16.28.
Psixoloq-psixoterapevt Nərgiz Hüseynova Meydan TV-yə açıqlamasında deyir ki, hüquq-mühafizə orqanı işçilərinə hər hansı cinayətkar dəstənin zərərsizləşdirilməsi ilə bağlı əməliyyatdan əvvəl və sonra mütləq psixoloji yardım göstərilməlidir.
Onun sözlərinə görə, əməliyyat zamanı polislərdə bir sıra psixoloji problem yarana bilər: “Eləcə də əməliyyatda həmkarının yaralanması və ya həlak olması onlara sonradan ciddi psixoloji problemlər yaradır. Ona görə də belə əməliyyatdan öncə və sonra bu tip yardımlar vacib sayılır. Polislərin işi stresslidir. Hər gün onlarla hadisə ilə qarşılaşırlar. Bu hadisələr, əlbəttə ki, insan beynində iz buraxır. Çox güclü bir stress yaşayan adam xeyli müddətdən sonra posttravmatik sindrom pozuntusundan əziyyət çəkə bilər. Bu, hazırda baş verən hansısa situasiyaya keçmişlə cavab verməkdir. Əgər həmin adam keçmişdə güclü stress yaşayıbsa, indi hər hansı bir xırda narahatlıq yaradan səs onda keçmişə dönüş yarada bilər. Psixologiyada buna “flashback” deyilir. Keçmişdə yaşadığın travmalı hadisəni təkrarlamağına səbəb ola bilər”.
Ekspert bildirir ki, Azərbaycanda psixoloji maarifləndirmə zəifdir: “Fərdin mənəvi-psixoloji sağlamlığı, onun sağlam psixoloji mühitindən başlayır. İnsanlar buna inamsız yanaşırlar. Psixoloqa, psixoterapevtə getməyin ayıb olduğunu düşünənlər də var. Unutmamalıyıq ki, hər şey bizim beynimizdən, psixikamızdan, yaşadığımız hiss və hadisələrdən başlayır. Çünki heç bir hadisə beynimizdən silinmir. Hər bir hadisə beyində müəyyən bir iz buraxır. Sonradan həmin hadisələr bizim davranışlarımıza, həyatımıza təsir edir. Hətta müxtəlif xəstəliklər də yaradır”.
***
İlhamiz Quliyev: “Azərbaycanda təəssüf ki, belə qayda yoxdur”
“Azərbaycanda polis əməkdaşlarının psixoloji vəziyyətinin qiymətləndirilməsi ilə bağlı hər hansı prosedur nəzərdə tutulmayıb”.
Vətəndaş Hüquqları İnstitutunun (VHİ) əməkdaşı İlhamiz Quliyev belə deyir.
O, Meydan TV-yə açıqlamasında sentyabrın 30-da Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı İsmayıl Məmmədovun xidmətdə olarkən həyat yoldaşı Xanım Məmmədovanın ailə münaqişəsi zəminində odlu silahdan atəş açaraq qətlə yetirməsini şərh edərkən söyləyib:
“Hüquq-mühafizə orqanları əməkdaşları fəaliyyətləri dövründə gündəlik ekstremal, stresli vəziyyətlərlə üzləşir. Belə hadisələrin təsirinə düşməmək üçün onların psixoloji diaqnostikası mütləqdir. Azərbaycanda təəssüf ki, belə qayda yoxdur. Amerika hüquq-mühafizə orqanında ayrıca psixoloq ştatı var. Polislər xüsusi əməliyyatlardan sonra psixoloqa yönləndirilir. Yaxud da polis əməkdaşının hərəkətlərində hüququpozma müşahidə olunarsa, dərhal psixoloq müayinəsinə yönləndirilir. Bu müddət ərzində lazım gələrsə əməkdaş işdən kənarlaşdırılır. Ümid edirəm ki, Azərbaycanda da gələcəkdə bununla bağlı hər hansısa tədbirlər görülər”.
