İzzət Xanım Cavadova

Mənbə: İbizaTimes

Başlıq: İzzət Xanım Cavadova

Prezident Əliyevin əmisi qızının şübhəli gəlirləri

Məqalə yeniləndi:  1 İyul 2021

Orijinal olaraq yayımladıOCCRP

Prezident Əliyevin əmisi qızının şübhəli gəlirləri

“Mikaela Jav”, uzun müddətdir coşğulu gecə həyatı ilə tanınan İspaniyanın İbiza adasında yoluxucu elektronik musiqi səsləndirən DJ kimi ad çıxarıb. 2015-ci ilin yaz aylarında şənbə günləri keçirilən “Mikaela və dostları” ziyafətinin təşkilatçısı “Facebook”da aktiv iştirak edərək, Yunanıstan, Tayland və Las-Veqasdan ehtiraslı, varlı cəmiyyətə məxsus fotolar yayımlayıb.

İspaniya mətbuatına verdiyi bir reportajda DJ Mikaela İbizaya olan sevgisindən, musiqiyə olan həvəsindən və evi kimi təsvir etdiyi Rusiyadakı həyatından danışıb.

Faktiki olaraq OCCR “Transparency International” təşkilatının İngiltərə şöbəsi ilə birgə apardığı araşdırmada aşkar edib ki, "Michael Jav" Azərbaycan Prezidenti İlham Əliyevin əmisi qızı İzzət Xanım Cavadovadır. (Cavadovanın səhnə adı olan Mikaela onun 22 yaşlı qızının adıdır).

Son bir neçə il ərzində Cavadova və həyat yoldaşı Süleyman Cavadovun Milli Cinayət Agentliyi (MCA) tərəfindən "korrupsiya, oğurluq və mənimsəmə" ilə əldə edilən gəlir olduğundan şübhə edilən milyonlarla funt-sterlinqə sahib olmaları onları ingilis istintaqının hədəfinə çevirib.

Bu istintaq haqqında ötən il “Evening Standard” qəzeti xəbər yayıb və məqalədə "azərbaycanlı cütlüyün" şübhəli mənbələrdən 13,9 milyon funt sterlinq (təxminən 19,6 milyon dollar) aldıqlarını göstərən sənədlər üzə çıxarılıb.

OCCRP, İbizanı sevən DJ və həyət yoldaşının məhz haqlarında istintaq işi aparılan cütlük olduğunu daha öncədən müəyyən edib. Lakin “Evening Standard” qəzetinin adların anonim saxlanılmasına dair qərarın ləğv olunması üçün müraciət etdiyi məhkəmədə işi yeni udduğu üçün bugünədək adları açıqlaya bilməyib.

Milli Cinayət Agentliyinə görə, Cavadovlar İngiltərədəki hesablarına vəsait toplamaq üçün əsasən ofşor yurisdiksiyalarda yerləşən 20 qeyri-şəffaf şirkət şəbəkəsindən istifadə ediblər. Nəticə olaraq, agentlik iddia edir ki, pullar "bank əməliyyatları sırasında yoxlanıla bilən bir iz belə buraxılmadan" axıdılıb.

İbiza adasındakı “Mikaela Jav” ziyafətlərindən birinin reklamı

İbiza adasındakı “Mikaela Jav” ziyafətlərindən birinin reklamı

Mənbə: Jalal-Aliyev.az

MCA-nin müstəntiqləri, bu şirkətlərdən altısının OCCRP-nin 2017-ci ildə üzə çıxardığı çoxməqsədli maliyyə axını üçün vasitəçi olan “Azərbaycanın Pulyuyan Maşını”nın bir hissəsi olduğunu ortaya çıxarıb. Bu sistem ölkənin hakim elitasının pulu mənimsəməsinə, vergilərdən yayınmasına, çirkli pulların yuyulmasına və Avropa Parlamentindəki millət vəkillərinə rüşvət verilməsinə və qeyri-qanuni vəsaitlərin Azərbaycandan daşınmaz əmlak aldıqları və dəbdəbəli həyat yaşadıqları Qərbə yönləndirilməsinə imkan yaradıb.

