Hətta bəzi abidələr sökülə bilər
İyunun 22-də Polşa parlamentinin aşağı palatası (Seym) bina və obyekt adları, habelə abidələr vasitəsilə kommunizm və hər hansı başqa totalitar quruluşun təbliğini yasaqlayan qanuna yeni düzəlişləri qəbul edib.
Düzəlişlərin lehinə 408, əleyhinə isə 7 deputat səs verib.
Qanuna görə, küçə, məktəb, mədəniyyət mərkəzləri, idman klubları, teatrlar, xəstəxanalar və başqa tikililərin kommunist xadimlərin və ya kommunist partiyasının şərəfinə adlandırılması qadağandır.
Məlumatı yayan AzadlıqRadiosu bildirib ki, qadağa bəzi tarixlərə də tətbiq oluna bilər, məsələn, 7 noyabr tarixinə.
Qanunda sovet dövründə Polşa ərazisində qoyulmuş abidələrin dekommunizasiyası (kommunistsizləşdirilməsi) də nəzərdə tutulub. Abidələrin üzərindən beşguşəli ulduzlar və sovet sistemini təmsil edən digər rəmzlər götürülməlidir.
Əgər abidə şəhərin mülkiyyətinə aiddirsə, o zaman onun dekommunizasiyasını şəhər öz hesabına həyata keçirəcək.
Dekommunizasiya qəbiristanlıqlarda və ya xatirə komplekslərinin ərazisində yerləşən, ictimaiyyətin gözü qarşısında olmayan, elmi məqsədlərlə, sənət əsəri kimi nümayiş etdirilən, memarlıq abidələri reyestrinə daxil edilmiş obyektlərə şamil edilməyəcək.
Qanuna görə, abidələrin sökülməsi haqda yekun qərarlar region administrasiyaları –voyevodstvolar səviyyəsində veriləcək. Onlar isəöz növbələrində, lazım bildikləri halda abidənin mədəni və tarixi əhəmiyyətə malik olduğu və sökülməli olmadığı barədə qərar qəbul edə bilərlər. Bundan başqa, regional hökumətlər küçə adlarının dəyişdirilməsi haqda qərar qəbul edəcəklər. Bu qərarlar Xalq Yaddaşı İnstitutunun təsdiqindən sonra icra ediləcək.
Düzəlişlər elan olunandan üç ay sonra qüvvəyə minəcək. Yeni qanun artıq Rusiya Xarici İşlər Nazirliyinin mənfi reaksiyasına səbəb olub. Nazirliyin rəsmisi Mariya Zaxarova xəbərdarlıq edib ki, Polşa sovet abidələrini sökməyə başlasa, Moskva bunu cavabsız qoymayacaq:
“Abidələrə qarşı müharibə Qızıl ordunun Polşa xalqını Hitler nasistlərindən qurtarması faktının xalqın yaddaşından silinməsinə yönəlib”.
Polşada qəbul edilmiş dekommunizasiya haqqında qanunun analoqu Ukraynada artıq bir neçə ildir ki, qüvvədədir.