Mənbə: President.az

''Diqlas'' Ticarət Mərkəzində yanğınla əlaqədar cinayət işi açılıb

Məqalə yeniləndi:  28 Mart 2019

Prezident komissiya yaradıb

Azərbaycan Prezidenti İlham Əliyev Bakının 8-ci km adlanan ərazisində yerləşən “Diqlas” Ticarət Mərkəzində baş verən yanğınla bağlı komissiya yaradılması barədə sərəncam imzalayıb.

Sərəncama əsasən, komissiyanın yaradılması Nazirlər Kabinetinə tapşırılıb.

Sənəddə qeyd olunur ki, komissiya baş vermiş hadisənin səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmalıdır. Komissiya görülən işlər barədə prezidentə məlumat verməlidir.

Bundan əvvəl prezidentin yanında yanğınla əlaqədar müşavirə keçirilib.

İlham Əliyev müşavirədə bildirib ki, insan itkisi olmasa da, orada çalışan insanlara maddi ziyan dəyib.

Prezident bildirib ki, sahibkarlara dövlət tərəfindən dəstək göstəriləcək.

“Adətən inkişaf etmiş ölkələrdə belə hadisələr baş verdikdə burada bütün maliyyə yükünü sığorta şirkətləri öz üzərinə götürür, bütün mallar sığortalanır. Ancaq əfsuslar olsun ki, Azərbaycanda sığorta sahəsində boşluqlar var və bir çox hallarda biz bunu görürük. Bütövlükdə, sahibkarlara məsləhət görülür ki, onlar öz əmlakını sığortalatsınlar. Belə olan halda tam əmin ola bilərlər ki, bədbəxt hadisə baş verdikdə onların əmlakı batmayacaq”.

İlham Əliyev deyib ki, yanğınla bağlı ilkin versiyalar var və kamera müşahidəsi yanğının hardan başladığını deməyə imkan verir.

“Eyni zamanda, bütün ticarət mərkəzlərində ciddi təftiş işləri aparılmalıdır, təhlükəsizlik tədbirləri gücləndirilməlidir. Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti qurumlar, Bakı Şəhər İcra Hakimiyyəti, rayon, şəhər icra hakimiyyətləri bu işlərlə çox ciddi məşğul olmalıdırlar. Təhlükəsizliklə bağlı olan bütün məsələlər ən yüksək standartlarda təmin edilməlidir”.

Baş Prokurorluq baş vermis hadisə ilə bağlı cinayət işinin başlandığını bildirib.

“Cinayət işi üzrə Baş Prokurorluq, Fövqəladə Hallar, Daxili İşlər və Vergilər Nazirliklərinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb”.

Cinayət işinin icraatı Azərbaycan Respublikası Baş prokurorunun qərarı ilə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə tapşırılıb.

Məlumatda deyilir ki, Cinayət Məcəlləsinin 225.2 (Yanğın təhlükəsizliyi qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə istintaqı aparılan cinayə işi üzrə hadisəsinin baş vermə cəbəblərinin, sahibkarlara dəymiş ziyanın müəyyən edilməsi, eləcə də cinayəti törətməkdə təqsirli şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Baş Prokurorluq hadisə nəticəsində zərərçəkmiş vətəndaşlardan, eləcə də hadisə ilə bağlı məlumatlı şəxslərdən Nizami rayon prokurorluğunda yaradılmış Qərargaha və Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin telefonlarına zəng etmələrini xahiş edib.

Martın 26-da səhər saatlarında paytaxtın Nizami rayonundakı "Diqlas" Ticarət Mərkəzində yanğın baş verib.

Yanğın nəticəsində ticarət mərkəzi yararsız hala düşüb və alov yaxınlıqdakı ticarət obyektlərinə də keçib. Ərazidəki insanlardan bir neçəsi tüstüdən zəhərlənib, onlar təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılıblar. Yanğın elektrik naqillərini sıradan çıxarıb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  28 Mart 2019
Bölmələr:  
qısa linklər:   http://mtv.re/q5lu7v

Ən çox baxılan