Fransanın Azərbaycandakı səfiri məqalə yazıb
“Azərbaycanla Ermənistan arasında hazırkı sülh prosesi başlayandan tərəflərin əsas məqsədlərindən biri hər bir ölkənin ərazi bütövlüyünün və suverenliyinin qarşılıqlı surətdə tanınması idi. Faktiki olaraq, bu bənd Azərbaycanın qətiyyətlə müdafiə etdiyi beş prinsipdən biridir”.
Bu fikirləri Fransanın Azərbaycan Respublikasındakı səfiri Zaxari Qross “Praqa: sülhə gedən yolda əsas mərhələdir” başlıqlı məqaləsində yazıb.
Səfir hesab edir ki, bu səbəbdən Praqada Azərbaycan prezidentinin, Ermənistan Baş nazirinin, Fransa prezidentinin və Avropa Şurası sədrinin görüşünün yekunlarına dair qəbul edilmiş birgə bəyanat əhəmiyyətli sıçrayış və mühüm mərhələ olub:
“Çünki bəyanatda göstərilir ki, “Ermənistan və Azərbaycan hər iki dövlətin ərazi bütövlüyünü və bir-birinin suverenliyini tanıyan Birləşmiş MillətlərTəşkilatının Nizamnaməsinə və 1991-ci il Almatı bəyannaməsinə sadiq olduqlarını təsdiq ediblər”. Azərbaycan və Ermənistanda “bunun sərhədlərin delimitasiyası üzrə komissiyaların işi üçün əsas olacağını və sərhəd komissiyalarının növbəti iclasının oktyabrın sonuna qədər Brüsseldə keçiriləcəyini təsdiqləyiblər””.
Diplomatın sözlərinə görə, Azərbaycanla Ermənistan arasında gərginliyin bir neçə həftəsindən sonra bu bəyanat tərəflərin sülhə sadiqliyinin çoxdan gözlənilən əlaməti olub:
“Demək olar ki, bir il ərzində Avropa İttifaqının sülh prosesinə fəal dəstəyi əvəzsizdir və Fransa prezidentinin iştirakı Praqada uğurlu nəticə əldə etmək üçün həlledici əhəmiyyətə malikdir. Digər ölkələr mühüm vasitəçilik rolunu oynayıblar, bu da onu göstərir ki, beynəlxalq birlik hesab edir ki, sülh quruculuğu problemlərini aradan qaldırmağın və Ermənistanla Azərbaycan arasında münaqişəni keçmişdə qoymağın vaxtı gəlib çatıb”.
Zaxari Qross bildirir ki, millətlər arasında dostluq insanlar arasında olduğu kimi, sıfır məbləğli bir oyun deyil:
“Fransa Cənubi Qafqazın hər üç dövlətilə dostluq münasibətlərini saxlayır. Necə ki, Azərbaycan bir çox Avropa ölkələrilə dostluq münasibətlərinə malikdir. Fransa ilə Azərbaycan arasında ikitərəfli münasibətlər mühüm, intensiv və uzun ömürlüdür və onlar Azərbaycanın müstəqillik əldə etdiyi 31 il bundan əvvəl ölkələrimizin liderlərinin şəxsi töhfəsindən faydalanıblar. Bu səbəbdən mən əminəm ki, istənilən anlaşılmazlıq aradan qaldırıla bilər”.
“Fransa və Azərbaycanda təcrübə, xoş iradə var və mən şübhə etmirəm ki, biz birlikdə müstəqil, suveren Avropa dövlətləri arasında sülh sahəsində əməkdaşlığın ümumi məqsədinə nail olacağıq. Bu, oktyabrın 6-də Praqada Fransa və Azərbaycanın digər 42 ölkə ilə birlikdə işə saldığı Avropa siyasi birliyi tərəfindən nəzərdə tutulub”,-deyə diplomat vurğulayıb.
Səfir məqaləsini “Yaşasın Praqa ruhu! Yaşasın Franko-Azərbaycan dostluğu! Qoy, Ermənistanla Azərbaycan arasında tezliklə sülh əldə edilsin!” şüarıyla yekunlaşdırıb.
Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 14-də Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında Fransa Prezidenti Emmanuel Makronun “France 2” telekanalına müsahibəsindən narazılığını ifadə edərək sərt tənqid etmişdi. Oktyabrın 19-da Fransanın Avropa və Xarici İşlər Nazirliyi dövlət başçısı İlham Əliyevin çıxışına cavab vermişdi.
Nazirlik Fransanın iki ölkə arasında sülh müqaviləsi üzrə danışıqlara imkan yaratmaq üçün Aİ ilə başlayan prosesi tam dəstəklədiyini qeyd etmişdi.