“Polisin verdiyi narkotikə görə məni tutdular, onu isə işdən çıxarmaqla kifayətləndilər”

Xaçmaz sakini daxili işlər nazirindən, Baş prokurordan narkotiklə məşğul olan polisin  cəzalandırılmasını istəyir

“O narkotik mənim deyildi, Xudat polis bölməsinin növbətçi hissəsində işləyən polis nəfəri Rüfət Paşayevin idi. Mənə o narkotiki həmin polis işçisi vermişdi ki, evimdə saxlayım, lazım olanda məndən götürəcək. Bunu Xaçmaz Rayon Polis Şöbəsində də bilirdilər. Ancaq mən tutulandan sonra Rüfəti yalnız işdən çıxarmaqla kifayətləndilər”.

Bunu Meydan TV-yə Xaçmazın Mürşüdoba kənd sakini Fədai Həsənov deyir.

2020-ci il sentyabrın 7-də Xaçmaz Rayon Polis Şöbəsinin əməliyyatçıları Fədai Həsənovun yaşadığı mənzildə axtarış apararaq narkotik maddə aşkar ediblər. Həmin vaxt DİN Mətbuat Xidmətinin Quba rayonundakı regional qrupu bununla bağlı rəsmi məlumat yayıb. Həmin məlumatda qeyd olunurdu ki, rayon ərazisində “Fedya” ləqəbi ilə tanınan Mürşüdoba kənd sakini Fədai Həsənov şübhəli şəxs qismində yaşadığı evin yaxınlığında saxlanılıb. Polis əməkdaşları tərəfindən onun yaşadığı evə keçirilən baxış zamanı oradan sellofan torbada təmiz çəkisi 510 qram olan narkotik maddə heroin, bir ədəd elektron tərəzi, eləcə də narkotik maddələrin satışından əldə etdiyi 780 manat pul maddi sübut kimi aşkarlanaraq götürülüb. Fədai Həsənov barəsində həbs-qətimkan tədbiri seçilib. O, 7 ay Şüvəlandakı 3 saylı İstintaq Təcridxanasında saxlanılandan sonra zaminə buraxılıb. Fədai Həsənovun cinayət işi üzrə istintaqı əvvəlcə Xaçmaz Rayon Polis Şöbəsi aparıb, sonradan iş materialları istintaqın davam etdirilməsi üçün DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinə verilib və hazırda istintaq orada davam edir.

O narkotiki mənə polis vermişdi

Fədai Həsənov

Fədai Həsənov isə iddia edir ki, həmin narkotik elə polis əməkdaşının olub və müvəqqəti saxlamaq üçün ona verib. O danışır ki, 2020-ci il iyulun 28-də tanışı olan və Xudat polis bölməsinin növbətçi hissəsində işləyən polis Rüfət Paşayev ondan birlikdə Bakıya, oradansa Biləsuara getməyi xahiş edib. O da razılaşıb. Birlikdə Bakıya gəliblər, Rüfət Paşayev avtomobil kirayəsi ilə məşğul olan salonlardan birindən Veysəl adlı tanışının vasitəsilə avtomobil kirayələyib. Üçü birlikdə Biləsuvara yola düşüblər:

“Biləsuvarda bir restoranda yemək yedik, Rüfət Veysəllə məndən xahiş etdi ki, Cəlilabada gedək, orada bizə bir bağlama verəcəklər, onu götürüb geri – Biləsuvara qayıdaq. Rüfət Biləsuvarda qaldı, biz onun dediyi yerə getdik, bağlamanı götürüb geri qayıtdıq. Sonra da Xaçmaza yola düşdük. Rüfət elə maşındaca bağlamanı açdı, içərisindəki “kakos” idi, məndən narkotikin keyfiyyətini yoxlamağımı xahiş etdi, mən də yoxladım və keyfiyyətli olduğunu dedim. O, bağlamanı mənə verdi, xahiş etdi ki, hələlik evdə saxlayım, o nə vaxt desə, gətirib ona verim. Dedi ki, bağlama səndə qaldığı müddətdə narkotikdən 5-10 qram istifadə edə bilərsən. Beləcə, bağlama mənim evimdə qaldı. Sentyabrın 7-də polislər evimi basdı, narkotiki tapdı, mən bildirdim ki, bu, Rüfətin malıdır. Mən bunu Xaçmaz Rayon Polis Şöbəsində də dəfələrlə dedim, ifadələrimdə də adını qeyd elədim, məsələ necə olmuşdusa, yazmışdım”.

