Polisin güllələdiyi şəxslər: Yaralarımızı sıxıb işgəncə verirdilər

“Müstəntiq vəkilə gözümüzün qarşısında 50 manat verdi”

Foto: Meydan TV


“Müstəntiq vəkilə gözümüzün qarşısında 50 manat verdi”

Lənkəran Ağır Cinayətlər Məhkəməsində narkotik ittihamıyla həbsdə olan iki nəfərin – Rüfət Zaitov və İsmayıl İsmayılovun mühakiməsi gedir. Lakin onların hər ikisi təqsirsiz olduğunu, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşı tərəfindən güllələndiklərini, bu məsələnin ört-basdır edilməsi üçün barələrində saxta ittihamla cinayət işi hazırlandığını iddia edir: “Cəlilabad Rayon Polis Şöbəsi saxtakarlıq edir. Rayon prokurorluğu, məhkəmə, Cəlilabaddakı vəkil bürosu da qanunsuz hərəkətləri ilə onlara yardım edir. Müstəntiq bizə əvvəlcədən demişdi ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Cəlil Nəbiyevlə razılaşdırılıb, bu işə onlar baxacaq və sizə də ağır cəza veriləcək”.

İttihamada yazılıb ki, Cəlilabad rayonunun Qarazəncir kəndinə gedən yolun kənarında, lövhənin altına basdırılmış külli miqdarda narkotiki İsmayıl İsmayılov və Rüfət Zaitov götürərkən polis əməkdaşları onları yaxalayıb. Bu zaman onlar qaçmağa çalışarkən polis əməkdaşı İlkin Həsənov üstündəki odlu silahdan bir neçə dəfə atəş açıb. İsmayıl İsmayılov döş qəfəsindən, Rüfət Zaitov isə ayağından yaralanıb. Buna baxmayaraq, onlar maşına minib, Bakı istiqamətində hərəkət ediblər. Qaradağ rayonu ərazisində – Ələt postunda yenidən saxlanılıblar. Maşında axtarış zamanı 3 kiloqram 200 qramdan çox narkotik aşkarlanıb. Onlar Cəlilabadda əvvəl yaralandıqları yerə gətirilib, oradan yenə narkotik tapılıb.

Rüfət Zaitov isə bildirib ki, bütün bunlar yalandır. Cəlilabadda onlar saxlanılarkən narkotik olmayıb. Polis əməkdaşlarının onları şərləməyə çalışdıqlarını hiss ediblər və bu zaman aralarında mübahisə yaranıb. Həmin vaxt İlkin Həsənov “Makarov” tipli silahla onları atəşə tutub. Güllələrin üçü maşına dəyib. Biri ön şüşədən keçərək, İsmayıl İsmayılovu sinəsindən yaralayıb. Rüfət Zaitov isə maşına minəndə ayağından yaralanıb: “Görürdük ki, bizi şərləyirlər, nə olur olsun, canımızı qurtarmaq istəyirdik. Qan içində maşınla gəlirdik. Bunlar bizi izləyirdilər. Arxamızca bunlar gəlir, maşının ön şüşəsində güllə yeri, istər-istəməz diqqət çəkir. Bilirdik ki, bizi saxlayacaqlar. Nə qədər ağılsız olmalıyıq ki, yolboyu narkotiki özümüzlə gətirək, Ələt postunda saxlayaq, bunlar da tapsın. Elə bir şey olmayıb. Ələt postunda bizi saxlayandan sonra özümüzü xəstəxanaya apardılar, açarı da aldılar. Üç saata yaxın xəstəxanada tibbi yardım göstərəndən sonra geri qaytardılar. Biz hardan bilərdik ki, o üç saat ərzində maşına nəyi qoyub, nəyi götürüblər? Avtomobil tam onların nəzarətində olub. Sonra da işin məhkəmə baxışını da öz nəzarətlərində saxlamaq üçün daha bir ssenari qurdular ki, guya sonradan Cəlilabadda yenə narkotik tapılıb, gedib yerini göstərmişik. Çünki Ələt postunda tapılanda gərək işə də Bakıda baxılardı. Qaradağ rayonu Bakıya aiddir. Ona görə də axırıncı cinayət yeri kimi Cəlilabadı rəsmiləşdirdilər ki, özlərinin də dediyi kimi, bu işə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılsın”.

Rüfət Zaitovun sözlərinə görə, onlar ağır işgəncələrə məruz qalıblar. Həm Bakıdan Cəlilabada aparılarkən yolda, həm də Cəlilabad rayon Polis Şöbəsində bədənlərində olan güllə yaralarını sıxmaqla, onlara işgəncə veriblər. Bu işgəncələr vasitəsilə onları yalan ifadələrə imza atmağa məcbur ediblər: “Bizim başımıza gətirilənlərlə əlaqədar valideyinlərimiz müxtəlif orqanlara şikayət edib. Hər yerdə deyirlər ki, “uşaqlarınızı buraxsaq, onda gərək polisləri həbs edək, bu da mümkün deyil”. İş saxta olsa da polisin mənafeyinə görə çalışacaqlar ki, bizə ittiham hökmü çıxarılsın. Bütün bu oyular Cəlilabad Rayon Polis Şöbəsinin rəis müavini Rövşən Quliyevn təşkilatçılığı ilə baş verib. Hazırda da onun bu əməllərinin üstünün açılmamasına görə o, ciddi şəkildə çalışır. Hətta bizi güllələyən polis əməkdaşı İlkin Həsənov da Rövşən Quliyevin sürücüsüdür, heç əməliyyat müvəkkili deyil. Cəlilabad rayon Məhkəməsində həbs qətimkan tədbiri seçiləndə bizə işgəncə verildiyini dedik. Lakin əhəmiyyət verən olmadı”.

Rüfət Zaitovun sözlərinə görə, onların barəsində ilkin istintaq dövrü üçün seçilmiş 4 aylıq həbs-qətimkan tədbirinin müddəti başa çatandan sonra Cəlilabad Rayon Məhkəməsi müddəti uzadanda çoxsaylı pozuntulara yol verilib.

Təqsirləndirilən şəxslər Cəlilabad rayon vəkil bürosunun müdiri Ədalət Şükürovdan da narazılıq edib. Onun faktiki hüquq müdafiəsilə məşğul olmadığını, müstəntiqin istədiyi kimi davrandığını və tələb etdiyi sənədləri imzaladığını bildirir.

“Bizim haqqımızda həbs qərarı veriləndən sonra məhkəmədən çıxanda vəkilə müstəntiq gözümüzün qarşısında 50 manat verdi”, – deyə Rüfət Zaitov bildirib.

Bu iş üzrə məhkəmə prosesi davam edir.

Ana səhifəXəbərlərPolisin güllələdiyi şəxslər: Yaralarımızı sıxıb işgəncə verirdilər