Polkovnik-leytenant: ”Mən belə vətənə oğlumu necə əsgər göndərim?!”

27 il hərbidə xidmət etmiş polkovnik leytenant Əliyaz Mirzəyev 3 ildir ağciyər xərçəngindən əziyyət çəkir. Xidməti dövründə xəstəliyə tutulduğuna görə təxris olunub. O vaxtdan dərmanlarını almaqda çətinlik çəkir. Hərbi Qulluqçuların Statusu Haqqında Qanunun 13-cü maddəsinin 6-cı bəndinə görə Əliyaz Mirzəyev pulsuz müalicə almalıdır. O, bu hüququnun təmin olunmadığını deyir.

Xəstəliyi aşkarlananda sonuncu, dördüncü mərhələdə olub. 14 kurs kimyaterapiya alıb. O da təsir etməyincə, həkimlər ölkədə olmayan dərmanları məsləhət görüb. İndi o dərmanları Türkiyədən, Amerikadan sifariş etdirir. Dərmanı almaq üçün 2000 dollar borclanıb da.

Müdafiə naziri Zakir Həsənov mətbuata verdiyi açıqlamada bildirib ki, bu ilin birinci yarısında 500, ilin sonuna kimi 200 zabitə ev veriləcək.

Əliyaz Mirzəyev də kirayədə yaşayır. Ümidi 27 illik xidmətinə görə veriləcək evə qalıb. Düşünür ki, ev verilsə, onu satıb müalicəsinə xərcləyər. Amma o ev də verilmir.

Müdafiə Nazirliyi göndərdiyimiz sorğunu cavablandırmadı.Səhiyyə Nazirliyindən suallarımızı dinləsələr də, cavab vermədilər.

O orduda 27 illik iş təcrübəsinin 18 ilini ön cəbhədə xidmət edib. Deyir 27 illik xidmətinin qazancı hərbçi dostları və xəstəliyidir. Xəstəliyinə görə bir neçə dəfə fasilə verib yenidən danışır. Deyiləcək sözləri çoxdur, amma deməyə nəfəsi və bəzən də qüruru imkan vermir. Deyir, başının üstündən asdığı hərbi geyimdən utanır.

Ana səhifəVideoPolkovnik-leytenant: ”Mən belə vətənə oğlumu necə əsgər göndərim?!”