Praqa baharı və səkkiz samuray

50 il öncə, 1968-ci ilin 25 avqustunda düz saat 12-də Moskvada, Qızıl meydanda inanılmaz hadisə baş verdi

Source:

50 il öncə, 1968-ci ilin 25 avqustunda düz saat 12-də Moskvada, Qızıl meydanda inanılmaz hadisə baş verdi. Üç qadın və beş kişi olmaqla səkkiz nəfər meydanın “Lobnoye mesto” deyilən hissəsində plakatlar açaraq şüarlar səsləndirməyə başladılar. Onlar əllərində həm də Çexoslovakiyanın bayrağını tutmuşdular.

Bu səkkiz nəfər dörd gün öncə sosialist ölkələrinin hərbi bloku olan Varşava Müqaviləsi Təşkilatının Çexoslovakiyaya qoşun yeritməsinə etiraz edirdilər. Qaldırdıqları plakatlarda rusca “Sizin və bizim azadlığımız uğrunda!”, “İşğalçılara ar olsun!”, “ÇSSR-dən əlinizi çəkin!”, “Biz ən yaxşı dostlarımızı itiririk!”, “Dubçekə azadlıq!” və çex dilində “At’ žije svobodné a nezávislé Československo!” (Yaşasın azad və müstəqil Çexoslovakiya) şüarları yazılmışdı.

***

Stalinist idarəçiliyinə görə getdikcə artan tənqid və etirazlarla üzləşən Antonin Novotnı 1968-ci il yanvarın 5-də Çexoslovakiya Kommunist Partiyasının birinci katibi vəzifəsindən istefa verdi. Onun yerinə islahatçılar qanadının rəhbəri Aleksandr Dubçek seçildi. Yeni lider siyasi rejimi xeyli yumşaltmağı, “insan simalı sosializm” yaratmağı hədəfləyirdi.

Novotnı isə özünün daha bir mühüm vəzifəsini – Çexoslovakiya Sosialist Respublikasının (ÇSSR) prezidenti vəzifəsini saxlamışdı. O, bundan istifadə edərək Dubçekin islahatlarına mane olmaq fikrində idi. Lakin ictimai rəy qəti şəkildə Dubçekin tərəfində olduğundan, Novotnı mart ayında prezident kürsüsünü də tərk etməli oldu.

Respublikanın yeni prezidenti İkinci cahan savaşını qəhrəmanı, sovet ordusunun tərkibində döyüşən çexoslovak korpusunun komandiri olmuş Lüdvik Svoboda seçildi. Yeni prezident Dubçeki dəstəklədiyini bildirdi. Bundan sonra islahatlar daha sürətlə getməyə başladı.

Kommunist Partiyasının aprel plenumundan sonra Dubçek öz mövqelərini daha da gücləndirdi, həmfikirlərini Oldrjix Çernik baş nazir, Yozef Smrkovski isə parlamentin sədri oldu. Dubçek və tərəfdarları tezliklə “Fəaliyyət proqramı” adlanan islahatlar paketini elan etdilər.

Hökumət istər iqtisadi, istərsə də siyasi sahədə ciddi islahatlar keçirməyi planlaşdırırdı. Ölkənin həyatı xeyli demokratikləşdiriləcək, senzura ləğv olunacaq, çoxpartiyalı sistemin əsası qoyulacaqdı. İqtisadiyyatda özəl sahibkarlığa münbit şərait yaradılacaqdı. Bu siyasət “Praqa baharı” adını aldı.

Dubçek hökuməti sosializmdən və Varşava müqaviləsi təşkilatından (VMT) uzaqlaşmayacağını bəyan etsə də, atdığı addımlar SSRİ-də və digər sosialist ölkələrində təşvişlə qarşılandı. Şərqi Almaniyanın rəhbəri Valter Ulbrixt və Polşa rəhbəri Vladislav Qomulka bu yöndə xüsusilə fərqlənirdilər.

SSRİ-də isə ən mürtəce mövqeni bir il öncə Dövlət Təhlükəsizlik Komitəsinin sədri təyin olunan, 1956-cı il Macarıstan hadisələrindəki məşum rolu ilə yadda qalan Yuri Andropov tuturdu. O, Dubçek və tərəfdarlarını nəzərdə tutaraq deyirdi: “Onlar ölkədən əvvəlcə Yuqoslaviyaya, sonra da Avstriyaya bənzər bir şey düzəltmək istəyirlər”.

