Neft erasının bitməsi demokratik inkişafa haradasa yardım edə bilər
Dövlət başçısı İlham Əliyevin “nefti unudun” mesajı – post-dövrü başlandı kimi də qəbul edilə bilər. Beləliklə, neft erası bitir. Azərbaycan büdcəsinin təxminən 80 faizinin neft hesabına formalaşdığını nəzərə alsaq, yeni mərhələnin ölkəmiz üçün nə vəd etdiyini təxmin edə bilərik.
Neft erasının bitməsi tamamilə yeni stategiyanın formalaşmasını zəruri edir. Ümumiyyətlə, müasir dövrümüzə nəzər saldıqda, neft ağalarının özlərini dünyanın sahibi kimi apardıqlarını muşahidə edirik. Diqqət yetirmisinizsə, neftlə zəngin ”yaxşı” oğlanlar vaxtlarını əla və çox dəbdəbəli keçirirlər. Bundan əlavə, neftlə zəngin ölkələr getdikçə dünyaya meydan oxumaqdadırlar. Məsələn, neft pulları İranın gözünü elə tutub ki, BMT-ni saya salmır, nüvə silahına yönəlik təhlükəli təcrübələri və İsrailin yer üzündən silinməsi ilə bağlı hədə-qorxuları dayandırmaq tələblərinə hörmətsizlik göstərir. Neftlə zəngin Rusiyada hakimiyyət başina gələn Vladimir Putin “qara qızıl”dan gələn gəlir hesabına opponentlərini zindana salır. Neftə görə Amerika İran kimi düşmənləriylə dostlaşmağa çalışır.
Yaxud neft gölməçəsi Sudan dünyanın Darfurda törədilən soyqırımı dayandırmaq çağırışlarını eşitmir. Başqa bir neft diyarının – Venesuela qiymətləri qaldırmaq hədəsiylə Amerikanın və daxili opponentlərinin əsəblərini tarıma çəkir. Eyni zamanda, neft və qaz pullarıyla dolu Nigeriya, Özbəkistan, Anqola, Səudiyyə Ərəbistanı, Çad və Suriya ən kövrək demokratik addımlardan rahatca imtina edirlər.
Hazırda dunya iqtisadçıları təbii ehtiyatlar bolluğunun istənilən ölkədə siyasi və iqtisadi islahatlara mənfi təsirləri (”ehtiyatların lənəti”) haqqında SOS verirlər. Bu fikri neftə şamil etdikdə ”ehtiyatların lənəti” arqumentini bir addım da irəli çəkmiş oluruq.
Neftin qiyməti ilə azadlığın tempi arasında spesifik qarşılıqlı əlaqə var. Bunu neft siyasətinin birinci qanunu adlandıranların fikrincə: “petro-ist” ölkələrdə neftin qiyməti və azadlıq tempi hər zaman bir-birinə əks istiqamətdə hərəkət edir. Həmin qanuna görə, xam neftin dünya qiyməti yüksəldikcə “petro-ist” ölkələrdə azad söz, azad mətbuat, azad seçkilər və azad toplaşmaq hüquqlarında, hökumətin şəffaflığı, müstəqil məhkəmələr və qanunun aliliyi sferasında, ictimai institutların fəaliyyət sərbəstliyi sahəsində bir o qədər çox pozuntu yaranır.
Neftin qiyməti düşəndə isə bu ölkələr şəffaf siyasətə bir o qədər çox meyllənir, müxalifətə münasibətdə daha həssas, xarici aləmlə təmaslarda daha açıq olurlar. Vətəndaşların rəqabət aparmaq, yeni şirkətlər yaratmaq və xarici investisiyalar cəlb etmək imkanlarını artıracaq hüquqi və təhsil strukturlarının qurulması üzərində diqqət cəmləşdirən siyasət yürüdürlər.
Bu tipli dəyişikliklərin fərqinə varmaq azərbaycanlı iqtisadçılar üçün də olduqca asandır. Neft ölkələri sırasında mühüm yer tutan
Azərbaycan böyük dövlətlərlə münasibətlərini daha çox neft amili üzərində qurmaqla yanaşı, ölkənin siyasi rejimi də neft pullarının artıb-azalmasından asılı olaraq siyasi manevrlər edir. Qara qızıldan gələn gəlirlərin üzərinə çökən hakimiyyət dairələri artıq kimsədən qorxmadıqlarını açıq şəkildə ifadə edirlər.
Prezident İlham Əliyev “nefti unudun” mesajı ilə yanaşı Qərbə və beynəlxalq institutlara sərt ittihamlar ünvanlayır. Beləcə, ölkədə demokratiyanın və insan haqlarının vəziyyəti ilə bağlı tənqidlər artdıqca, yerli hakimiyyətin buna reaksiyası da sərtləşir, tənqidə qarşı dözümsüzlük hətta bəzən diplomatik çərçivələri də aşır. Müşahidəçilər bunu birmənalı şəkildə neft gəlirlərinin azalmasının yaratdığı diskomfortla bağlayırlar. Yaranmış vəziyyət artıq beynəlxalq dairələrdə də müəyyən narahatlıqla qarşılanır. Bəzi beynəlxalq təşkilatların hesabatlarında qeyd edilir ki, Qazaxıstanda, Rusiyada və Azərbaycanda neft gəlirləri demokratiyanın azalması ilə nəticələnib. Orta Asiyada və Cənubi Qafqazdakı bəzi hakimiyyətlərə münasibət bildirən ABŞ-ın rəsmiləri bəyan edir ki, onlar neft pulları hesabına qısa müddət üçün oynaya bilərlər və 18-ci əsrə məxsus sistemləri ilə heç vaxt beynəlxalq ictimaiyyətə və müasir dünyaya qovuşa bilməzlər.
