May
ı
n 26-da azadl
ığa çıxmalı olan
Orxan Eyyubzad
əyə
Cinay
ə
t M
ə
c
ə
ll
ə
sinin 315-ci madd
ə
si il
ə cinayət işi açılıb
Mayın 6-da NİDA-çıların məhkəməsindən sonra həbs olunaraq 20 sutka azadlıqdan məhrum olunan gənc fəal Orxan Eyyubzadəyə Cinayət Məcəlləsinin 315-ci maddəsinin 1-ci hissəsi ilə cinayət işi açılıb.
Mediaforum.az-a açıqlama verən vəkil Əsabəli Mustafayev deyib ki, mayın 26-da Orxan Eyyubzadə azadlığa çıxmalı idi. Ancaq Binəqədi Rayon Məhkəməsi mayın 27-də Orxan Eyyubzadə barədə 1 aylıq həbs qətimkan tədbiri seçib. Cinayət Məcəlləsinin 315-ci maddəsinin 1-ci hissəsinə görə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə zor tətbiq etmə, zor tətbiq etməklə müqavimət göstərmə və ya onun yaxın qohumlarına qarşı həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etmə və ya belə zor tətbiq etmə hədəsi ilə hədələmə üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırlır.
Əsabəli Mustafayev deyib ki, Orxan Eyyubzadə Bakı polisinin Binəqədidəki məntəqəsində saxlanarkən, gəzinti zamanı polis işçisinə telefonla danışmaq istədiyini deyib. Polis işçisi “danışarsan” deyib. Bir müddət keçdikdən sonra Orxan yenidən həmin polisə deyib ki, bəs niyə şərait yaratmırsınız telefonla danışım. Bu zaman digər polis əməkdaşı ona kobud cavab verərək, “mən qoymuram” – deyib. Orxan evə vəziyyəti barədə xəbər vermək istədiyini bildirib. Polis işçisi çox kobud şəkildə “burda qanun mənəm, mən icazə vermirəm” – deyib və Orxanın boğazından tutaraq divara dirəyib. Orxan əliylə polisi özündən uzaqlaşdırıb. Mübahisə orda bitib və Orxan saxlandığı kameraya qaytarılıb.
Bir müddət sonra məntəqə rəisi və 5-6 nəfər polis onun kamerasına gələrək fiziki zor tətbiq ediblər, əllərini arxadan qandalla bağlayaraq digər kameraya aparıblar, soyundurublar, butulka üstündə otuzdurmaqla hədələyiblər.
Sonra Orxan kameraya geri qaytarılıb. Bir müddət sakitlik yaranıb. Ardınca polis əməkdaşları Orxandan şikayət ediblər, Orxanın onlara müqavimət göstərdiyini bildiriblər”.
Vəkil Orxan Eyyubzadənin səhhətində çox ciddi problem olduğunu söyləyib: “Qıcolma xəstəsidir, daim müalicə almalıdır. Onu həbsdə saxlamaq olmaz”.
DİN mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə Azadlıq Radiosuna vəkil Əsabəli Mustafayevin dediklərini təkxib edib. Şöbə rəisi bunu vəkilin növbəti dəfə faktları təhrif etməyə, ictimai rəyi çaşdırmağa, gündəmdə zorla qalmaq üçün məqsədyönlü şəkildə dezinformasiya yaymağa, polisin işgüzar nüfuzuna qəsdən kölgə salmağa və mövzu ətrafında yersiz hay-küy, süni ajiotaj yaratmağa yönəlmiş hərəkət kimi qiymətləndirib: “Orxan Eyyubzadə və Bakı polisinin Binəqədidəki məntəqəsində saxlanılan digər şəxslər barədə eyni xarakterli və məzmunlu dezinformasiyaların yayılması ilk dəfə deyil. Xatırlayırsınızsa, Orxan Eyyubzadə haqqında belə şayiələr o, cari ilin əvvəllərində sözügedən məntəqəyə ilk dəfə düşərkən də yayılmışdı. O zaman da bu gəncin işgəncəyə məruz qaldığı iddia edilirdi. Ancaq vəkil nə o zaman, nə də indi polis tərəfindən saxlanılan və İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsinə qəbul edilən Eyyubzadənin özünü çox aqressiv, ədəbsiz formada aparmasından, hazırda saxlandığı qapalı tipli müəssisənin daxili nizam-intizam qaydalarını pozmasından, xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə nümayişkaranə tabe olmamasından, bəzən onlara müqavimət göstərməsindən heç zaman söz açmayıb və təbii ki, açmaz da. Bunun səbəbi aydındır. Lakin bu bir faktdır ki, vəkilin belə canıyananlıqla, canfəşanlıqla müdafiə etdiyi həmin gənc hələ ilk saxlama zamanı polisin qanuni tələblərinə tabeçilik göstərməməsi ilə bərabər, saxlandığı kamerada dövlət əmlakına da müəyyən zərər yetirməsi, özü bir tərəfə, başqalarını da bu işlərə təhrik etmək istəyi ilə də seçilib. Ona görə məntəqə rəhbərliyi tərəfindən hər iki saxlama müddətində mövcud qaydalar çərçivəsində ona qarşı müəyyən tənbeh tədbirləri tətbiq olunub, intizama dəvət edilməsi, əməkdaşlara qarşı nəzakətli rəftarı üçün müəssisə rəhbərliyi tərəfindən Eyyubzadə ilə çoxsaylı profilaktiki söhbətlər də aparılıb”.