Milli Məclis bir neçə qanunu dəyişib
Azərbaycanın Dövlət müşaviri və Azərbaycan Prezidentinin Administrasiyası rəhbərinin müavini vəzifələri ləğv edilib. Bununla bağlı “Dövlət qulluğu haqqında” qanunun 11-ci (İnzibati və yardımçı vəzifələrin təsnifatı) maddəsinə dəyişiklik olunub.
Hazırda inzibati və yardımçı vəzifələrin təsnifatında Azərbaycan Respublikası Prezidentinin Administrasiya rəhbərinin, Prezidentinin Administrasiyasında Azərbaycan Respublikasının Birinci Vitse-prezidentinin fəaliyyətini təmin edən struktur bölmənin rəhbərinin, Milli Məclisinin Aparat rəhbərinin, Konstitusiya Məhkəməsinin Aparat rəhbərinin, Azərbaycan dövlətinin başçısının icra səlahiyyətlərini həyata keçirən orqanın Aparat rəhbərinin, Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanların rəhbərlərinin, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Aparat rəhbərinin vəzifəsi var.
Hesablama Palatasının səlahiyyəti artırıldı
Hesablama Palatasına isə yeni səlahiyyət verilib. “Hesablama Palatası haqqında” qanuna edilən dəyişikliyə görə, dövlət əmlakının idarə edilməsinə, onun barəsində sərəncam verilməsinə, dövlət büdcəsinin icra olunmasına palata nəzarət edəcək.
Həmçinin Palata dövlət əmlakının özəlləşdirilməsindən əldə edilən vəsaitlərin dövlət büdcəsinə daxil olmasına, hüquqi şəxslərə və bələdiyyələrə dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə istifadə edilməsinə nəzarət edilməsi zamanı inzibati xəta və ya cinayət əlamətləri görərsə, müvafiq materialları aidiyyatı icra hakimiyyəti orqanına və ya Baş Prokurorluğa göndərməlidir.
“Hesablama Palatası haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi “Büdcə sistemi haqqında” qanuna dəyişikliklər edilməsi barədə 2016-cı il 14 oktyabr tarixli qanunun icrası məqsədilə hazırlanıb. Qanunun qüvvədə olan mətni yalnız cinayət əlamətləri olan hüquqpozmalarla bağlı materialların aidiyyəti üzrə göndərilməsini nəzərdə tutursa, təklif olunan variant həm də, inzibati xəta əlamətləri olan hüquqpozmaları əhatə edir.
Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti artırıldı
Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması müddəti 2021-ci il yanvarın 1-dək uzadılıb. Bununla bağlı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanun layihəsi qəbul olunub. Qanun qida və dərmanların keyfiyyəti ilə bağlı yoxlamalara tətbiq edilməyəcək.
2015-ci ildəki sənəddə yoxlamaların dayandırılmasının noyabrın 1-dən hesablanmaq şərti ilə 2 il müddətinə nəzərdə tutulduğu qeyd olunurdu. Bu müddətdə yalnız vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar da müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır. Qanunun müddəaları korrupsiya cinayətlərinin araşdırılması ilə əlaqədar Baş Prokurorluq tərəfindən aparılan yoxlamalara şamil edilmir. Sahibkar bu qanunun tələbləri pozulmaqla həyata keçirilən yoxlamalardan müvafiq icra hakimiyyəti orqanına, prokurorluq orqanlarına inzibati və məhkəmə qaydasında şikayət verə bilər.