Mehman Əliyev şərlənməsinə, işgəncə görməsinə etiraz olaraq bu addımı atdığını deyib
Şirvan şəhərində polislərlə yerli vətəndaş arasındakı insidenti çəkib, sosial şəbəkələrdə yayandan bir gün sonra narkotik ittihamıyla həbs olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Mehman Əliyevin 4 gündür ki, təcridxanada aclıq etdiyi bildirilir.
Bu barədə Meydan TV-yə onun vəkili Fəxrəddin Mehdiyev məlumat verib.
Vəkil bildirib ki, iyunun 4-də Bakı İstintaq Təcridxanasında müvəkkili ilə görüşüb. Mehman Əliyev müdafiəçisinə şərlənərək həbs edildiyini, həm saxlanılarkən, həm də sonradan polis şöbəsində işgəncəyə məruz qaldığını, bütün bunlara etiraz olaraq, iyunun 1-dən aclığa başladığını deyib.
Mehman Əliyev 10 gündən çoxdur həbsdə olsa da, ailə üzvlərilə nə görüşə, nə də telefonla danışa bildiyini deyib. Onun sözlərinə görə, heç bir əsas olmadan bu hüquqları məhdudlaşdırılır.
Bakı İstintaq Təcridxanasının rəhbərliyi Mehman Əliyevin aclıq etməsi barədə onlara rəsmi qaydada məlumat verilmədiyini iddia edir. Onun telefon danışıqları və yaxınları ilə görüşlərinə qadağa qoyulmasına gəlincə, bildirilib ki, telefon danışığına qadağa yoxdur. O, qrafik üzrə (həftədə iki dəfə) ailə üzvlərilə danışa biləcək. Lakin yaxınları ilə görüşlərinə müstəntiq qadağa qoyub.
Vəkil Mehman Əliyevin ailə üzvlərilə görüş qadağasını qanunsuz və əsassız hesab edir. Müdafiəçi bildirib ki, müvəkkilinin polislər tərəfindən işgəncəyə məruz qalması ilə əlaqədar prokurorluğa şikayət edəcək.
Mehman Əliyevin telefonla çəkdiyi və sosial şəbəkələrdə yaydığı görüntülərdə Şirvan sakini Əli İsayev kəsici alətlə özünə xəsarət yetirərək, polislərin onu narkotiklə şərləməyə cəhd etdiyini deyirdi. Həmin görüntülərdə eyni zamanda, ətrafdakı mülki geyimli şəxslər özünə xəsarət yetirən şəxsi saxlamağa çalışırdı.
Bundan bir gün sonra həm özünə xəsarət yetirən 37 yaşlı Əli İsayev, həm də baş verənləri kənardan telefonla çəkmiş 41 yaşlı Mehman Əliyev həbs olunub. Onların hər ikisinə qarşı külli miqdarda narkotik ittihamı irəli sürülüb.
Mehman Əliyevin həm üzvü olduğu AXCP, həm də yaxınları narkotik ittihamının əsassız olduğunu, onun çəkdiyi videoya görə şərlənərək həbs edildiyini bildirir.
Mehman Əliyevin həbsindən sonra yayılan səs yazısından da məlum olur ki, hadisədən sonra Şirvan şəhər Polis Şöbəsinin əməkdaşı ondan videonu silməsini istəyib. Sözügedən səs yazısında Bəhruz adlı polis əməkdaşı Mehman Əliyevə zəng edərək, onunla görüşmək istədiyini bildirir. Mehman Əliyev ondan görüşün səbəbi və məqsədi haqda soruşsa da, qarşı tərəf konkret cavab vermir. Bir neçə dəfə israrla soruşandan sonra isə “Telefonundakı ilə bağlı görüşəcəyik, onların hamısını yoxa çıxaracaqsan” deyir. Lakin Mehman Əliyev görüşməkdən də, videonu silməkdən də imtina edir.
Daxili İşlər Nazirliyi isə Mehman Əliyev və Əli İsayevin narkotiklə şərlənməsi barədə deyilənləri təkzib edir. Nazirliyin mətbuat xidmətindən Meydan TV-yə bildirilib ki, Əli isayev Şirvan şəhərində narkotiklərlə əlaqəli cinayətə görə şübhəli bilindiyinə görə polis əməkdaşları onu saxlayanda özünə xəsarət yetirib və gizlənib:
“Məsuliyyətdən yayınaraq gizlənən şəxs və onun yanında olan daha bir nəfər tutulub. Daxil olan əməliyyat məlumatı əsasında keçirilən tədbirlərlə saxlanılan həmin şəxslərdən külli miqdarda narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb”.