Prezident 65 yaşdan yuxarı məhkumları əfv etdi

Əfv sərəncamına düşənlər arasında beynəlxalq təşkilatların siyasi məhbus kimi tanıdığı 2 nəfər – Fəramiz Abbasov və Eldar Bünyadovun adı var.


Azadlığa çıxanlar arasında iki siyasi məhbus və keçmiş MTN-in əməkdaşları da var

Aprelin 6-da Azərbaycan Prezidenti

İlham Əliyev

məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb.

Sənəddə qeyd olunur ki, dünyada koronavirus (COVİD-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan məhkumların və onların ailə üzvlərinin Prezidentə ünvanlanmış əfv haqqında müraciətlərinə baxılıb, məhkumların sağlamlıq vəziyyəti, cəza çəkdikləri müddətdə davranışları nəzərə alınıb.

176 nəfərə şamil edilən sərəncam imzalandığı gündən qüvvədədir.

Əfv sərəncamına düşənlər arasında beynəlxalq təşkilatların siyasi məhbus kimi tanıdığı 2 nəfər – Fəramiz Abbasov və Eldar Bünyadovun adı var.

Masallıda Seyid Fəramiz kimi tanınan Fəramiz Zeynal oğlu Abbasov Bakı Ağır Cinayətlər Məhkəməsinin 2011-ci il 7 oktyabr tarixli hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilmişdi. Rəsmi ittihama görə, o, qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə" (CM 228.1) maddəsi ilə təqsirləndirilirdi. Ancaq o, hicaba qoyulan qadağaya qarşı çıxdığından “hicab məhbusu” kimi tanınır.


Eldar Əli oğlu Bünyadov

isə 2015-ci ildə Bakının Nardaran qəsəbəsində keçirilən əməliyyat zamanı həbs olunaraq 12,6 il müddətinə azadlıqdan məhrum edilib.

26 noyabr 2015-ci ildə Bakının Nardaran qəsəbəsində polislə baş verən qarşıdurma nəticəsində 7 nəfər ölüb, 4 nəfər yaralanıb. Hadisədən sonra 14 nəfər həbs olunub.

Əfv sərəncamı ilə azadlığa çıxacaq məhkumlar arasında keçmiş Milli Təhlükəsizlik Nazirliyinin yüksək rütbəli şəxslər də var. Onlardan biri MTN-in Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Xalıq oğlu Qurbanovdur. 2015-ci ildə MTN-in ləğvindən sonra həbs edilən general-mayor 14 il azadlıqdan edilmişdi. O, vətəndaşları hədələyib, onları MTN-ə gətirib böyük məbləğdə pullarını, əmlaklarını əllərindən almaqda, qanunsuz telefon dinləmələri və başqa əməllərdə təqsirləndirilirdi.

MTN-in keçmiş əməkdaşı – Akif Teymurxan oğlu Çovdarov da həmin vaxt həbs olunub. MTN-nin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov 12 il müddətinə həbs edilmişdi. O, Cinayət Məcəlləsinin bir neçə maddəsilə ittiham olunmuşdu.

Ana səhifəSiyasətPrezident 65 yaşdan yuxarı məhkumları əfv etdi