”Oazis” restoranında dava salan şəxslər barəsində cinayət işi başlanıb
Binəqədi rayonunda yerləşən “Oazis” restoranında dava salan şəxslər barəsində cinayət işi başlanıb.
Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polkovnik Ehsan Zahidov məlumat verib.
E.Zahidov qeyd edib ki, hadisə martın 5-də saat 23:00 radələrində “Oazis” restoranında qeydə alınıb: “Restoranın iki müştərisi – 1986-cı il təvəllüdlü, Ağdam rayon sakini və əvəllər məhkum olmuş Mehdiyev Elçin Vahid oğlu və 1986-cı il təvəllüdlü, Yevlax rayon sakini Məmmədov Elçin Əli oğlu ictimai asayişi pozublar. Ərazidə xidmət aparan polis əməkdaşları həmin əraziyə gəliblər. Polislər həmin şəxsləri sakitləşdirməyə çalışıblar və öz əməllərini dayandırmağa tələb ediblər. Elçin Mehdiyev və Elçin Məmmədov polisə qarşı müqavimət göstəriblər. Buna baxmayaraq, hər iki şəxs polis əməkdaşları tərəfindən zərərsizləşdirilib və onlar Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə gətirilib. Daha sonra onların dostları – Bakı şəhər sakini Nicat Məmmədov şöbəyə gəlib. Həmin şəxs də polisə müqavimət göstərərkən saxlanılıb. Hər üç şəxs sərxoş vəziyyətdə olublar. Onların narkotik istifadəçiləri olduğu da aşkarlanıb. Belə ki, həmin şəxslərin üzərində baxış aparılarkən tiryək və heroin aşkar edilərək götürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) və 234-cü (narkotik) maddələriylə cinayət işi başlanıb, araşdırılma aparılır”.