İlhamiz Quliyev deyir ki, hüquq-mühafizə işçisi silahdan xüsusi hallarda, cinayətkarlıqla mübarizə, yaxud cinayətkarlığın qarşısının alınması ilə əlaqədar vəziyyət yarandıqda istifadə edə bilər:
“Polis Haqqında Qanunvericiliyin 17-ci maddəsinin 7-8-ci bəndlərinə əsasən, polis əməkdaşı fərdi mühafizə vasitələrindən istifadə edə bilər. Həmçinin qanunla müəyyənləşdirilmiş qaydada və hallarda fiziki qüvvə işlətmək, habelə, xüsusi vasitələr, odlu silah saxlamaq, gəzdirmək, onları tətbiq etmək səlahiyyəti var. Odlu silahdan istifadə isə Polis Haqqında Qanunvericiliyin 26-cı maddəsi ilə tənzimlənir. “Xidməti və mülki silah haqqında” Qanununun tələblərinə uyğun hər bir polis əməkdaşına xidməti silahdan istifadə etməklə bağlı şəhadətnamə verilir. Sənəddə polisə təhkim edilmiş silahın markası, kolibri, seriya nömrəsi qeyd olunur. Əməkdaş hər gün xidmətə başladıqda, tabe olduğu polis idarəsi, bölük və ya şöbənin nəzdində olan silah anbarına yaxınlaşaraq şəhadətnaməni təqdim edir. Anbar əməkdaşı tərəfindən təhkim olunmuş silah təhvil-təslim edildikdən sonra jurnalda bununla bağlı qeyd aparılır və hər iki tərəf imzalayır. Həmin gün xidmətin sonuna kimi polis əməkdaşı silahı öz üzərində daşıyır”.
Ekspert iki məqama diqqəti çəkir. Deyir ki, Post Patrul Xidmətinin əməkdaşları bir qayda olaraq onlara həvalə olunmuş ərazidə xidməti vəzifələrini yerinə yetirirlər. Bu da səyyar naryad hesab olunur. Post Patrul Xidmətinin əməkdaşının xidmət apardığı ərazini tərk etməsi halları qanunvericiliklə tənzimlənir:
“Qanuna əsasən, xidməti ərazi hər hansı səbəbdən tərk olunduğu halda, radiorabitə vasitəsilə rəhbərliyi məlumatlandırmalı və təsdiq cavabından sonra ərazi tərk etdilməlidir. Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı İsmayıl Məmmədovun 24-cü Polis Şöbəsin gəlməsi birmənalı olaraq öz postunu tərk etməsi kimi qiymətləndirilir. Sadəcə, mənə məlum deyil ki, İsmayıl Məmmədov 24-cü Polis Şöbəsinə təhqiqatçının çağırışı ilə gedib, yoxsa həyat yoldaşının orada olmasından necəsə xəbər tutub? Əgər necəsə xəbər tutubsa, xidməti marşrutu özbaşına tərk edib. Çünki yaxın qohumlarıyla əlaqədar təxirəsalınmaz hal baş verdiyi təqdirdə, rəhbərliyə məruzə etməli, təsdiq cavabı aldıqdan sonra silahını təhvil verməlidir. Yalnız bundan sonra istədiyi yerə gedə bilər. İsmayıl Məmmədov həyat yoldaşının bölmədə olduğundan xəbər tutandan sonra birbaşa polis bölməsinə gedibsə, qanunvericiliyin tələblərini pozub. Əgər onu təhqiqatçı çağırıbsa, bu halda da qanunvericiliyin pozulduğunu demək olar. Əgər hər hansısa polis əməkdaşının xidmətdə olub-olmamasından asılı olmayaraq izahatının alınması, yaxud dindirilməsi zərurəti yaranarsa, onun rəhbərliyinə raportla müraciət edilir. Əgər İsmayıl Məmmədovu təhqiqatçı özü dindirməyə çağırıbsa, xidməti vəzifəsini laqeyid yanaşıb, bu halda da Cinayət Prosessual Məcəllənin tələbləri pozulub”.
Sentyabrın 30-da Nizami Rayon Polis İdarəsinin önündə Post Patrul Xidmətinin əməkdaşı İsmayıl Məmmədov xidmətdə olarkən həyat yoldaşı Xanım Məmmədovanı odlu silahla qətlə yetirib.
DİN İsmayıl Məmmədovun saxlanıldığını
bildirib
.
Faktla əlaqədar rayon prokurorluğunda cinayət işi başlanılıb, istintaq aparılır.
Post Patrul Xidmətinin əməkdaşı İsmayıl Məmmədov nazir, general-polkovnik Vilayət Eyvazov əmri ilə daxili işlər orqanlarından xaric edilib.