Post-covid dövrü: Təşviş, ani ruh halı dəyişikliyi və yuxu pozuntusu

Foto: By BalkansCat/Shutterstock

“Problemlərin yaratdığı risk kiçik, cəmiyyətə təsiri böyükdür”

Koronavirusdan sağalanların psixoloji və nevroloji problemlər yaşadıqları bildirilir.

“Deutsche Welle”nin dərc etdiyi araşdırmada bildirilir ki, sağalan xəstələrin ən azı üçdə birinin altı ay ərzində psixoloji və nevroloji problemlər yaşadığı təsbit edilib.

Bu insanlarda daha çox təşviş halları və ani duyğu dəyişiklikləri müşahidə edilir.

İngiltərədə çap edilən “Lancet Psychiatry” tibb dərgisi də yazır ki, Covid-19 xəstələri tənəffüs yolu problemi olan digər xəstələrə nəzərən daha çox nevroloji və psixoloji problemlər yaşayır.

Araşdırmanın müəllifi Oksford (Oxford) Üniversitetindən olan Max Taquet deyir ki, qrip və ya tənəffüs xəstəlikləri ilə müqayisədə Covid-19-dan sağalanlarda beyin xəstəlikləri və ya psixiatrik pozğunluqlar daha çox olur.

“Lakin araşdırmada bunun səbəbini müəyyən etmək mümkün olmayıb”, – o bildirib.

Araşdırma əksəriyyəti ABŞ-dan olan 236 min 379 koronavirus xəstəsinin məlumatları əsasında hazırlanıb. Xəstəlikdən sağaldıqdan sonra altı ay ərzində bu insanların 34 faizində narahatlıq, psixoloji pozuqluqlar və ya ani əhval dəyişikliyi müşahidə edilib.

Analiz edilən bütün xəstələrin 17 faizində təşviş, 14 faizində isə ani ruh halı dəyişikliyi olduğu məlum olub. Bundan əlavə, xəstələrin 5 faizində yuxu pozğunluğu, 2,1 faizində isə tromblaşma nəticəsində infarkt və yüzdə 0,6 faizində beyinə qansızma olduğu müəyyən edilib.

Tibbi mütəxəssislər koronavirusdan sağalan insanlarda nevroloji və psixoloji problemlərin artması hallarından narahatdır. Keçən il eyni tədqiqatçılar tərəfindən aparılan bir araşdırmada Covid-19 xəstələrinin yüzdə 20-nin xəstəlikdən sağaldıqdan sonrakı 3 ay ərzində psixoloji problemlərinin olduğu bildirilirdi.

Oksford Universitetinin psixologiya professoru Paul Harrison deyir ki, bu problemlərin ayrı-ayrılıqda yaratdığı risk kiçik olsa da, cəmiyyətə təsiri böyükdür.

Tədqiqatı aparan alimlər bütün bu problemlərin səbəblərini müəyyən etmək üçün daha çox araşdırma aparılmasının vacib olduğunu düşünürlər. Bildirirlər ki, keçmişdə də nevroloji xəstəliklərlə infeksiyaları əlaqələndirən araşdırmalar olub.

Ancaq bu dəfə belə problemlərin artmasına səbəb həm də qapanmalar, tətbiq edilən məhdudiyyətlər, təcridlərdir.

Məsələn, 2020-ci ilin sığorta məlumatlarına görə, Almaniyanın Bavariya əyalətində narahatlıq və depressiya səbəbindən həkim kağızı ilə işdən izin alıb evdə oturanların sayı rekord həddə olub.

Ana səhifəSağlıqPost-covid dövrü: Təşviş, ani ruh halı dəyişikliyi və yuxu pozuntusu