Qeyd etmək lazımdır ki, hələ 50-ci illərdən Çexoslovakiya SSRİ-dən müəyyən məsafə saxlamağa çalışırdı. Moskvanın təkidlərinə baxmayaraq, Novotnı ölkə ərazisində sovet qoşunlarının yerləşdirilməsinə razılıq vermirdi. İndi onun xələfi Dubçek bu faktdan yararlanaraq daha cəsarətlə hərəkət edirdi.

Martın 23-də Drezdendə SSRİ, Çexoslovakiya, Şərqi Almaniya, Macarıstan, Polşa və Bolqarıstan rəhbərlərinin görüşü oldu. Bu görüşdə Dubçekin islahatlarından ciddi narahatlıq ifadə olundu. Dubçek isə öz həmkarlarını sosializmə, VMT-na sadiqlikdə əmin etməyə çalışdı.

Mayın 8-də isə Çexoslovakiyanın təmsilçiləri olmadan 5 dövlət Moskvada fikir mübadiləsi apardılar. Şərqi Almaniya, Polşa və Bolqarıstan rəhbərliyi dərhal Çexoslovakiyaya hərbi müdaxilə edilməsini istəyirdilər. Macarıstan rəhbəri Yanoş Kadar bu təklfin əleyhinə çıxırdı. Sovet rəhbəri Leonid Brejnev isə hələ tərəddüd keçirirdi.

Başda SSRİ olmaqla sosialist ölkələrinin islahatlara mənfi münasibəti Çexoslovakiya ictimaiyyətindən gizli qalmırdı. Bu amil onların mövqeyinə ciddi təsir göstərdi. Antikommunist, hətta rusofob əhvallar gecləndi. Bu isə Moskvanı daha çox narahat etdi. Beləcə, qapalı dairə yaranmışdı. SSRİ-nin mənfi mövqeyi Çexoslovakiyada antisovet əhvalı gecləndirirdi. Bu isə SSRİ-nin mövqeyinin daha mənfi olmasına səbəb olurdu. Bu da öz növbəsində çexoslovakları daha antisovet edirdi və beləcə davam edirdi.

Senzuranın ləğvindən sonra çexoslovak mətbuatında SSRİ və digər sosialist ölkələri rəhbərlərini hədəf alan tənqidi yazılar, hətta karikaturalarla rastlaşmaq nadir hal deyildi. Tezliklə küçələrdə antisovet qrafitilər də peyda oldu. Hərçənd, bir çox tədqiqatçı ilk belə yazıların DTK agenturası tərəfindən yazıldığını və məqsədin Brejnevi müdaxiləyə təhrik etmək olduğunu iddia edirlər.

İyunun 20-30-da Çexoslovakiya ərazisində Varşava müqaviləsi təşkilatının “Şumava” adlı hərbi təlimləri keçirildi. Təlimlər bitdikdən sonra isə sovet qoşunları müxtəlif bəhanələrlə ölkəni tərk etməkdən imtina etdi. Dubçekə qaşı daha ciddi hədə olan bu addım ölkədə antikommunist əhval-ruhiyyənin daha da artmasına səbəb oldu.

İyulun 29-dan avqustun 1-ə qədər ən yüksək səviyyədə sovet-çexoslovak danışıqları aparıldı. Əldə olunan razılaşmalara görə, Praqa islahatları daha məhdud çərçivədə aparmalı, SSRİ rəhbərliyi əleyhinə təbliğatın qarşısını almalı, Moskva isə qoşunlarını Çexoslovakiyadan çıxarmalı idi.

Lakin azadlıq havasından sərməst olan çexlər və slovaklar heç bir senzura, o cümlədən özünüsenzura haqqında eşitmək istəmirdilər. Baş nazir daxili işlər nazirinə Brejnevin karikaturası çəkilmiş qəzetin bütün tirajını müsadirə etməyi təklif edəndə, sonuncu qanunun buna icazə vermədiyini söyləmişdi.

Sovet İttifaqının islahatların məhdudlaşdırılması tələbi antisovet, rusofob əhval-ruhiyyəni xeyli artırdı. Praqa küçələrini “İvan, evinə get”, “Sənin Nataşan başqasını tapacaq” kimi yazılar bəzəyirdi. Hətta Çexoslovakiyanın Varşava Müqaviləsi Təşkilatından çıxması üçün naməlum şəxslər tərəfindən imza toplanışı təşkil olundu. Burada xüsusi xidmət orqanlarının, sovet DTK-nin barmağı olması ehtimalı böyük idi.

