Nəşr yazır ki, Azərbaycanın işğal edəcəyi ehtimal olunan ərazi Ermənistanın cənubudur
“ABŞ dövlət katibi Antoni Blinken xəbərdalıq edib ki, Azərbaycan yaxın həftələrdə Ermənistanı işğal edə bilər”.
Bu barədə “Politico” nəşrinə söhbətdən xəbəri olan iki nəfər məlumat verib.
Onlar bildiriblər ki, Blinken ötən həftə kiçik bir qrup konqresmenlərə bu barədə xəbərdarlıq edib. Həmçinin bildirib ki, onun departamenti bu məsələni yaxından izləyir.
Nəşr yazır ki, Azərbaycanın işğal edəcəyi ehtimal olunan ərazi Ermənistanın cənubudur.
Blinken həmçinin bildirib ki, Dövlət Departamenti ABŞ-ın Bakıya hərbi yardım göstərməsinə imkan verən sazişi (907-ci düzəliş) yeniləməyəcək.
Dövlət Departamenti bu məlumatları şərh etməkdən imtina edib, lakin qurumun “Ermənistanın suverenliyinə və ərazi bütövlüyünə”, münaqişənin “birbaşa danışıqlar” yoluyla həllinə sadiq olduğunu qeyd edib.
Hələlik Ermənistan və Azərbaycan tərəfdən Antoni Blinkenin bu açıqlaması barədə rəy verilməyib.
Sentyabrın 18-dən Qarabağdan ölüm xəbərləri gəlməyə başlayıb. Tank əleyhinə minaya düşən iki böyük yük avtomobilinin içində 14 nəfər həyatını itirib. Bunlardan yeddisi polis, qalanı mülki şəxs olub. Azərbaycan həmin minaların erməni diversiya qrupları tərəfindən yeni basdırıldığını açıqlayıb.
Sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyata başlayıb. Tələbi erməni silahlı qüvvələrinin regiondan çıxarılması olub. Sentyabrın 28-də isə separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb. Tanınmamış respublikanın 2024-cü il yanvarın 1-də ləğv olunacağını bəyan edib. Bunu sentyabrın 19-da yaranmış vəziyyətlə əlaqələndirib.
Azərbaycan tərəf daim açıqlamalarında Qarabağın erməni əhalisinin bölgəni tərk etməməsini, reinteqrasiya prosesini qəbul edib, evlərində yaşaya biləcəyini açıqlayıb. Ermənistan tərəf Azərbaycanı Dağlıq Qarabağı erməni əhalidən təmizləmək üçün “etnik təmizləmə” kampaniyası aparmaqda ittiham edib.