Polislər məhkəmədə vəkili və vətəndaşı döyüb?

Foto: Meydan TV

Vəkil: “Əvvəl hansı formada kobudluq etmişdilərsə, sonradan eyni dərəcədə nəzakətlə üzr istədilər”

İki polis əməkdaşının məhkəmədə vəkili və vətəndaşı döydüyü haqda məlumat var. Nazirliyin “102” zəng mərkəzinə bununla bağlı şikayət daxil olub. Bu barədə Meydan TV-yə məlumat verən mənbə bildirib ki, şikayətçi də polislər tərəfindən şiddətə məruz qaldığını iddia edən vəkil özü olub.

Mənbə bildirib ki, hadisə martın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində baş verib. Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən döyüldüyü iddia olunan digər vətəndaş isə həmin məhkəmədə işinə baxılan təqsirləndirilən şəxsin qohumu olub.

Daxili İşlər Nazirliyinin 102 xidmətinə “Femida” vəkil bürosunun vəkili Anar Ramazanov şikayət edib. O bildirib ki, həm özü, həm də hüquqlarını müdafiə etdiyi şəxsin qohumu məhkəmənin dəhlizində Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Elməddin Paşayev və Vasif Məmmədov tərəfindən fiziki təzyiqə məruz qalıb.

Polislər narkotik ittihamıyla həbsdə olan Anar Gərayzadənin işi üzrə şahid qismində ifadə vermək üçün məhkəməyə çağırılıblar:

“Vəkil şikayətində göstərib ki, məhkəmə iclasından sonra dəhlizdə polislər təqsirləndirilən şəxsin qohumuna xəsarət yetirib, onu hədələyib. Vətəndaşın vəziyyəti pisləşib. Vəkil onları sakitləşdirməyə çalışanda vəkilin özünü itələyiblər, onu da vurublar. İcra məmurları prosesə müdaxilə edərək, polisləri ayırıb aparıblar”.

Vəkil və təqsirləndirilən şəxsin qohumuyla polislər arasında insidentin baş verdiyini məhkəmədən də Meydan TV-yə təsdiqləyiblər.

Vəkil Anar Ramazanov da Meydan TV-yə açıqlamasında belə bir insidentin baş verdiyini və DİN-in 102 xidmətinə şikayət etdiyini təsdiqləyib. O bildirib ki, hadisənin çoxsaylı şahidləri vardı:

“Məni birbaşa döyməmişdilər, amma hörmətsizlik, təhqiramiz ifadələr olmuşdu. Mən “102” xidmətinə şikayət etdim. Sağ olsunlar, operativ şəkildə araşdırma başladı. Heç 10-15 dəqiqə keçməmiş həmin polislər gəlib üzrxahlıq elədilər. Əvvəl hansı formada kobudluq etmişdilərsə, sonradan eyni dərəcədə nəzakətlə üzr istədilər. Mən də bağışladım. Elə həmin gün təkrar “102” xidmətilə əlaqə saxlayıb, həm təşəkkürümü bildirdim, həm də şikayətimi geri götürdüm”.

Ana səhifəSosialPolislər məhkəmədə vəkili və vətəndaşı döyüb?