Poll Qobl: Əliyevlər naxçıvanlıdır, Naxçıvan ailə üçün son dərəcə vacib bir simvoldur

Ancaq Poll Qobl Rusiyanın Azərbaycana sühməramlı gətirməsini beynəlxalq hüquqa zidd hesab edir

Source: google.az


"İlham Əliyevə bu koridor təklif olundu və o, bu cazibədar təklifə yox deyə bilmədi"

“İndiki razılaşma Azərbaycan üçün tam qələbə demək deyil, prosesin sonu da deyil, sülh deyil, növbəti atəşkəsdir. Amma zaman keçdikcə, Azərbaycan güclənir və bir müddət sonra Azərbaycan bütün Qarabağda effektiv suverenliyini bərpa edəcək. Bu müddət ərzində isə Naxçıvan və Azərbaycan arasında dəhlizin əhəmiyyətini gücləndirəcək və bunlar üzərində bir növ suverenlik bərpa edəcək”.

Bunu "AzadliqRadiosu"na müsahibəsində ABŞ Dövlət Departamentinin keçmiş müşaviri Poll Qobl səsləndirib.

Keçmiş müşavirin sözlərinə görə, mövcud atəşkəs olmasaydı, Ermənistanda yeni qaçqınlar yaranacaqdı və ölkədə sabitlik daha da pozulacaqdı, ona görə də Moskva Ermənistanı tamamilə itirməmək üçün kompromis həll təklif etdi.

Poll Qobl Azərbayan Prezidentinin Rusiya sülhməramlılarının ölkəyə buraxmasını belə şərh edib: “İlham Əliyev öz çıxışlarında Rusiyanın Ermənistana silah göndərməsini dəfələrlə qeyd etmiş olsa belə, ona görə sonda Rusiya sülhməramlılarının bölgəyə gəlməsinə nail oldu ki, ona çox vacib bir təklif – Naxçıvana dəhliz təklif olundu. Əliyev niyə bunu etdi? Məncə, o, çox istədiyi bir şeyi əldə etdi: Naxçıvana dəhliz. Əliyevlər naxçıvanlıdır. Naxçıvan ailə üçün son dərəcə vacib bir simvoldur. İlham Əliyevə bu koridor təklif olundu və bu çox cazibədar təklifə yox deyə bilmədi. Bundan başqa da, əgər ordu irəliləməkdə davam etsəydi, Rusiya Ermənistanın cənubuna – Zəngəzura kütləvi qoşun tökəcəkdi və Azərbaycana imkan verməyəcəkdi irəli getməyə”.

Ancaq Poll Qobl Rusiyanın Azərbaycana sühməramlı gətirməsini beynəlxalq hüquqa zidd hesab edir: “Çünki Rusiya burda maraqları olan tərəfdir. Eləcə də Türkiyənin də regionda sülhməramlı rolunda çıxış etməsi beynəlxalq hüquqa zidd olardı”.

Keçmiş müşavir ABŞ-ın son qərara etiraz etməsini vacib sayıb: “Vaşinqton etirazını bildirməli idi. Ümid edirəm ki, yeni seçilən prezident Co Bayden administrasiyası gələn ildən fəaliyyətə başlayanda beynəlxalq hüququn təmin edilməsi və Rusiya sülhməramlılarının neytral qüvvələrlə əvəzlənməsi təklifi ilə çıxış edəcək. Məsələ ondadır ki, Rusiya bu fürsətdən istifadə edib Cənubi Qafqazda oyun oynaya bilər. Məsələn, təxribatlar edilə, tərəflər birinə hücum edə bilər. Məncə, Rusiyanın Ermənistanı məcbur etməsinin bir səbəbi də budur: Rusiya qorxur ki, Ermənistan bir vaxtlar etdiyi kimi ASALA terror hücumlarına geri dönə bilər. Qarabağ daxilində belə təxribatlar edilsə, elə görünəcək ki, bunu Türkiyə edir, Azərbaycan edir. Bu halda, Rusiya bundan təzyiq vasitəsi kimi istifadə edə bilər”.

Poll Qobl 1990-cı illərin əvvəlində Azərbaycanla Ermənistan arasında ərazi mübadiləsi nəzərdə tutan planın müəllifidir. Plana əsasən Laçında Qarabağdakı erməni anklavına, Ermənistanın cənubunda isə Azərbaycandan Naxçıvana dəhliz verilməsi nəzərdə tutulurdu.

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-də ağır döyüşlər başlamışdı. Döyüş əməliyyatları noyabrın 9-dək davam edib. Bu 44 gün ərzində Azərbaycan tərəf 280-dək kəndin, dörd qəsəbənin (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhərin (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edildiyini açıqlayıb.

Noyabrın 10-dan 11-nə keçən gecə Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri birgə bəyanat imzalayıb. Müharibənin bitməsini özündə ehtiva edən bəyanatla Rusiya sülhməramlılarının Qarabağa gəlməsi elan edilib. Elə həmin gecə sülhməramlılar bölgəyə daxil olub.

Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulur. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Dağlıq Qarabağa göndərilən sülhməramlılarla bağlı fərman imzalayıb. Fərmanda deyilir ki, Rusiyanın Müdafiə Nazirliyi 1960 nəfərlik heyət ildə ən azı iki dəfə, hərbi texnika isə ehtiyatlar sərf olunduqca və texniki cəhətdən ehtiyac yarandıqca dəyişdirməlidir. Rusiya sülhməramlıların xərclərini də özlərinin ödəyəcəyini açıqlayıb.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Ana səhifəSiyasətPoll Qobl: Əliyevlər naxçıvanlıdır, Naxçıvan ailə üçün son dərəcə vacib bir simvoldur