Nəhayət, avqustun 18-də SSRİ, Şərqi Almaniya, Polşa, Bolqarıstan və Macarıstan rəhbərliyini Moskvada keçirilən ikinci görüşündə Çexoslovakiyaya müdaxilə barədə qərar qəbul edildi. Bu dəfə Brejnev və Kadar da müdaxilə təklifini dəstəklədilər.

“Dunay əməliyyatı” adlanan təcavüz üçün SSRİ 170 min, Polşa 40 min, Macarıstan 12,5 min, Bolqarıstan 2,2 min, Şərqi Almaniya isə 15 min canlı qüvvə ayırdı. Lakin son anda İkinci cahan savaşında baş verənlər üzündən çexlərin alman müdaxiləsinə xüsusən kəskin hiddətlənə biləcəkləri səbəbindən alman hərbçilərinin köməyindən imtina edildi.

Avqustun 20-dən 21-ə keçən gecə 4 ölkənin (SSRİ, Şərqi Almaniya, Polşa, Macarıstan) ərazisindəki 18 yerdən Çexoslovakiyaya qarşı təcavüz başladı. Qüvvələrin qeyri-bərabərliyini anlayan prezident və Ali Baş komandan Svoboda orduya müqavimət əmri vermədi. Buna görə əməliyyat miqyasına görə xeyli az qurbanla müşaiyət olundu.

Müdaxilə xəbərini eşidən kimi Çexoslovakiya kommunist partiyasının rəyasət heyəti toplandı. Kremlin hesablamalarına görə bu ali orqanda qüvvələr nisbəti 6:5 onların xeyrinə olmalı idi. Lakin rəyasət heyəti 7 səs lehinə, 4 səs əleyhinə olmaqla müdaxiləni pislədi. Bununla belə, Dubçek qanlı Macarıstan hadisələrinin təkrarlanmasını istəməyərək əhaliyə müraciətində təmkinli olmağa, asayişə riayət etməyə çağırdı.

Çexoslovakiya əhalisi əsasən dinc vasitələrlə öz suverenliklərinin pozulmasına etiraz edirdilər. Bununla belə, bəzi hallarda insanların hiddəti işğallçılara hücum şəklində özünü büruzə verirdi. Hadisələr zamanı 108 yerli sakin həlak oldu. Sovet ordusu 12 döyüş və 84 qeyri-döyüş itkisi verdi. Polşa ordusu 10, bolqar və macar ordusu isə hərəyə 1 nəfər itirdilər.

Avqustun 21-də səhər saatlarında Aleksandr Dubçek, Baş nazir Çernik, spiker Smrkovski daxil olmaqla 6 nəfər yüksək vəzifəli şəxs DTK əməkdaşları tərəfindən aerodroma aparıldı, oradan da təyyarə ilə Moskvaya çatdırıldı. Sovet rəhbərliyi islahatçıların məhkəməyə verilməsini, özlərinə yaxın mühafizəkar kommunistlərdən ibarət yeni hökumətin formalaşmasını planlaşdırırdı.

Lakin prezident Svoboda bu plana qəti etiraz etdi. Üstəlik Çexoslovakiya əhalisinin də Dubçek və tərəfdarlarını tamamilə dəstəklədikləri, mühafizəkarları qəbul etməyəcəkləri məlum oldu. Belə olduqda, Kremlin mövcud rəhbərliklə konsensus tapmaqdan başqa yolu qalmadı.

Avqustun 23-də Lüdviq Svoboda və Baş nazirin müavini Qustav Qusak Moskvaya uçdular. Onlar daha öncə Moskvaya gətirilən 6 nəfərlə birlikdə SSRİ rəhbərliyi ilə danışıqlarda iştirak etdilər. Tərəflər avqustun 26-da “Böhran vəziyyətindən çıxış proqramı”nı imzaladılar. 15 maddədən ibarət olan sənəd “Praqa baharı”nın nailiyyətlərini məhv edir, ölkədə sovet qoşunlarının daimi kontingentinin saxlanılmasını nəzərdə tuturdu. Bununla da Çexoslovakiyanın dövlət suverenliyi xeyli məhdudlaşdırıldı.

Mühafizəkarların Çexoslovakiyada qeyri-populyarlığı ilə hesablaşmalı olan Moskva islahatçılardan kimisə öz tərəfinə çəkməyə girişdi. 1969-cu ilin aprelində Dubçek nəhayət vəzifəsindən uzaqlaşdırıldı. Onun yerinə əvvəllər islahatlar tərəfdarı olan, sonra isə özünü Brejnevə sevdirə bilmiş Qustav Qusak Çexoslovakiya kommunist partiyasının növbəti və son rəhbəri oldu. Daha bir il sonra isə Dubçek “sağ opportunist qüvvələrə münasibətdə səhlənkarlığa yol verdiyi üçün” partiyadan xaric edildi.

