdçülərinin sayının 9 kateqoriya üzrə 60 minə yaxın olduğunu deyib. Bu ilin sonuna qədər həmin təqaüdçülərə əlavə olaraq büdcədən ümumilikdə 9 milyon 700 min manat ödəniləcək.
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi mərkəzinin rəhbəri Anar Məmmədli Meydan TV-yə bildirib ki, bu tipli sərəncamların konkret olaraq seçki prosesinə təsiri var:
“Prezidentliyə namizəd olan 7-8 nəfərdən biri hal-hazırda ölkə başçısıdır və onun konkret sosial qrupların rifahının yaxşılaşdırılması üçün atdığı addımlar seçkidə həmin şəxslərin səsinin qazanılmasına yönəlib. Təəssüf ki, Azərbaycan qanunvericiliyində bunu tənzimləyən qanun yoxdur. Lakin dünya praktikasına baxsaq görərik ki, bir çox ölkədə seçki qabağı kampaniya zamanı prezident və kabineti istefaya gedir, səlahiyyətləri məhdudlaşdırılır. Bu da seçki kampaniyasının şəffaflığını artırır, namizədləri imkan vermir ki, hər hansısa bir qrup üzərində konkret təsiri olsun. Azərbaycanda isə hal-hazırda qeyri-bərabər vəziyyət hökm sürür, bu da seçki kampaniyasının ədalətliliyinə kölgə salır”.
Keçmiş MSK üzvü Akif Qurbanov isə Meydan TV-yə bildirib ki, namizədlərin bərabərlik anlayışı var və start nöqtəsində hamı eyni olmalıdır:
“Hakimiyyətdə olan şəxs isə həmin statuslardan istifadə edərək bərabərliyi pozur, özünə əlverişli şərait yaradır. Bu da opponentlərinin imkanlarını ciddi şəkildə məhdudlaşdırır. Prezidentin konkret olaraq verdiyi bu sərəncamlar, maaşların, pensiyaların artırılması bəlli kateqoriyada olan seçicilərin rəyinə təsir edir. Qanunda tənzimləmə olmasa belə, demokratik ölkələrdə seçki ənənəsi belə addımlara icazə verə bilməz. Bu kimi sərəncamların məqsədi seçiciləri inandırmaqdır ki, maaş artımı davamlı olacaq”.