Beləliklə, neft Azərbaycanın siyasi və iqtisadi həyatında özünün mürəkkəb rolunu başa vurmaq üzrədir. Neft gəlirləri ilə demokratiya demək olar ki, tərs mütənasiblik təşkil edirdi, gəlirlər artdıqca, demokratiyanın sərhədləri daralırdı. Neftin demokratik proseslərə, iqtisadiyyatın sağlam inkişafına təsiri haqqında əvvəllər də pessimist proqnozlar səslənirdi. Bunun üçün dünyada kifayət qədər təcrübə toplanıb.
Təsadüfi deyil ki, bəzən politoloqlar nefti ”lənətlənmiş resurs” adlandırırlar. Bəs neft gəlirləri demokratik prosesləri necə ləngidir, ona necə təsir edir?
Dövlət rəsmiləri açıq şəkildə bildirirlər ki, beynəlxalq təşkilatların, hətta Avropa Birliyi kimi ittifaqların ayıracağı böyük maliyyə resurslarına ehtiyacları yoxdur. Deməli, siyasi və iqtisadi islahatlara da ehtiyac duyulmur və ölkəni məmur kapitalizmi istiqamətində inkişaf etdirmək olar. Üstəlik, milli resurslar orta səviyyəli məmurlara da böyük sərbəstlik verir. Beynəlxalq təşkilatların ayırdığı maliyyəyə görə, onlar müəyyən mənada hesabat verməli olurdular. Baxmayaraq ki, həmin dövrdə də korrupsiya vardı və məmurlar müxtəlif texniki yardım proqramlarından özləri üçün yararlana bilirdilər. İndiki böyük layihələrə isə heç bir – nə yerli, nə də xarici nəzarət yoxdur.
Neft erasının bitməsi demokratik inkişafa haradasa yardım edə bilər.Belə ki, neftin qiymətinin yüksək olduğu zamanlarda məmurlar nazirliklərin ildən-ilə artan büdcəsi hesabına öz problemlərini həll edə, həm də büdcə xərclərində böyük yer tutan təmir–tikinti layihələrindən vəsait mənimsəyə bilirdilər. Burada böyük tikinti və kommunikasiya layihələrini xüsusilə qeyd etmək lazımdır. Neft gəlirləri artdıqca hakimiyyətin belə layihələrə marağı daha da artırdı.
Neft bir neçə parametr üzrə Azərbaycandakı siyasi hakimiyyətin müstəqilliyini artırırdı, onun beynəlxalq mühitdən asılılığını isə azaldırdı. Öncə Azərbaycanın yaxın keçmişinə qayıtmaq lazımdır. Əvvəllər ölkə müəyyən mənada beynəlxalq maliyyə institutlarından asılı idi, öz iqtisadiyyatını onların ayırdığı kreditlər hesabına inkişaf etdirirdi. Bu kreditlərin verilməsi, maliyyə ayırmaları isə ölkədə demokratiyanın və insan haqlarının vəziyyətinin yaxşılaşdırılması, ardıcıl iqtisadi islahatların aparılması ilə şərtləndirilirdi. Bu isə Azərbaycan hakimiyyətini qane etmirdi. İndi bu asılılıq yoxdur.
Bir neçə il əvvələ qədər neft gəlirlərinin ölkəyə böyük miqdarda daxil olması hətta Azərbaycanın özünü investora çevirmişdi, Azərbaycan Gürcüstanda və Türkiyədə böyük investisiya layihələri həyata keçirirdi.
Demokratiyanın məhdudlaşdırılmasının digər yolu böyük enerji layihələrinin ölkə üçün yaratdığı geosiyasi manevr imkanlarıdır. Qərb dövlətlərinin təzyiqini hiss edən Azərbaycan bunu Rusiyanın və digər ölkələrin təsiri ilə tarazlaşdıra bilir. Üstəlik, Qərb dövlətlərinin özlərinin də Azərbaycana marağında enerji məsələləri xüsusi önəm kəsb edir və onlar bunu gizlətmirlər.
Təbii ki, hakimiyyətin inzibati resurslarını, xüsusən də güc strukturlarını qeyd etmək lazımdır, çünki ölkədəki siyasi hakimiyyətin yaşarlığını təmin edən, ilk növbədə, onlardır. Neft gəlirləri artdıqca, güc strukturlarının büdcə vəsaitləri çoxalır, bu da onların hakimiyyətə qarşı sədaqətini artırır.
Hətta sosial narazılıqları da pensiya artımları və müxtəlif sosial yardımlar vasitəsilə səngitmək mümkündür. Hakimiyyət neftdən gələn gəlirlərin kiçik bir hissəsini məcburi köçkünlərin və aztəminatlı təbəqənin problemlərinin həllinə yönəldir və bununla da narazılığın qismən azalmasına nail olur. Ziyalıların önəmli hissəsi də hakimiyyətə qarşı loyallığın müqabilində mükafatlandırılır.
O da həqiqətdir ki, siyasi və iqtisadi islahatları aparmaq üçün müəyyən sosial stimula ehtiyac var. Neftin mənfi təsiri məhz ondadır ki, bu stimulu azaldır, ölkə rəhbərliyini arxayınlaşdırır, onun daxili rəydən asılılığını zəiflədir və beynəlxalq öhdəliklərə qarşı etinasızlaşdırır.