İyrmi il siyasətdən kənarda qalan Dubçek 1980-ci illərin sonlarında Çexoslovakiyada baş verən Məxməri inqilabda əhəmiyyətli rol oynadı, ölkənin Federal məclisinin sədri seçildi. O, ölkənin bütövlüyünün qorunmasının qatı tərəfdarı idi. Lakin 1992-ci ilin sentyabrında uğradığı avtoqəzada aldığı ağır xəsarətlərdən iki ay sonra vəfat etdi. Daha iki ay sonra isə Çexoslovakiya süqut etdi, yerində Çexiya və Slovakiya dövlətləri yarandı.

***

Beş sosialist dövlətinin Çexoslovakiyaya müdaxiləsi dünyada böyük rezonans doğurdu. Qərb ölkələri təcavüzü qəti surətdə pislədilər. Hətta Rumıniya, Albaniya, Yuqoslaviya və Çin kimi sosialist ölkələri belə bu addımın əleyhinə çıxış etdilər.

Aksiya beynəlxalq kommunist hərəkatına ciddi zərbə vurdu. Qərbi Avropanın ən nüfuzlu kommunist partiyalarından olan İtaliya və İspaniya kommunistləri müdaxiləni birmənalı pislədilər. Fransa kommunist partiyasının bəzi qeydlərlə aksiyanı dəstəkləməsi sıralarında parçalanma yaratdı.

İsveç kommunist partiyası isə inanılmaz addım atdı. Onlar Sovet İttifaqının Stokholmdakı səfirliyi qarşısında etiraz aksiyası keçirdilər. Bir kommunist təşkilatının kommunist dövlətinin səfirliyi qarşısında etiraz aksiyası keçirməsi o vaxta qədər görünməmiş hadisə idi.

Ümumiyyətlə, “Praqa baharı”nın zorakı “xəzan”ından sonra Qərbi Avropada kommunizmə və sol görüşlərə rəğbətlə yanaşan xeyli sayda intellektualların, sənət adamlarının görüşlərində dönüş baş verdi. Onlar kommunizmin nə zamansa “insan simalı” olacağına inamlarını itirdilər.

***

Çexoslovakiyaya müdaxilənin əleyhinə Qızıl meydanda baş tutan aksiya da ağlagəlməz bir hadisə idi. Səkkiz dissident həbslə nəticələnəcəklərinə şübhə etmədikləri addım atmışdılar. Onlar Larisa Boqoraz, Natalya Qorbanevskaya, Tatyana Bayeva, Konstantin Babitski, Viktor Faynberq, Vladimir Dremlyuqa, Pavel Litvinov və Vadim Delone idilər.

Aksiya uzun çəkmədi, ən çoxu 5 dəqiqə. Qızıl meydanda daim gəzişən milis və DTK əməkdaşları tələsik özlərini aksiya yerinə çatdırdılar. Plakatları cırdılar, hətta ÇSSR bayrağını da eyni aqibət gözləyirdi. Lakin bayrağı əlində tutan Natalya Qorbanevskayanın “siz qardaş çexoslovak dövlətinin bayrağını cırırsınız?” sualı əməkdaşları çaş-baş saldı və dayandırdı.

Əvəzində kişilərə qarşı zorakılıq tətbiq edilir. Xüsusən Viktor Faynberq vəhşicəsinə döyülür. Tatyana Bayevanın xatirələrinə görə, aksiyanın davam etdiyi qısa müddətdə toplaşan kütlə bu zorakılığı məmnunluqla izləyir; yalnız bir qadın “daha döymək niyə?” deyərək etiraz edir.

Milis bölməsində etirazçılar aralarında ən gənc olan və aksiya haqqında son dəqiqələrdə xəbər tutub qoşulan Tatyana Bayevadan onlardan biri olmadığını, meydanda təsadüfən olduğunu deməsini xahiş edirlər. Tatyana nəhayət razılaşır və izahatı alındıqdan sonra sərbəst buraxılır. Buna görə də əslində səkkiz nəfər olan etirazçılar uzun müddət “yeddilik” kimi xatırlanırlar.

Sonrakı illərdə də dissident fəaliyyətini davam etdirən Bayeva 1992-ci ildə ABŞ-a köçdü və hazırda da orada yaşayır. 71 yaşı var

Larisa Boqoraz aksiyada iştirakına görə İrkutsk vilayətinə 4 illlik sürgün edildi. Sonrakı illərdə də dissident və hüququ müdafiəçisi kimi fəaliyyət göstərdi. 1989-1996-cı illərdə Moskva Helsinki qrupunun sədri oldu. 2004-cü ildə 74 yaşında vəfat etdi.

