Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsi

Mənbə: Azərtac

Başlıq: Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsi

“Polislər dedi, istəyirsən, lap Heydər Əliyevə məktub yaz”

Bakı sakini taksi fəaliyyətiylə məşğul olarkən 15-ci polis bölməsinə aparıldığını, 500 manat müqabilində sərbəst buraxıldığını iddia edir

“Səhər atam sələmə 500 manat götürüb 15-ci polis bölməsinə gəldi, pulu verib, məni buraxdırdı. Bölmədən çıxanda polislərə bildirdim ki, ilk işim ölkə başçısına sizdən şikayət etmək olacaq. Dedilər, istəyirsən, apar bir məktub da Heydər Əliyevin qəbrinin üstünə yaz qoy...”

Bunu Meydan TV-yə Bakı sakini, taksi fəaliyyəti ilə məşğul olarkən Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsinə aparılmış və iddiasına görə, 500 manat müqabilində azadlığa buraxılmış 27 yaşlı Elvin Allahverdiyev deyir.

Onun sözlərinə görə, İkinci Qarabağ Müharibəsindən qayıtdıqdan sonra icarəyə götürdüyü avtomobillə taksi fəaliyyəti göstərməyə başlayıb. Fevralın 19-da gecə saat 3 radələrində taksi xidməti göstərərkən Sabunçu rayonu ərazisində post-patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Avtomobildə axtarış aparılıb. Daha sonra polis işçiləri onu özləriylə Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsinə aparıblar.

“Mənə narkoman dedilər”

“Müştəridən zəng gəldi, getdim olduğu yerdən götürməyə. Əvvəllər də bir neçə dəfə həmin müştəriyə taksi xidməti göstərmişəm. İki kişi, bir qadın idi. Müştəriləri götürüb Zabrat istiqamətində hərəkət edəndə post-patrul xidmətinin polisləri maşınımı saxladı. Heç bir sənəd təqdim etmədən maşının salonunu axtardılar, sonra dedilər ki, bizimlə bölməyə getməlisiz. Məni də, sərnişinləri də 15-ci polis bölməsinə apardılar. Əslində şübhəli mən yox, o müştərilərim idi, necə deyərlər, məni də onların gözünə qatıb aparmışdılar. Bildirdim ki, mən sərnişinə cavabdeh deyiləm, nə bilim cibimdə nə daşıyır, kimdir, nəçidir, zəng vurur "gəl məni filan ünvana apar", gedib götürüb aparıram. Yolboyu və polis bölməsində polislərə müharibə iştirakçısı olduğumu, müharibədən qayıdandan sonra müalicə aldığımı, birtəhər normal həyata qayıdıb zar-zor özümə taksi sürücüsü işini tapdığımı bildirdim. Əvəzində isə polislərdən “kəs səsini, narkoman” kimi ifadələr eşitdim”, - şikayətçi deyir.

“Təhqiqatçı dedi, bura düşmüsənsə, pul verməmiş, çıxa bilməzsən”

Elvin Allahverdiyevin sözlərinə görə, onu müvəqqəti saxlama kamerasına salıblar. Gecə saat 5 radələrində bölmənin ikinci mərtəbəsinə qaldırıblar:

Elvin Allahverdiyev

Elvin Allahverdiyev

Mənbə: Meydan TV

“Bir əməkdaş dedi təhqiqatçıyam, adını, soyadını soruşdum, demədi. Bildirdi ki, qanını yoxlatdıracağıq, narkotik çıxsa, evin yıxıldı. Dedim, mən Göyçayda yaşayış qeydiyyatındayam, sentyabrın 29-da müharibəyə getmişəm. Zəngilan, Cəbrayıl, Qubadlıda xidmət etmişəm. Yanvarın əvvəli müharibədən qayıtmışam. Müharibədə əsəblərim pozulduğuna, yuxusuzluqdan əziyyət çəkdiyimə görə Göyçayda həkim müayinəsində olmuşam, həkim mənə narkotik tərkibli sakitləşdirici iki dərman preparatı yazıb, reseptlə alıb qəbul edirəm, reseptim də özümdədir. Təhqiqatçı dedi, bir halda ki, bura düşmüsən, “zəng vur, evdəkilərə de, səhərə 500 manat çatdırmasalar, sənin vəziyyətin yaxşı olmayacaq, bu başdan deyirəm sənə... Üzünə durğuzmağa əlimizin altında kifayət qədər adam var, əlimizdə 5 dəqiqəlik işdir. Dedim, müharibədən qayıdandan zorla bir taksi işi tapmışam, səhərə qədər müştəri daşıyıb, gündəlik planı toplamalıydım, ona da imkan vermədiz. Hələ məndən 500 manat da istəyirsiz? Dedi: "Məcbur etmirəm, təklif edirəm. Sənin yaxşılığın üçün çalışıram ki, müharibədən qayıdan adamsan, gedib məhkəmə kürsülərində oturmayasan". Dedim, mənim günahım nədir, cinayətim nədən ibarətdir, barmağını qatla, birini de, gedim, həbsdə yatım... Ancaq siz məni müştəri daşıdığım yerdə tutub gətirib bura salmısız, səbəbini nə özünüz bilirsiz, nə mən, bircə onu deyirsiz ki, pul gətirsinlər, buraxaq, get...”