Yaxınlarını yanıma göndərdi, pul təklif etdi

Fədai Həsənov 7 ay 3 saylı İstintaq Təcridxanasında saxlanılandan sonra zaminə buraxılıb. Bundan sonra o, daxili işlər nazirinə, Baş prokurora müraciət edərək narkotikin polis işçisi Rüfət Paşayevə məxsus olduğunu bildirib:

“Rüfəti işdən çıxartdılar, ancaq onu cinayət məsuliyyətinə cəlb etmədilər. Rüfət yaxınlarını yanıma göndərirdi, pul təklif edirdi, xahiş edirdi ki, onun adını çəkməyim. Hətta məni bir neçə dəfə Xaçmaz Rayon Polis Şöbəsinə çağırıb orada da dilə tuturdular ki, Rüfətin adını çəkməyim, mənə bu işin içindən çıxmaqda kömək edəcəklər. Bunu məndən xahiş edən polis işçilərinin də adını istintaqda çəkmişəm, həmin işçilər də işdən çıxarılıb”.

O, mənə istifadə üçün tez-tez narkotik verirdi

Fədai Həsənov deyir, Rüfət Paşayevlə bir neçə il əvvəl tanış olub:

“Xaçmazda bir restoranda narkotikdən istifadə edəndə Rüfət məni tutmuşdu. Həmin vaxt o, Xaçmaz Rayon Polis Şöbəsində Narkotiklərlə Mübarizə Bölməsinin rəisi idi. Pul alıb məni buraxdı, sonra münasibətimiz yarandı, özü mənə istifadə üçün tez-tez narkotik verirdi. Soruşanda ki, bu narkotik sənə hardan, deyirdi, tədbirlərdən qalır mənə… Mənim iri meyvə bağım var, tez-tez ona şaftalı, gilas verirdim, o da deməsinə görə, nazirlikdəki tanışlarına göndərirdi”. 

Müstəntiq deyir, Rüfəti tutmağa gücüm çatmır

Fədai Həsənovun istədiyi Rüfət Paşayevin də məsuliyyətə cəlb olunmasıdır:

“Müstəntiq əvvəllər deyirdi ki, Rüfət də tutulacaq. Ancaq sonuncu danışığımızda dedi, gücüm çatmır, Rüfəti tuta bilmirəm. Halbuki, Biləsuvara Rüfətlə getdiyimi sübuta yetirən dəlillər var, ancaq yenə də onu məsuliyyətə cəlb etmirlər. Hətta Veysəl də ifadəsində hər şeyi olduğu kimi qeyd edib. Düzdür, əvvəllər Rüfət onu hədələyirdi deyə, o, ilkin ifadəsini düzgün verməmişdi, ancaq sübutlar, dəlillər ortaya qoyulandan sonra məcbur oldu ki, açıb hər şeyin düzünü desin istintaqa… Hətta ifadəsində göstərmişdi ki, Rüfət onu hədələdiyi üçün əvvəlki ifadələrini düz verməyib. Rüfət özü mənə də bir neçə dəfə bildirib ki, “hara yazsan da xeyri yoxdur, istintaqın “haqqı” çatıb, mənə heç nə edə bilməzlər”. Müstəntiq bildirdi ki, istintaq yekunlaşıb və səni məhkəməyə göndərməliyəm. Bunları sizə danışmaqda məqsədim odur ki, mən həbs olunsam, heç olmasa səsim nazirə, Baş prokurora çatsın, həqiqəti bilsinlər və məni cinayətə sürükləyib özü kənarda qalan Rüfət Paşayev də cinayət məsuliyyətinə cəlb olunsun”.

Meydan TV Rüfət Paşayevlə əlaqə saxlaya bilməyib. Fədai Həsənov müsahibəsindən sonra həbs edilib. Yaxınlarının verdiyi məlumata görə, oktyabrın 29-da Səbail Rayon Məhkəməsi onun barəsində 1 aylıq həbs qərarı çıxarıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev isə Meydan TV-yə deyib ki, Rüfət Paşayevin bu işlə əlaqəsi yoxdur:

“Fədai Həsənov həbs edilib. Fədai Həsənov istintaqa ziddiyyətli ifadələr verib, əvvəl deyib ki, narkotik vasitəni tanımadığı adamdan alıb, evində saxlayıb. Sonra başqa adamdan aldığını söyləyib. Yəni göstərdiyi adlar təsdiqini tapmır. Hazırda bu istiqamətdə istintaq hərəkətləri davam etdirilir. Nəzərə alın ki, onun evindən külli miqdarda narkotik vasitə tapılıb və özünü xilas etmək üçün müraciət etmədiyi yer qalmayıb. Rüfət Paşayev isə daxili işlər orqanlarından xidmətdə yol verdiyi nöqsanlara görə xaric olunub və onun bu işlə əlaqəsi yoxdur”.

Ana səhifəXəbərlər“Polisin verdiyi narkotikə görə məni tutdular, onu isə işdən çıxarmaqla kifayətləndilər”