“Ermənistanın Avropa Birliyinə yaxınlaşması məsələsi bizim üçün böyük əhəmiyyət kəsb edir”
Polşa Prezidenti Anjey Duda Baş nazir Nikol Paşinyan və digər Ermənistan rəsmiləri ilə görüşmək üçün Yerevana səfər edib.
“OC Media” yazır ki, Prezident Polşa ilə Ermənistan arasında əlaqələri dərinləşdirməyə hazır olduğunu bildirib.
Duda noyabrın 26-da Yerevanda Paşinyan, Prezident Vaaqn Xaçaturyan və parlamentin sədri Alen Simonyanla görüşüb.
Paşinyan və Duda ölkələri arasında siyasi, iqtisadi, turizm, mədəni və humanitar əməkdaşlığın inkişafı və genişləndirilməsini müzakirə ediblər.
Onlar həmçinin ticarət-iqtisadi əlaqələrin inkişafı üçün ardıcıl tədbirlərin görülməsinin vacibliyini vurğulayıblar. Paşinyan qeyd edib ki, əvvəllər “əsasən istifadə olunmamış” Ermənistan-Polşa əlaqələrinin inkişafı üçün “həqiqətən də böyük potensial” var.
Duda erməni həmkarı ilə birgə mətbuat konfransında bildirib ki, Polşa Ermənistanla təkcə siyasi əlaqələri gücləndirmək istəmir, həm də iqtisadi əlaqələri genişləndirməyə və hər iki ölkənin iqtisadi inkişafına töhfə verəcək innovativ həllər təqdim etməyə çalışır.
O, maliyyə sektorunda əməkdaşlığı vurğulayıb, Davosda Ermənistan və Varşava Birjaları arasında imzalanmış əməkdaşlıq sazişini yüksək qiymətləndirib və kapital bazarının inkişafı layihəsinin “uğurla həyata keçirildiyini” qeyd edib.
Varşava Birjası 2022-ci ilin mayında Ermənistan Fond Birjasının 65%-ni alıb.
“Mən Polşa ilə Ermənistan arasında iqtisadi əməkdaşlığın başqa istiqamətlərdə də genişlənməsini istərdim: yeni texnologiyalar, iqlimin qorunması, yaşıl enerji”, – Duda deyib.
Duda həmçinin qeyd edib ki, Polşa tezliklə Aİ Şurasına sədrlik edəcək və Ermənistanın Avropa Birliyinə yaxınlaşması məsələsi onlar üçün böyük əhəmiyyət kəsb edir. O, Ermənistanın Aİ-yə inteqrasiya cəhdlərini dəstəkləməyə hazır olduğunu bildirib.
Duda deyib ki, Polşa Aİ-nin Şərq Tərəfdaşlığı formatının bərpası ilə bağlı müzakirələrə başlamaq, ona bəzi dəyişikliklər etmək istəyir. 2022-ci ilin əvvəlində Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra format çərçivəsində işlər dayandırılıb.
O, həmçinin bəyan edib ki, Polşa Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllini dəstəkləməyə hazırdır:
“Əgər bu vəziyyəti sabitləşdirmək lazımdırsa, biz istənilən vaxt sülh yolu ilə həll yollarını və razılaşma imkanlarını axtarmağa hazırıq”.
Həmin gün Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Ermənistanın Rusiyanın rəhbərlik etdiyi təhlükəsizlik bloku olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) işə qayıtması üçün “qapılar açıqdır”.
Təşkilatın üzvü olmasına baxmayaraq, Ermənistan 2022-ci ildən bəri KTMT-nin əksər iclaslarını boykot edib və bunu Azərbaycanın hücumlarına qarşı müdafiə olunmamasını əsas gətirib.
Bu həftənin əvvəlində Rusiyanın Yerevandakı səfiri Rusiya-Ermənistan münasibətlərini yüksək qiymətləndirərək, Ermənistanın təhlükəsizliyini təmin etmək üçün Rusiya ilə əlaqələrə “müqayisə edilə bilən alternativlərin” olmadığını deyib.
Bu yazı ingilis dilindən tərcümə edilmişdir. Yazının əslini “OC Media”dan oxuya bilərsiniz.