Mirəziz Əsgərov şikayətinə qismən istintaqla baxılmasını istəyir
Oktyabrın 2-də Bakı Apelyasiya Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş Əks Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun barəsindəki hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
Meydan TV-nin məlumatına görə, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Prosesdə M. Əsgərovun vəkili apelyasiya şikayətinə qismən istintaqla baxılması ilə bağlı vəsatət verib.
Məhkəmə vəsatəti təmin etməyib.
Məhkəmə baxış iclası oktyabrın 16-na təyin edilib.
Bakı Hərbi Məhkəməsinin hökmü ilə M. Əsgərov 1 il 6 ay rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə, 4 il müddətinə azadlıqdan məhrum edilib. Ona qarşı olan mülki iddia rədd edilib, əmlakları üzərindən həbs götürülüb. Onun mənzilində aparılan axtarış zamanı götürülən pullar da qaytarılacaq. Hökmlə razılaşmayan M. Əsgərov apellyasiya şikayəti verib. O,barəsində bəraət hökmünün çıxarılmasını istəyir.
İttihama görə, Mirəziz Əsgərov zərərçəkmişlərdən hədə-qorxu yolu ilə pul tələb etməkdə və digər ağır cinayətlərdə ittiham olunur.
Ona qarşı Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2-ci (mütəşəkkil dəstə tərəfindən, külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu gəlmə), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, təkrar, külli miqdarda, hədə-qorxu tətbiq olunmaqla rüşvət alma), 341.2.1 və 341.2.3-cü (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə ittiham irəli sürülüb.