Azərbaycanın öz maraqları orbitasına daxil edilməsində maraqlı olan Tehranın Bakı ilə əməkdaşlığı ABŞ-ın maraqları və müəyyən dərəcədə Azərbaycanda maraqları olan əhəmiyyətcə ikinci dövlətin – Rusiyanın maraqları ilə təmas sərhədinin imkan verəcəyi qədər ehtiyatla inkişaf etdirəcək
Azərbaycan prezidenti İlham Əliyevin fevralın 23-də İrana bir günlük rəsmi səfəri axşam saatlarında gözlənilmədən yekunlaşıb. Səfər cəmi 10 saat çəkib. Əliyev, demək olar ki, belə qısa səfərlər etmir, bu da Azərbaycan və İran liderlərinin danışıqlarının təcili və mühüm olduğunu göstərir.
Danışıqlar başa çatdıqdan sonra iki ölkə prezidenti tarixi, mədəni və dini birliyə diqqət çəkiblər və daha çox qarşılıqlı səmərəli imtiyazlar əldə etmək məqsədilə iki ölkəni yaxınlaşdıra biləcək iqtisadi layihələri önə çəkiblər.
İran prezidenti Həsən Ruhani qeyd edib ki, əməkdaşlığın genişləndirilməsi üçün ABŞ sanksiyalarının aradan qaldırılması yol açır. Və bu mənada o, haqlıdır, belə ki, Tehranın anti-Amerika mövqeyi və Bakının Amerikayönlü manevrləri son 25 ildə iki ölkə arasında müəyyən gərginlik yaradırdı. Bəzən bu gərginlik kifayət qədər yüksək olurdu.
Bəli, prezidentlərin sözlərinə görə, danışıqlarda əməkdaşlığın nəqliyyat, əsasən Şimal-Cənub dəmir yolu dəhlizi, enerji resurslarının birgə işlənməsi, onların emalı və satışı, müxtəlif sahələrdə qarşılıqlı investisiya layihələrinin həyata keçirilməsi, regioanal sabitlik və terrorizmə qarşı mübarizə kimi strateji istiqamətləri müzakirə olunub.
Amma yenə də, Əliyev niyə belə təcili qısa müddətli İrana getməli oldu?
Çox güman ki, rəsmi Bakı Qərb sanksiyalarının ləğvindən sonra beynəlxalq işgüzar cəmiyyət üçün biznes Klondaykına çevrilən İranla özünə sərf edən iqtisadi münasibətlər qurmağa tələsir. Azərbaycanda neft qiymətlərinin gündən-günə ucuzlaşması ilə əlaqədar dərinləşən maliyyə-iqtisadi böhran Əliyev komandasını ölkə hüdudlarından kənardan maliyyə axınları axtarmağa məcbur edir. Dünya Bankı, BVF, AYİB və s. ilə danışıqlar hələlik arzuolunan nəticələri vermir. Bu Amerikayönlü qurumlar geniş islahatlar həyata keçirilməsi şərtilə Azərbaycanı maliyyələşdirməyə hazırdır ki, bu da hələlik rejim tərəfindən pis qarşılanır. Lakin Fars körfəzinin nüfuzlu ölkələrindən maliyyə dəstəyi tapmaq üzrə alternativ cəhdləri də hələlik nəticə vermir. Bu, prezident Əliyevin Səudiyyə Ərəbistanına, Əmirliklərə səfərlərinin nəticələrindən görünür.
Əliyev komandasının gələcək perspektivli layihələrdə İranın operativ maliyyə dəstəyinə ümid etdiyi reallığa yaxındır. Amma burada iki “amma” var. Birincisi, bütün şirin Şərq ritorikasına baxmayaraq, İran Bakıdakı rejimə maliyyə yardımını siyasi maraqları ilə əlaqələndirəcək. Bu maraqlar Tehrandakı klerikal rejimin rəsmi ideologiyasının Azərbaycandakı təsirinin gücləndirilməsindən ibarətdir. İkincisi, inkişafı bu gün də ABŞ-ın regiondakı siyasətindən asılı olan İran Azərbaycanda belə Vaşinqtonun maraqlarına zidd hərəkət etməyəcək. Sanksiyaların ləğvi və İranın Amerikanın Suriyada əmin-amanlıq üzrə layihəsində iştirakı arasındakı əlaqə bunun əyani nümunəsidir.
Azərbaycanın öz maraqları orbitasına daxil edilməsində maraqlı olan Tehranın Bakı ilə əməkdaşlığı ABŞ-ın maraqları və müəyyən dərəcədə Azərbaycanda maraqları olan əhəmiyyətcə ikinci dövlətin – Rusiyanın maraqları ilə təmas sərhədinin imkan verəcəyi qədər ehtiyatla inkişaf etdirəcək.
Tərəflərin eyni zamanda öz maraqlarını da qoruyub saxlamaqla yaxınlaşmasının yeganə səmərəli variantı islahatlardır. Onların mahiyyəti əvvəllər hər iki ölkənin təbliğ etdiyi kimi dünyaya bağlanmaqdan deyil, əksinə, açılmaqdan ibarətdir. Mahiyyətcə, İran artıq yaxın beş ildə ölkəni əsaslı şəkildə dəyişdirəcək qlobal reformasına başlayıb. Praktiki olaraq xarici maliyyə asılılığına düşmüş Azərbaycan hökuməti isə gecikir və təcrid vəziyyətində qalmaqla risk edə bilər. Amma, əlbəttə ki, qısa müddətlik. Sərhədlər boyunca gedən islahatçı proseslər formalaşmış avtoritar sistemin qorunub saxlanması üçün şans qoymur.