“Atam 500 manat gətirdi, məni buraxdılar”

Elvin Allahverdiyev deyir, təhqiqatçı pul gətirilməsə, onu azad edə bilməyəcəyini israr edəndə məcbur olub ki, bu barədə valideynlərinə bildirsin:

“Gördüm ki, xeyri yoxdur, daş qayaya rast gəlib, öz diliylə deyir ki, 500 manat gətirməsələr, torban hazırdır, çarəsiz qaldım, məcbur oldum ki, valideynlərimə zəng vurum. Səhər atam sələmə 500 manat götürüb 15-ci polis bölməsinə gəldi, pulu verdi, adını qoydular ki, guya yolda sərnişinlərlə aramızda dava düşüb, ictimai asayişi pozmuşuq, səs-küy salmışıq, guya hərəkətimizdən peşmanıq və məni bölmədən buraxdılar. Nə bir izahat yazdırdılar, nə bir protokol gördüm, nə harasa imza atdırdılar, nə bir kağız verdilər, nə məhkəməyə apardılar... Heç mənimlə birlikdə bölməyə aparılan sərnişinlərdən də xəbərim olmadı. Sonradan bildim ki, onları da buraxıblar. Bölmədən çıxanda polislərə bildirdim ki, ilk işim ölkə başçısına sizdən şikayət etmək olacaq. Dedilər, istəyirsən, apar bir məktub da Heydər Əliyevin qəbrinin üstünə yaz qoy...”

"Müharibədə aldığım psixi sarsıntılar nəticəsində həkim məsləhəti ilə psixatrik dərmanlarla bir müddət müalicə almışam"

"Müharibədə aldığım psixi sarsıntılar nəticəsində həkim məsləhəti ilə psixatrik dərmanlarla bir müddət müalicə almışam"

Mənbə: Meydan TV

“Erməniyə qan uddurduq, budur mükafatımız?”

Elvin Allahverdiyev daxili işlər naziri Vilayət Eyvazovdan və Prezident İlham Əliyevdən başına gələnlərin araşdırılmasını, polis işçilərinin cəzalandırılmasını istəyir:

“Cənab Prezident və cənab nazir, 29 sentyabr 2020-ci il tarixdə sürücü kimi müharibədə iştirak etmişəm. Qubadlı, Zəngilan və Cəbrayıl döyüşlərdəndə düşməndən qənimət olaraq 2 ədəd URAL markalı avtonəqliyyat, 1 ədəd BRDM zirehli kəşfiyyat-mühafizə maşını götürərək ordumuza təhvil vermişəm. 3 yanvar 2021-ci il tarixdə ordudan təxris olunmuşam. Müharibədə aldığım psixi sarsıntılar nəticəsində həkim məsləhəti ilə psixatrik dərmanlarla bir müddət müalicə almışam. 15-ci polis bölməsində mənə gah narkoman, gah dava salıb ictimai-asayişi pozan xuliqan damğası vurmaq istədilər. Əgər atam gətirib 500 manatı onlara çatdırmasaydı, məni ya narkoman çıxaracaqdılar, ya da xuliqan... Erməniyə qan uddurduq, budur mükafatımız? Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsinin təhqiqatçısı ikinci mərtəbədə oturur, ancaq tələblərimə baxmayaraq nə özü, nə də növbətçi hissənin əməkdaşları mənə onun adını-soyadını bildirmədilər. Araşdırma aparılsa, məni bölmənin əməkdaşlarıyla üzləşdirsələr, məni vuran polis əməkdaşını da, təhqiqatçını da üzdən tanıyaram. Xahiş edirəm, bu hadisəni diqqətdə saxlayasız, polis adına ləkə olan həmin polis işçilərini cəzalandırasız”.

Daxili İşlər Nazirliyinin sözçüsü Elşad Hacıyev Meydan TV-nin bu barədə sorğusuna cavabında bildirib ki, Elvin Allahverdiyevin müraciəti nazirliyə daxil olub, araşdırılır.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/d3r9ql

Ən çox baxılan