Sızdırılan bank sənədləri göstərir ki, Cavadovlar ailəsinin milyonlar aldığı altı şirkətin, habelə OCCRP-nin müəyyən ettiyi, lakin müstəntiqlər tərəfindən nəzərdən qaçırılan yeddinci şirkətin, “pulyuyan maşın”la bağlı digər şübhəli əməliyyatlarda adı çəkilib.

Əvvəlki araşdırmalar bir çox yüksək vəzifəli azərbaycanlının “pulyuyan maşın”dan istifadə etdiyini göstərsə də, Cavadova Əliyevlər ailəsinin bunu həyata keçirən ilk üzvüdür.

Prezident İlham Əliyev iyirmi ildir neftlə zəngin Qafqaz ölkəsini dəmir yumruqla idarə edir və vəzifədə olduğu dövr kütləvi informasiya vasitələrinin azadlığı və insan haqlarının pozulması ilə yadda qalır. Əliyevlər ailəsi onun dövründə olduqca böyük sərvət əldə edib.

Süleyman Cavadov qızları ilə birlikdə həyat yoldaşının atası Cəlal Əliyevin dəfn mərasimində

Süleyman Cavadov qızları ilə birlikdə həyat yoldaşının atası Cəlal Əliyevin dəfn mərasimində

Mənbə: Azərbaycan Milli Elmlər Akademiyası

İnandırıcı İzahatlar

İzzət Cavadova və Süleyman Cavadov Azərbaycanın tanınmış simaları olmasa da, mərhum babası millət vəkili, atası isə ötən ilə qədər energetika nazirinin müavini olub.

Atasının tutduğu mövqe Cavadovu “siyasi cəhətdən ifşa olunan şəxs” edib və o, çirkli pulların yuyulmasına qarşı mübarizə tənzimləmələrinə əsasən əlavə araşdırmalara məruz qalmalı idi. Lakin MCA-nin araşdırmasına görə Cavadov, hesab açdığı ingilis bankı “Coutts”a "energetika nazirinin müavini ilə heç bir əlaqəsi olmadığını və sadəcə o şəxsin adaşı olduğunu" söyləyib.

Cavadovların gəlir mənbələri barədə banka verdikləri izahatları da MCA-nə dedikləri ilə uyğun gəlmir. Müstəntiqlər, İzzət Xanımın banka Azərbaycandakı bir əmlak şirkətindən kirayə gəliri alacağını söylədiyini ortaya çıxarıb.

Lakin məhkəmə sənədləri onların aldıqları məbləğin Böyük Britaniya banklarına açıqladıqları kimi “kirayə gəlirlərindən qat-qat çox” olduğunu üzə çıxarıb.

Cütlük, 20 şirkətdən ikisinin pul köçürməsini əsaslandırmaq üçün sənəd kimi 250 kirayə müqaviləsi və iş müqaviləsi təqdim edib. Məhkəmədə təqdim olunan sənədlərdə iddia olunur ki, bu ikisi birlikdə 2015 və 2018 illəri arasında 2.4 milyon dollar pul köçürüb.

Bununla birlikdə, MCA məhkəməyə müqavilələrin tarixlərinin köçürmələrlə üst-üstə düşmədiyini və iş müqaviləsinin pul köçürməsinin həyata keçirilməsindən sonrakı tarixə təsadüf etdiyini söyləyib. Bundan əlavə, prokurorluq Cavadovun bu müqavilədəki imzasının etibarlılığına və offşor şirkətlərdən istifadə etmək niyyətinə şübhə ilə yanaşıb.

Onlar cütlüyün istifadə etdiyi müxtəlif şirkətlərdən bəhs edərək məhkəməyə belə yazıb: "Estoniyada (ya da Latviyada) bank hesabından istifadə edərək Azərbaycandakı mülkləri idarə etməkdən ötrü nə üçün Şotlandiya və ya İrlandiya Məhdud Tərəfdaşlıq şirkətindən və ya “Seyşel” şirkətindən istifadə edilməsi haqqında heç bir açıqlama verilməyib?"

