”Polislərin arxasında İlham Əliyev dayanıbsa, bizim də arxamızda Allah dayanıb”

Abbas Hüseynov: “Bu gün gələndə beş nəfərin döyülməsinin şahidi oldum”

Source:


Abbas Hüseynov: “Bu gün gələndə beş nəfərin döyülməsinin şahidi oldum”

“Bakı İstintaq təcridxanasında özbaşınalıq baş verir. İnsanlar döyülüb təhqir olunur. Bu özbaşınalığa son qoyulsun”. Bu sözləri Oktyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Müsəlman Birliyi” Hərəkatının həbsdə olan sədri Taleh Bağırzadə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və digərləri ilə birlikdə mühakimə olunan Abbas Hüseynov deyib. Onlar 26 noyabr 2015-ci il tarixində Bakının Nardaran qəsəbəsində baş vermiş hadisələrdə təqsirləndirilirlər.


“Neçə gündür “kars”dayam”

Meydan TV-nin məlumatına görə, hakim Əlövsət Abbasovun sədrlik etdiyi iclasda çıxış edən A.Hüseynov bildirib ki, Azərbaycanda həbsdə olmaqla Ermənistanda əsirlikdə olmağın heç bir fərqi yoxdur: “Mən neçə gündür “kars”da saxlanılıram. Bu gün gələndə beş nəfərin döyülməsinin şahidi oldum. İstəyirəm bunlar araşdırılsın. Özbaşınalığa son qoyulsun. Həmin insanlar söyülür, döyülür. Axı onlar da insandı. Onların qışqırığını eşitmək xoş deyil. Onlar onsuz da cəza çəkirlər. Bu qədərə işgəncə verilməsə, insan kimi davransalar olmaz?”

Daha sonra A.Hüseynov və digər təqsirləndirilən şəxslər deyiblər ki, onların bədənlərində olan işgəncə izlərini araşdırmaq üçün göndərilən ekspert işgəncə izlərini qeydə almaq istəmir. Onlar ekspert rəyinin qeyri-obyektiv olacağını deyiblər və onun dəyişdirilməsini istəyiblər. Təqsirləndirilən Bəhruz Əsgərov bdeyib: “Ekspertə deyirəm ki, işgəncədən sonra filan yerim ağrıyır, o da müstəntiqə məlumat verməyi məsləhət görürür. Burada müstəntiqlik nə var axı? Deyirik qeydə almaq istəmir”.

Hakim Əlövsət Abbasov isə deyib ki, ekspert rəyi gəlmədən nəsə qərar verə bilməz: “Mən şifahi onlara nə deyim axı? Ekspert rəyi gələndən sonra nə sözünüz olsa deyərsiniz. Hansı qərar veriləcəyini mən nə bilim, falçı deyiləm ki. Rəy gəlsin, müzakirə edərik”.


“Siz dövlət ittihamçısısınız, yoxsa vətən xaini?”

İclasda çıxış edən vəkillər isə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı İbrahim Kazımovun yenidən məhkəməyə çağrılıb, dindirilməsini istəyiblər. Onlar zərərçəkmiş kimi tanınan İ. Kazımova bəzi suallar vermək istədiklərini deyiblər.

Prokuror isə deyib ki, İ. Kazımov iki dəfə məhkəmədə ifadə verib və hər şeyi danışıb. Təqsirləndirilən Cabbar Cabbarov ona “Siz dövlət ittihamçısısınız ,yoxsa vətən xaini” sualını verib. Bu prokurorun narazılığına səbəb olub. Hakim tərəfləri sakitləşdirərək vəsatətə sonrakı iclaslarda münasibət bildirəcəyini deyib.

