Prezident icbari tibbi sığortanın tətbiqinə dair Fərman imzalayıb

Adil Qeybulla: ”Çoxlu sənədlər imzalansa da icbari tibbi sığorta hələ də tətbiq olunmayıb”

Source: president.az
İlham Əliyev sərəncam imzalayır (arxiv foto)
İlham Əliyev sərəncam imzalayır (arxiv foto)


Adil Qeybulla: ”Çoxlu sənədlər imzalansa da icbari tibbi sığorta hələ də tətbiq olunmayıb”

Azərbaycan prezidenti İlham Əliyev icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında

Fərman

imzalayıb.

Fərmana əsasən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi (TƏBİB) yaratmalıdır.

Dövlət başçısının imzaladığı sənədə əsasən, 2020-ci il yanvarın 1-dən Səhiyyə Nazirliyinin tabeliyindəki dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələri (Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi və onun şöbələri, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, habelə onun tabeliyindəki dezinfeksiya stansiyaları və profilaktik dezinfeksiya şöbələri, Əczaçılıq və Tibb Sənayesi Birliyi, tibb tədris müəssisələri, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və onun Masallı rayon filialı, Milli Onkologiya Mərkəzi və onkoloji xəstəxanalar (dispanserlər), Respublika Leproz (Cüzam) Xəstəxanası, taun əleyhinə stansiya və şöbələr, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Respublika QİÇS-lə Mübarizə Mərkəzi, ailə planlaması məsləhətxanaları və mərkəzləri, ailə və nikah məsləhətxanaları, “Tibb” qəzeti, “Azərbaycan Tibb Jurnalı”, Dövlət Elmi-Tibbi Kitabxanası, Azərbaycan Təbabəti Muzeyi, “Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi” və “Azərtibbtəchizat” məhdud məsuliyyətli cəmiyyətləri, İnnovasiya və Təchizat Mərkəzi, sanatoriyalar və kurort üsulları ilə müalicə edən tibb müəssisələri, Bakı Sağlamlıq Mərkəzi, Talassemiya Mərkəzi və Tikilməkdə Olan Müəssisələrin Müdiriyyəti istisna olmaqla) TƏBİB-in tabeliyinə verilir.

TƏBİB onun tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin idarə edilməsini və bu sahədə nəzarəti həyata keçirəcək.

TƏBİB-in tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinə münasibətdə vahid tənzimləməni İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi həyata keçirəcək.

TƏBİB-in fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti üç üzvdən ibarət İdarə Heyəti həyata keçirəcək. İdarə Heyətinin sədrini və digər üzvlərini İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri vəzifəyə təyin və vəzifədən azad edəcək.

Nazirlər Kabineti üç ay ərzində prezidentin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb prezidentə təqdim edəcək.

Professor Adil Qeybulla Meydan TV-yə xatırladıb ki, 1999-cu il prezident fərmanından sonra tibbi sığorta haqda çoxlu sənədlər imzalansa da icbari tibbi sığorta hələ də tətbiq olunmayıb.

O hesab edir ki, Azərbaycan icbari tibbi sığortanın tətbiqindən əvvəl konkret bir ölkənin modelini qəbul etməlidir:

“Azərbaycana yaxın ölkə kimi Türkiyə modelini götürmək olar. Bu modelin effektiv işləməsi üçün Türkiyənin getdiyi yolla getmək lazımdır. Hazırda qurum yaradılıb və icbari tibbi sığortaya cavabdehdir. Ona görə hansısa formatda tətbiq edilməlidir. Düzdür, başlayanda nöqsansız olmayacaq, amma proses getdikcə nöqsanlar tədricən aradan qalxacaq”.

Adil Geybulla
Adil Geybulla

Professor bildirib ki, ilk növbədə doğuş və təxirəsalınmaz yardım sığortanın tam predmeti olmalıdır:

“Ana-uşaq müdafiəsi, onkoloji, virus hepatitlər xəstəliklər bura daxil edilməlidir. Bəli, onkoloji xəstəliklərin müalicəsi xeyli bahalıdır, amma buna baxmayaraq ümumi hesablama aparıb buna uyğun struktur qurmaq mümkündür”.

Ana səhifəXəbərlərPrezident icbari tibbi sığortanın tətbiqinə dair Fərman imzalayıb