Aksiyanın plakatlarını 3 həftəlik övladı ilə birlikdə uşaq arabasında gətirən Natalya Qorbanevskaya məhz azyaşlı uşağına görə cəzalandırılmadı. Lakin dissident fəaliyyətini davam etdirdiyinə görə artıq 1969-cu ildə həbs edildi, sovet cəza psixiatriyasının qaydaları əsasında “şizofreniya” diaqnozu qoyuldu və 13 ay psixi xəstəxanada məcburi “müalicə” aldı. 1975-ci ildə mühacirətə yollandı. 2013-cü ildə 77 yaşında vəfat etdi.

Konstantin Babitski 3 il sürgünə məhkum edildi. Cəzası bitdikdən sonra ixtisası (filologiya) üzrə işləməkdən məhrum oldu, dülgərlik etdi. Dissident fəaliyyətini davam etdirdi. Çətinliklərə baxmayaraq, mühacirət etmədi. 1993-cü ildə 64 yaşında dünyasını dəyişdi.

Viktor Faynberq saxlanılarkən döyüldüyündən ön dişləri tökülmüşdü. Buna görə də onun açıq məhkəmə qarşısına çıxarılması məqsədəuyğun sayılmadı. Öz iştirakı olmadan keçirilən məhkəmədə psixiatriya ekspertizasının rəyinə əsasən 4 il məcburi müalicəyə məhkum edildi. Yerləşdirildiyi xəstəxananın qadın həkimi Faynberqə kömək edir, onun haqqında məlumatı hüquq müdafiəçilərinə çatdırırdı. Onlar sonradan evləndilər və Fransaya köçdülər. Sovet cəza psixiatriyasının ifşası üçün xeyli iş görən Faynberq hazırda Parisdə yaşayır, 86 yaşı var.

Vladimir Dremlyuqa 3 il həbsə məhkum edildi. Həbsdə antisovet ifadələrinə görə cəzası daha 3 il artırıldı. 1974-cü ildə azadlığa çıxıb ABŞ-a mühacirət etdi. 2015-ci ildə 75 yaşında vəfat etdi.

Pavel Litvinov 4 il sürgündə keçirdi. 1974-cü ildə ABŞ-a köçdü və hazırda da orada yaşayır. 78 yaşı var.

Son sözündə “Qızıl meydandakı 5 dəqiqəlik azadlıqdan ötrü illərlə azadlıqdan məhrum olmağa hazıram” deyən Vadim Delone 2 il 10 ay həbsə məhkum olundu. 1975-ci ildə Delone və hüquq müdafiəçisi olan arvadı Fransaya mühacirət etdilər. Vadim Delone 1983-cü ildə 35 yaşında ürək çatışmazlığından yuxuda keçindi.

Qızıl meydandakı aksiya bütün dünyada geniş əks-səda doğurdu. Bu sırada ilk yeri təbii ki, Çexoslovakiya tuturdu. Fədakar dəstək aksiyası çex və slovak xalqlarında böyük məmnunluq hissi oyatdı. “Literarnı listy” qəzeti yazırdı: “Qızıl meydandakı 7 nəfər – bizim ruslara heç vaxt nifrət etməməyimiz üçün 7 səbəbdirlər”.

Çexoslovakiya sovet boyunduruğundan azad olan kimi aksiya iştirakçılarına təşəkkür borcunu ödədi. 1990-cı ildə onlara (Vadim Deloneyə ölümündən sonra olmaqla) Praqanın fəxri vətəndaşı adı verildi.

“Çexoslovakiyanın işğalına Qızıl meydanda etiraz edənlər bəşəri həmrəylik və şəxsi cəsarət nümayiş etdirdilər. Mən onların addımını yüksək qiymətləndirirəm, çünki onlar nəyə getdiklərini və sovet hökumətindən nə gözləmək mümkün olduğunu bilirdilər. Çexoslovakiya üçün bu insanlar – rəhbərliyi suveren dövlətə və müttəfiqə qarşı alçaqca hərbi təcavüz həyata keçirən Sovet İttifaqının vicdanı oldular”,-

Vatslav Havel (antilommunist dissident, 1989-1992-ci illərdə Çexoslovakiyanın və 1993-2003-cü illərdə Çexiyanın prezidenti).

Ana səhifəMənim FikrimcəPraqa baharı və səkkiz samuray