Prezident İlham Əliyev və Şeyxin adı keçən məhkəmə işinə baxıldı

Məhkəmədə məlum olub ki, bir sıra sənədlər iş materialları arasında yoxdur: mübahisə predmeti olan ərazinin Seymur Quliyevin mülkiyyətində olduğunu sübut edən çıxarışın notarial qaydada təsdiqlənmiş surəti, onunla Salahzadələr arasındakı məhkəmə çəkişmələrinin qərarları və s.

Source: meydan.tv


Prosesə jurnalistlər buraxılmayıb

Sabunçu Rayon Məhkəməsində paytaxt sakini Seymur Quliyevin deputat Əliabbas Salahzadə, həyat yoldaşı Xatirə Salahzadə, atası, keçmiş deputat Qalib Salahzadəyə qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib.

İddia ərizəsində deputatın qayınatası, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə üçüncü şəxs, prezident İlham Əliyev isə maraqlı şəxs qismində qoyulub.

Seymur Quliyev iddia ərizəsində göstərib ki, bütün sənədlər, mülkiyyət hüququnu təsdiq edən çıxarışla ona məxsus olan Bilgəh qəsəbəsi, dəniz sahilində 20 sot torpaq sahəsində iki və üç mərtəbəli evləri Salahzadələr tərəfindən zəbt olunaraq sökülüb, ailə üzvləri zorla oradan çıxarılıb. Həmin əraziyə Xatirə Salahzadənin adına çıxarış alınıb. Bir neçə ildir ki, ona məxsus əmlakın ərazisindən deputatın ailəsi avtodayanacaq kimi istifadə edərək, gəlir əldə edir.

İyunun 24-də hakim Tahirə Əsədovanın sədrliyilə keçirilən məhkəmə iclasında jurnalistlər buraxılmayıb. Seymur Quliyev buna etiraz edib. Hakim deyib ki, pandemiya ilə əlaqədar məhkəmə zalına 10 nəfərə qədər adamın buraxılmasına icazə verilir. Seymur Quliyev cavabında deyib ki, zalda cəmi beş nəfər şəxs var. Yəni icazə verilən sayda da adam buraxılmayıb.

Cavabdehlərin heç biri məhkəmədə iştirak etməyib, onları prosesdə vəkil təmsil edib. Lakin Meydan TV-nin əməkdaşı məhkəmə başlamamışdan öncə Qalib Salahzadənin Sabunçu Rayon Məhkəməsinin inzibati binasına daxil olmasının şahidi olub.

Məhkəmədə məlum olub ki, bir sıra sənədlər iş materialları arasında yoxdur: mübahisə predmeti olan ərazinin Seymur Quliyevin mülkiyyətində olduğunu sübut edən çıxarışın notarial qaydada təsdiqlənmiş surəti, onunla Salahzadələr arasındakı məhkəmə çəkişmələrinin qərarları və s.

Seymur Quliyev bildirib ki, həmin sənədləri iddia ərizəsinə əlavə edib, məhkəməyə göndərib. Hakim isə o sənədlərin materialların arasında olmadığını deyib. İddiaçı onları yenidən məhkəməyə təqdim edəcəyini söyləyib: "Sadəcə, maraqlıdır ki, o sənədlər necə yoxa çıxıb? Onsuz da onların əsli məndədir, lazım olduğu vaxt təqdim edəcəm".

1610546122_1.jpg
Seymur Quliyev

Daha sonra iddiaçı Sabunçu rayonu, Bilgəh qəsəbəsində 20 sot ərazisi olan bağın zəbt olunması, ərazidəki iki evin sökülməsi, indiyədək əmlakından istifadə edə bilməməsindən danışıb. Bildirib ki, Bilgəhdə dəniz sahilində yerləşən sözügedən əmlakı 2004-cü ildə alqı-satqı yoluyla əldə edib, onun mülkiyyət hüququnu təsdiqləyən çıxarış alıb. 2012-ci ildə Qalib Salahzadənin ailə üzvləri onun mülkiyyətində olan bağ evinə iddia edib. Qalib Salahzadənin gəlini Xatirə Salahzadənin adına çıxarış alınıb. Quliyevlər ailəsi isə zorla bağ evindən çıxarılıb, ərazidə olan iki ev sökülüb. İllərlə davam edən məhkəmə prosesləri nəticəsində Xatirə Salahzadənin adına olan çıxarış ləğv edilib, onun mülkiyyət hüququnu məhkəmələr də tanıyıb.