İlahiyyatçı Taleh Bağırovun məhkəməsi (arxiv foto)
İlahiyyatçı Taleh Bağırovun məhkəməsi (arxiv foto)


Şahidin statusuna xitam verildi

Daha sonra iclasda Sabunçu rayon Polis İdarəsinin əməkdaşları Nadir Vəliyev, Şahbaz Orucov, Cavid Qafarov, Eyvaz Hüseynov, Ramil İsmayılov və başqaları ifadə veriblər. Onlar ötən il noyabrın 5-də bir qrup şəxsin Sabunçu rayon Polis İdarəsinin qarşısına toplaşaraq Elçin Qasımov adlı şəxsin azadlığa buraxılmasını istədiklərini deyiblər. N. Vəliyevdən sonra şahid kimi dindirilən Ş.Orucov isə deyib ki, ondan əvvəl məhkəmə iclasında ifadə verən N.Vəliyevin necə ifadə verməsini eşidib. Vəkillər isə onun şahidlik statusuna xitam verilməsini istəyiblər. Məhkəmə onun statusuna xitam verib.

İclasda şahid kimi ifadə verən Sabunçu RPİ-nin əməkdaşı Ağaəli Ələkbərli isə ötən il noyabrın 5-də baş verən hadisələr zamanı təqsirləndirilən şəxslərdən Zakir Mustafayevi gördüyünü deyib. Z. Mustafayev isə həmin gün orada olmadığını söyləyib. Bundan sonra vəkillər dəqiqləşdirmə aparıblar. Şahid tarixləri səhv saldığını deyib. O, ifadəsində göstərib ki, həmin hadisələr zamanı saxlanılan şəxslərə işgəncə verilməyib və saxlanılan şəxslərdən beşbarmaq və bıçaq aşkar edilib. Bu zaman Taleh Bağırzadə ona “Yalan deyənin atasına lənət” deyib: “”Skoç Ədalət” kimi tanınan şəxs və digərləri mənim cibimə narkotik atıb tutmuşdular. Necə ki, ilahiyyatçını narkotiklə şərləyib tutublar, eləcə də oradıklardan bıçaq və beşbarmaq çıxmasını deyirlər. Hamısı polislərin işi olub. Mən “Quran”a da and içərəm ki, bu adam işgəncələrin şahidi olub, lakin danır. Əmin olun bir gün ədalətli məhkəməyə çıxacaqsınız. Siz elə danışırsınız elə bil polislər məsumdur. İlham Əliyev deyib ki, polislər nə etsə, tutmayacaqlar. İlham Əliyev sizə o ixtiyarı verib. Polis binalarının işgəncə mənbəyi olmasını hamı bilir. Mənim özümə Sabunçu rayon Polis İdarəsində işgəncə verilib. Sizin adınız mətbuatda da yazılacaq. Mən vəsatət hazırlayıram. Siz polislər haqqında bütün qohumlarınıza müraciət edəcəyəm ki, sizi heç bir məclisə çağırmasınlar. Mən əminəm ki, siz işgəncələrə şahid olub gizlədirsiniz. İlham Əliyev sizin arxanızda dayanıbsa, bilin ki, bizim də arxamızda Allah dayanıb”. Hakim Ə. Abbasov T. Bağırzadəyə deyib ki, prezidentin adını çəkmək olmaz. T. Bağırzadə isə ona “Polislər Mehriban Əliyevanı söyəndə səsiniz çıxmırdı. İndi səsəiniz bizə çıxır?” cavabını verib. Bundan sonra hakim fasilə elan edib.

Fasilədən sonra Abbas Hüseynov çıxış edərək deyib ki, Milli Məclisdə təhsildən, siyasətdən, Qarabağdan danışmaq əvəzinə dini azadlığı boğmaq üçün yollar axtarırlar və bu, onu narahat edir: “Qüdrət Həsənquliyev və onun kimilər dini azadlığın məhdudlaşdırılmasından danışırlar. Nə qədər də etsəniz niyyətinizə nail ola bilməyəcəksiniz. Bu, birbaşa İlham Əliyev və digərləri tərəfindən təşkil olunur”.

Hakim isə deyib ki, məhkəmə Milli Məclisin işinə qarışa bilməz.

Məhkəmə prosesi oktyabrın 24-də davam edəcək.

Ana səhifəXəbərlər”Polislərin arxasında İlham Əliyev dayanıbsa, bizim də arxamızda Allah dayanıb”