MCA-nin müstəntiqləri qeyd olunan 20 şirkətdən heç birinin Azərbaycanda yerləşmədiyini, bu səbəbdən Cavadovların əmlaklarını kirayə götürmələrinin mümkün olmadığını qeyd ediblər. Bu, həm də ödənişlərin heç birinin birbaşa Azərbaycandan gəlmədiyini göstərir.

MCA-ya görə, Cavadovlar "aldıqları pulların kirayəçilərdən deyil, qanunsuz pul yumaq məqsədilə qurulan şirkətlərdən aldıqlarını bilirdilər".

Süleyman Cavadov qayınatası Cəlal Əliyev üçün keçirilən anım mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin yanında oturur.

Süleyman Cavadov qayınatası Cəlal Əliyev üçün keçirilən anım mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin yanında oturur.

Mənbə: president.az

"Mövcud məlumatlara görə, alınan məbləğlər Azərbaycandakı daşınmaz əmlak portfellərindən əldə edilən kirayə haqqından (manatla) xeyli çoxdur",- deyə məhkəmə sənədlərində qeyd olunub.

"Çox güman ki, onlar sadəcə Azərbaycanda əlaqədə olduqları nüfuzlu şəxslər tərəfindən və ya onların adından edilən ödənişlərdən faydalanırlar".

Alternativ pulköçürmə sistemi

MCA-nin müstəntiqləri Cavadovların istifadə etdiyi və pul transferləri üçün vasitəçi olan şirkətlərdən birinin Cavadovlar şirkəti və əmlakların idarə edilməsiylə əlaqəsi olmadığını qeyd edib.

Məsələn, onlar bu şirkətin Azərbaycana fiber optik kabel tədarük edən başqa bir şirkətə pul verdiyini bildirib. Fakturanın üzərində adı olan şəxs isə Azərbaycan Gənclər və İdman Nazirliyinin əməkdaşı olub.

"Bu, “pulyuyan maşın”a uyğun olaraq qanuni ticarət fakturalarında göstərilən ödənişləri etmək üçün istifadə olunan alternativ bir pulköçürmə sistemidir",- deyə müstəntiqlər qeyd edib.

"Bu halda, Azərbaycan dövlət müəssisəsinə verilmiş mallara görə əvvəlcədən ödənişlərin edilməsi üçün istifadə olunduğu görünür", - onlar əlavə edib.

Cavadovlar ailəsi digər 18 şirkət barədə heç bir açıqlama verməyib və onları tanıdıqlarını inkar ediblər. MCA-nin əldə etdiyi sənədlərə görə, Süleyman Cavadovun 2012 və 2013-cü illərdə banka verdiyi izahatda, üç şirkətin onunla ticarət əlaqələri olan broker şirkəti olduğunu bildirdiyini nəzərə alsaq, bu, mübahisəli görünür.

Britanyalı müstəntiqlər Cavadovların Azərbaycanda qanuni gəlir mənbəyi olub-olmadığını müəyyənləşdirməyiblər və bunun istintaqın hüdudlarından kənarda olduğunu deyiblər. Lakin müstəntiqlər Cavadovların hərçənd "kirayə gəliri" və "böyük sərvət əldə etmək" imkanlarına sahib olsalar da, İngiltərədəki hesablarına köçürülən vəsaitlərin əmlak gəliri olma ehtimalının olmadığını qeyd ediblər.

"Məhkəmədən qaldırılacaq sual Britanyada alınan vəsaitin başqa (daha çox birbaşa) mənbədən gəlib- gəlmədiyi və qanunsuz olaraq əldə edilib- edilmədiyi barədə olmalıdır",- deyə müstəntiqlər mübahisə ediblər.

Cavadovların bank hesablarına yatırılan və MCA tərəfindən dondurulmuş 6,5 ​​milyon funt sterlinq (9,2 milyon dollar) barədə hakim tərəfindən qərar veriləcək. İş üzrə məhkəmə dinləmələri iyul ayında başlayacaq.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  1 İyul 2021

Orijinal olaraq yayımladıOCCRP

Bölmələr:  
qısa linklər:   http://mtv.re/11k26g

Ən çox baxılan