Seymur Quliyev deyib ki, Salahzadələr ailəsinin özbaşınalığı nəticəsində özünə məxsus əmlakdan istifadə edə bilmir: “Mülkiyyət sənədilə mənə məxsus olan ərazidə, dağıdılmış əmlakımın yerində 5 ildir ki, pullu dayanacaq yaradıblar".

Cavabdeh tərəfin vəkili Salahzadələrin iddiaçının mülkiyyətini zəbt etməsi barədə dediklərini təkzib edib.

Seymur Quliyev vəsatət qaldırıb ki, məhkəmə hadisə yerinə baxış keçirsin.

Hakim Allahşükür Paşazadənin bu işə aidiyyəti olmadığını bildirərək, Seymur Quliyevə iddiaya dəyişik etməsini məsləhət görüb: "Xatirə Salahzadənin onun qızı olması onun da bu məsələyə görə məsuliyyət daşıması anlamına gəlmir".

Lakin Seymur Quliyev bildirib ki, müxtəlif dövlət orqanlarında bu problemin həll olunmamasının səbəbkarlarından biri kimi Allahşükür Paşazadənin adını çəkirlər.

Məhkəmə prosesi iyulun 22-nə qədər təxirə salınıb.

Seymur Quliyev iddia ərizəsində prezidentin maraqlı şəxs qismində qoyulmasını isə belə əsaslandırıb: “Doqquz ildir ki, cənab prezidentə 2000-dən artıq şikayət yazmışam, media vasitəsilə dəfələrlə müraciət etmişəm. Təkadamlıq aksiyalar keçirməklə bir Azərbaycan vətəndaşına qarşı baş verən misli görünməmiş cinayətə cənab prezidentin diqqətini cəlb etməyə çalışmışam. Bütün səylərimə baxmayaraq, konstitusion hüququm olan mülkiyyət hüququ 9 ildir ki, kobud şəkildə pozulur. Bu səbəbdən də Konstitusiyamızın qarantı olan cənab prezidenti işdə maraqlı şəxs qismində cəlb edirəm ki, mənə qarşı baş verən qanunsuzluqları onun diqqətinə çatdırmaq mümkün olsun”.

Seymur Quliyevə qarşı baş verənlərlə əlaqədar Daxili İşlər Nazirliyində istintaqı aparılan cinayət işinin materialları 2020-ci ildə Baş Prokurorluğa göndərilib. Seymur Quliyev Meydan TV-yə bildirib ki, o vaxtdan da cinayət işi üzrə icraat dayandırılıb: “Rəsmi qərar var ki, Qalib Salahzadənin hərəkətlərində Cinayət Məcəlləsinin 186.2.1 (özgə əmlakını məhv etmə, külli miqdarda ziyan vurmaqla törədildikdə), və 188.4.1 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma təkrar törədildikdə), 308.2 (vəzifə səlajiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma, zor tətbiq etməklə törədildikdə) və 222-2.1 (müvafiq icazə almadan suların mühafizə zonalarında tikinti və ya quraşdırma işləri aparma) maddələrinin tərkibi müəyyənləşdirilib. Mən cinayət işi üzrə zərərçəkmiş qismində tanınmışam. Vəzifə cinayətlərilə bağlı maddələrin istintaqının davam etdirilməsi üçün prokurorluq Daxili İşlər Nazirliyinə razılıq verməlidir, həvalə etməlidir. Bundan sonra Qalib Salahzadə təqsirləndirilən şəxs qismində tanınmalıdır. Buna görə prokurorluq qarşısında vəsatət qaldırılıb. Materiallar da prokurorluğa göndərilib. Prokurorluq isə heç bir addım atmır. Bir ildir ki, icraat dayandırılıb”.

Ana səhifəSosialPrezident İlham Əliyev və Şeyxin adı keçən məhkəmə işinə baxıldı