Prezident Administrasiyası ilə siyasi partiyaların görüşünün vaxtı məlum deyil

“Sonuncu görüşdə parlament seçkiləri ilə bağlı seçki islahatı, proporsional seçki sisteminin bərpa olunması və
siyasi məhbus məsələlərinin müzakirəsi ilə bağlı təkliflər vermişik”

Source:


“Sonuncu görüşdə parlament seçkiləri ilə bağlı seçki islahatı, proporsional seçki sisteminin bərpa olunması və



 siyasi məhbus məsələlərinin müzakirəsi ilə bağlı təkliflər vermişik”

Fevralın 12-də Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun iştirakı ilə keçirilən görüşdə Prezident Administrasiyasının təşkilatçılığı ilə hər iki aydan bir görüşlərin keçirilməsi razılaşdırılıb. Ancaq hələ görüşün keçiriləcəyi ilə bağlı siyasi partiyalara məlumat verilməyib.

Bu barədə Xalq Partiyasının sədri Pənah Hüseyn “Turan İA”-ın sualının cavabında bildirib.

Onun sözlərinə görə, 8 siyasi partiya apreldə keçirilməsi nəzərdə tutulan görüşdə müzakirə ediləcək məsələlərlə bağlı Prezident Administrasiyasına təkliflərini göndərib.

“Biz bu görüşdə 2015-ci il parlament seçkiləri ilə bağlı seçki islahatı, o cümlədən proporsional seçki sisteminin bərpa olunması, “Seçki Məcəlləsi”nə dəyişikliklər, seçki komissiyalarının tərkibinin dəyişdirilməsi və siyasi məhbus məsələlərinin müzakirəsi ilə bağlı təkliflər vermişik”, – deyə o qeyd edib.

Fevralın 12-də siyasi partiyalarla görüşdən sonra keçirilən mətbuat konfransında Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib ki, bundan sonra hər iki aydan bir görüş keçiriləcək.

“Xalqı, hakimiyyəti, daxili və xarici institutları narahat edən məsələləri əvvəldən razılaşdırılmış şəkildə müzakirə edəcəyik”.

Əli Həsənovun sözlərinə görə, növbəti görüşlərin formatı da razılaşdırılıb.

“Əlbəttə, biz siyasi partiyalar arasına ayrı-seçkilik qoya bilmərik. Aktiv siyasi fəaliyyətlə məşğul olan bütün siyasi partiyalar bu görüşlərdə iştirak edə bilər. İndiyə kimi keçirilmiş görüşlərə təxminən 16-20 arasında siyasi partiya rəhbəri qatılıb. Azərbaycanda neçə partiyanın qeydiyyatdan keçməsindən asılı olmayaraq, aktiv siyasi fəaliyyətlə məşğul olan siyasi partiyalar bu görüşlərdə iştirak ediblər, bir neçəsi də təşrif buyurmayıb. Onlara da dəvətlər olunub, yəqin ki, bəlli səbəblərdən qatılmayıblar. Sonra iştirak etmək istəsələr, biz onlara da qapılarımızı açıq qoyuruq”, deyə Həsənov bildirib.

O deyib ki, bundan sonra müzakirəyə çıxarılacaq mövzular əvvəlcədən müəyyən ediləcək.

Öz növbəsində, Prezident Adminsitrasiyasından görüşün baş tutub-tutmayacağı ilə bağlı şərh almaq hələ mümkün olmayıb.

Ana səhifəXəbərlərPrezident Administrasiyası ilə siyasi partiyaların görüşünün vaxtı məlum deyil